Məhkəmə qərarları › İş №2(103)-9170/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9170/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9170/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-2398/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının qardaşıdır. 1990-cı ildə cəmi 7 nəfərdən ibarət olan ailəsi Naxçıvan MR-nın Culfa rayonundan Bakı şəhərinə köçmüş və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 15-də məskunlaşmışdır. İddiaçı xx.xx.1973-cü il təvəllüdlü olmaqla ailəsinin ən kiçik üzvüdür və ailəsi Bakıya köçərkən yetkinlik yaşına çatmamışdır. Bir müddət ailə üzvləri ilə birlikdə bu ünvanda yaşadıqdan və 18 yaşı tamam olandan sonra, 15.06.1991-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 30.07.1996-cı ildə hərbi xidmətini başa vurub ordudan təxris olunmuşdur. Hərbi xidmətdən sonra daimi yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 15-ə qayıtmış və hal-hazıradək 30 ildən çoxdur ki, bu mənzildə yaşayır. İddiaçı ailəlidir, himayəsində 3 uşağı vardır. Bu ünvanda yaşadığı müddətdə heç kimin yaşayış sahəsi ilə əlaqədar iddiaçıya qarşı narazılığını və etirazı olmamışdır. Bu evdən başqa yaşayış yeri yoxdur. Mübahisəli mənzil cavabdehin adında olsa da, sonuncu heç vaxt bu mənzildə yaşamamışdır. Evin sənədləri olmadığına görə yaşayış sahəsinə qeydiyyata düşə bilməmişdir və məcbur qalıb digər qardaşının mənzilinə – Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 24, mənzil 14-ə qeydiyyata düşmüşdür. Sonradan iddiaçı bilmişdir ki, yaşadığı mənzilin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 296/97 saylı 02.04.1992-ci il tarixli sərəncamı əsasında 02.03.1999-cu il tarixdə qardaşı Cavabdeh adına özəlləşdirilmişdir. Bundan narazı qalıb qardaşı cavabdehə etiraz etmiş və mənzilin müəyyən hissəsinə qanunla iddiaçının da payının olmasını bildirib bir hissəsinin iddiaçının adına keçirilməsini ondan xahiş etmişdir. Lakin, cavabdeh etiraz etmişdir. 1990-cı ildən iddiaçı ailə üzvləri ilə birlikdə bu mənzildə yaşasa da, Nəsimi rayon icra hakimiyyəti tərəfindən ailəsinin məskunlaşmasına dair qərar qəbul edilərkən yaşayış sahəsinin istifadə hüquqları nəzərə alınmamış və iddiaçı mənzilə ehtiyacı olan ailə üzvü kimi qeydiyyata götürülməmişdir. Ailəsi ilə bu ünvana köçərkən yetkinlik yaşına çatmadığına görə sənədlərdə adını yazılmamışdır. Lakin, buna baxmayaraq, valideynləri ilə və digər ailə üzvləri ilə birlikdə yaşadığına görə onlarla birlikdə həmin mənzildən onun da istifadə hüququ olmuşdur. 02.04.1992-ci ildə icra hakimiyyəti tərəfindən qərar qəbul edilərkən iddiaçı hərbi xidmətdə olmuşdur. Həmin vaxt hərbi qulluqçu olmasına baxmayaraq icra hakimiyyəti, cavabdeh və ailə üzvləri onun hüquqlarını nəzərə almadan adını yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi sərəncama daxil etməmişlər. Halbuki, müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq yaşayış sahəsindən istifadə hüququ mütləq nəzərə alınmalı idi. Döyüş bölgəsində hərbi xidmət zamanı ağır xəstələnmiş və 1996-cı ildə hərbi xidmətdən təxris olunduqdan sonra uzun müddət müalicə almışdır. Səhhətində yaranmış ağır problemlər səbəbindən 2-ci qrup hərbi xidmət əlili hesab edilmişdir. Hazırda hərbi həkim komissiyasında barəsində əlavə araşdırma aparılır və iddiaçıya müharibə əlili statusunun verilməsi nəzərdə tutulmuşdur. Hərbi xidmətdən sonra daimi müayinə və müalicələrdə olduğuna görə evin sənədləri və ya evin özəlləşib-özəlləşməməsi ilə ciddi məşğul ola bilməmişdir. MİS-dən iddiaçıya bildirmişlər ki, ev özbaşına tikilidir və daxili sənədləşmə kitablarında evin sahibi kimi cavabdeh qeyd olunmuşdur. Lakin, sonradan evin qardaşının adına olduğunu bilib DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə 23.04.2018-ci il tarixli məktubla cavab verən reyestr xidməti mənzilin Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli 296/97 saylı sərəncamı və evdə qeydiyyatda olan şəxslərin razılığı ilə cavabdehin adına qeydiyyatdan keçdiyini bildirmişdir. Mübahisəli sərəncamla mənzildən istifadə hüquqları və özəlləşdirmə zamanı mənzildən pay hüququ olan şəxs kimi maraqları nəzərə alınmayaraq icazəsi olmadan mənzil cavabdehin adına özəlləşdirilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-2398/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət vermək üçün 01.10.2009-cu il tarixədək qüvvədə olmuş hüquq normalarım tətbiq etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçının cavabdehlə birgə təsərrüfat aparmadığını əsas gətirmiş və iddianı rədd etmişdir. Amma məhkəmə nəzərə almamışdır ki, mənzil cavabdehin adına rəsmiləşdirilməzdən əvvəl iddiaçı digər ailə üzləri ilə birlikdə bu evdə yaşamış, ailə üzvləri ilə birgə təsərrüfat idarə etmiş və ailənin bir üzvü olmuşdur. Cavabdeh isə, özüdə göstərdiyi kimi 1989- 1996-cı illərdə Rusiyada «Volqa» kooperativində işləmişdir. O. göstərilən illərdə iddiaçı ilə birlikdə yaşamasa da, ailə üzvləri evin onun adına özəlləşdirilməsinə razılışmışlar. Mübahisəyə hüquqi qiymət verən birinci instansiya məhkəməsi nədənsə iddiaçının hərbi xidmət dövrünün nəzərə almamış və hərbi xidmətdə olsa da ev üzərində istifadə hüququnun saxlanmasına dair hüquq normalarına əhəmiyyət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin 1992-ci ildə yarandığını nəzərə alaraq hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan maddi hüquq normaları, daha dəqiq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarla birlikdə yaşayan ailə üzvləri onunla barabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci bəndinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular müddətli həqiqi hərbi xidmət qurtarana qədər onların yaşayış sahəsi saxlanılır. Məhkəməyə təqdim etdiyi sübut - Bakı 17 saylı MİS-nin 04.02.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 1996-cı ildən mənzildə qeydiyyatsız yaşayır 1996-cı ilə qədər olan dövr isə valideyinləri ilə birlikdə bu mənzildə yaşadığı və hərbi xidmət olduğu dövrdür. Yəni, o, 1989-cu ildən mübahisəli evdə faktiki olaraq yaşayır, yaşayış sahəsindən istifadə edir və ev həmişə daimi yaşayış yeri olmuşdur. Bu iş materialları ilə tam sübut olunur. Birinci instansiya məhkəməsi isə bunu görməmiş və ya bilərəkdən görmək istəməmiş, buna hüquqi qiymət verməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iddia tələbim tam təmin edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil cavabdehin adına Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli, 296/92 saylı sərəncamına, 17 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 23.01.1999-cu il tarixli forma 2 arayışına, X7, Fərzani Allahyar oğlunun, X4, X1, X3, X2 razılıq ərizələrinə əsasən 02.03.1999-cu il tarixdə qeydiyyata alınmış və həmin mənzil hazırda Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 162224 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-1401/2019 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Cavabdeh) “sərəncamda dəyişiklik edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması” tələblərinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 oktyabr tarixli 2-1(81)- 3240/2018 nömrəli qərarı ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-181/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-181/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edildiyi 1992-ci ilədək və bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 №-li evin 15-ci mənzilinə münasibətdə hər hansı subyektiv hüquqa malik olduğunu təsdiq edən sübut işdə yoxdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli, 296/92 saylı sərəncamı qəbul edilərkən iddiaçı Naxçıvan Muxtar Respublikasının Culfa rayon Hərbi Komissarlığında 15.06.1991-ci il tarixdə hərbi qeydiyyata götürülərək hərbi hissəyə göndərilmiş və 30.07.1996-cı ildə ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının mübahisəli mənzilə hər hansı istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə irəli sürülmüş tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyd olunan hüquq münasibəti iddiaçının özünüdə qeyd etdiyi kimi 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmışdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar qanunvericilikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə məhkəmə kollegiyası iddiaçının cavabdehin ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-2398/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar