Məhkəmə qərarları › İş №2(103)-918/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-918/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-918/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Osman oğlunun, onun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Osman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə dəymiş ziyan (bütün mal material, görüləcək işlər, ortaya çıxacaq əlavə xərclər üçün) 7000 manat, ərizənin verilməsi üçün ödənilmiş 30 manat rüsum, mənəvi ziyan üçün nəzərdə tutulmuş məbləğin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 47 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manat məbləğində olan hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, ekspertiza tədqiqatının dəyərinin təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı və Cavabdeh müştərək qaydada (bərabər əsaslarla) tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı Osman oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ildən etibarən cavabdehin yaşadığı 38-ci mənzildən iddiaçının yaşadığı 36-cı mənzilə kanalizasiyanın çirkab sularının sistematik olaraq axıdılması nəticəsində: mənzilin mətbəxinin tavanına, işıqlandırma sisteminə, döşəməsinə; hamamın asma tavanına, işıqlandırma sisteminə beton örtüklərin aralarının suvaqlarına, divar kafelinin arxasına, onun divardan aralanmasına və zibillənməsinə; tualetdə asma tavana, işıqlandırma sisteminə, beton örtüklərin aralarının suvaqlarına, divar kafelinin arxasına keçərək yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Mətbəxin tavanında və işıqlandırma sistemində iddiaçı tərəfindən qismən təmir işləri aparılmışdır. Mənzilindən çirkab suyunun axıdılmasının qarşısının alınması, onun su və kanalizasiya sisteminin təmir olunmasının təmin edilməsi və belə hallara son qoyulması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə müntəzəm olaraq iradlar bildirilməsinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. Yaranmış vəziyyətin qarşısının alınması məqsədi ilə iddiaçı tərəfindən polis orqanlarına, su və kanalizasiya təsərrüfatı idarələrinə, Mənzil İstismar İdarəsinə müraciətlər olunsa da bunların heç bir nəticəsi olmamış və cavabdeh onun mənzilinə su axıtmasını davam etdirmişdir. Hətta iddiaçı tərəfindən 2015-ci il tarixdə cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh hərəkətlərinə son qoyacağına və vurmuş olduğu ziyanı ödəyəcəyinə söz verdiyinə görə iddiaçı məhkəmə iclasına getməmiş iddia ərizəsi baxılmadan saxlanılmışdır. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və eyni hərəkətləri davam etdirmişdir. Hətta iddiaçının şikayəti əsasında 152 saylı MKİS mütəxəssisləri tərəfindən onun mənzilinə baxış keçirilmiş və mənzilin hamamının, mətbəxinin, tualetinin tam yararsız hala düşdüyü aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin aktın surəti məhkəməyə təqdim edilmişdir. İşə baxan məhkəmə iş üzrə heç bir araşdırma aparmamış işə birtərəfli qaydada yanaşaraq iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ancaq cavabdeh tərəfindən məhkəməyə göndərilmiş uydurma izahat və müvafiq qaydada keçirilməmiş, ehtimala əsaslanan mühəndis-texniki ekspertizasının rəyini əsas götürərək qərar qəbul etmişdir. Zərər çəkdiyi halda nəticədə borclu çıxarılmışdır. Mühəndis-texniki ekspertizasının keçirilməsi haqqında məhkəmənin qərardadında ekspert qarşısında qoyulmuş suallardan bəllidir ki, məhkəmə tərəfindən işə biganə yanaşma olmuşdur. Ekspert qarşısında iddiaçıya məxsus mənzilin çirkab suyu axıdılması ilə bağlı ziyan dəymiş sahələrə baxış keçirilməsi, su axıdılandan sonra mənzilin vəziyyəti, axıdılan suyun hansı nəticələrə səbəb olması, həmçinin cavabdehin mənzilinə baxış keçirilməsi, suyun axıdılmasının səbəbi, həmin mənzildə aparılan rekonstruksiya işlərinin suyun axmasına təsirinin olub-olmaması və ümumilikdə dəymiş ziyanın tam məbləğinin müəyyən olunması və s. barədə suallar qoyulmamışdır. Həmçinin ekspert də mənzilə tam baxış keçirmədən rəy vermişdir. Hətta ekspert tavanın asma olmasına baxmayaraq onun təmiri üçün şpaklyofka vurulması lazım olduğunu göstərmişdir. Məhkəmə tərəfindən də buna diqqət yetirilməmişdir. Ekspert tərəfindən həmçinin cavabdehin mənzilinə baxış keçirilməmişdir. Çirkab suyunun hansı səbəbdən axıdılması müəyyən edilməmişdir. Çirkab suyunun axıdılması nəticəsində döşəmə də yarasız hala düşmüşdür. Ekspert isə buna heç bir nəzər də yetirməmişdir. Cavabdeh mənzildə rekonstruksiya işləri aparmış, 4-cü mərtəbəyə su vuran nasos quraşdırmışdır ki, həmin nasosun vurduğu suyu mənzilə quraşdırılmış borular ötürmək qabiliyyətinə malik deyildir. Həmçinin quraşdırılmış trap da nasaz vəziyyətdədir. Bütün bunlar çirkab suyun iddiaçının mənzilinə axıdılması üçün şərtdir. Məhkəmə bu halları araşdırmamışdır. Cavabdeh gecə saatlarında sakinlər yatıb istirahət etdiyi vaxt həmin nasosu işə salaraq sudan istifadə edir və nasosun motorunun səsindən mənzildə dayanmaq mümkün olmur, nəinki yatıb istirahət etmək. Hələ 152 saylı MKİS-in əməkdaşlarının iştirakı ilə 21.10.2019-cu il tarixdə iddiaçının mənzilinə keçirilən baxış zamanı mənzilin hamamının, tualetinin, mətbəxinin çirkab suyu axıdılması nəticəsində tam yararsız vəziyyətə düşdüyü qeyd edilmişdir. Məhkəməyə də iddia ərizəsi ilə həmin vaxt, yəni 24.10.2019-cu il tarixdə müraciət olunmuşdur. Hesab edir ki, iş yenidən hərtərəfli araşdırılmalı, əlavə mühəndistexniki ekspertizası keçirilməli və ekspert yuxarıda göstərilən bütün halları araşdıraraq dəymiş ziyan tam müəyyən edilməli və buna uyğun rəy verməlidir. 2014-cü ildən bəri cavabdehin qanunsuz hərəkətləri barədə dəfələrlə polis orqanlarına, su və kanalizasiya idarələrinə, MKİS-ə iddiaçı tərəfindən müraciətlərin edilməsinə məhkəmə tərəfindən qiymət veriİməmişdir. İddiaçı tərəfindən edilən bu müraciətlər onun mənəvi əzab və istirabların çəkdiyinə birbaşa sübutdur. Məhkəmə iclasında iddiaçının vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, sonuncu rəylə tanış oldular. Müəyyən edilən məbləğlə təmir işləri heç olmasa görülə bilər. Amma işə görə təmsil etdiyi şəxs mənəvi zərərə də məruz qalıb. Məhkəmə iclasında İddiaçı Osman oğlu da şikayətini müdafiə etdi və vəkilinin dediklərinə əlavənin olmadığını bildirdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilində, cavabdeh isə eyni ünvanda 38 saylı mənzildə yaşamaqla, iddiaçının üst qonşusudur. İddiaçı onun üst qonşusu olan cavabdehin yaşadığı mənzildən su axıdılması nəticəsində onun mənzilinə maddi ziyan vurulduğunu əsas gətirərək, məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddia tələbinə etiraz edərək, onun mənzilindən iddiaçıya məxsus mənzilə heç bir su axıdılmadığını, bununla bağlı onun tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmadığını bildirmişdir. Məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 38 saylı mənzildən sızması suyun sızmasının isə 38 saylı mənzilin kanalizasiya (çirkab) borusunun nasazlığı səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 47,0 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulduğu məhkəmədə tədqiqi olunmuş sübutlar, iddiaçının izahatı, ekspert rəyi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, iddiaçıya məxsus mənzilə vurulmuş maddi ziyanın məbləği 27 aprel 2020-ci il tarixli, 29994 saylı ekspertiza rəyi əsas götürülməklə müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehin hərkətləri nəticəsində ona 7000 manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, həmin məbləğdə maddi ziyanın vurulmasına dair hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş 27 aprel 2020-ci il tarixli, 29994 saylı ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissədə 47 manat hissədə təmin olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, bu issədə də iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Mülki Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 52 saylı MKİS tərəfindən tərtib edilmiş 21.10.2019-cu il tarixli aktın məzmunundan aydın olur ki, 152 saylı MKİS-in mühəndisi, santexnik çilingər İ.Nəbiyev küç ev 45 mənzil 36-da yaşayan İddiaçı şikayəti əsasında onun mənzilinə baxış keçirilmiş, baxış zamanı 38 saylı Cavabdeh mənzilindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, 36-cı mənzilə mütəmadi çirkli su axıdılır. Mənzilin hamamı, ayaq yolu, mətbəxi tam yarasız vəziyyətə salınmışdır. Məhkəmə mühəndis texniki ekspertizasının 27 aprel 2020-cu il tarixli 29994 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiq nəticəsi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 38 saylı mənzildən sızması, suyun sızmasının isə 38 saylı mənzilin kanalizasiya (çirkab) borusunun nasazlığı səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 47,0 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 09 iyul 2021-ci il tarixli 1303 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 152 saylı MKlS-in əməkdaşları tərəfindən tərtib edilmiş 12.02.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinə yuxarı mərtəbədəki 38 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 36 saylı mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 36 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində yerləşən 45 saylı evin 36 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 830,0 manat məbləğində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək maddi zərərin məbləği hissəsində dəyişdirilərək artırılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır, mübahisələndirilməyən hissədə isə yoxlanılmır. Hazırki iş üzrə, iddia tələbinin maddi zərərlə bağlı təmin edilməyən hissəsinin faktiki əsası (faktiki hallar), o hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, zərərin miqdarı hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə mühəndistexniki ekspertizasının rəyi ilə də cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun sızması müəyyən olunmuşdur. Demək hər iki rəylə cavabdeh tərəfindən su sızma nəticəsində iddiaçıya maddi zərər vurulması öz təsdiqini tapmışdır. Birinci rəydə zərərin məbləği 47 manat, sonuncu rəydə isə 830 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilkin məhkəmə ekspertizasını rəyini mötəbər hesab edərək həmin rəydəki məlumatları və məbləği əsas götürüb iddianı qismən təmin etmişdir. Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş həm ilk, həm də əlavə məhkəmə mühəndis texniki ekspertizasının rəyləri ilə zərərin vurulması hissəsində məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Ancaq maddi zərərin məbləği hissəsində sonuncu rəydə göstərilənlər mötəbər hesab edilməlidir. Çünki, zərərin miqdarı ilə bağlı hallar ekspert tərəfindən yenidən yoxlanılmış və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin dəyəri 830 manat müəyyən edilmişdir. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəymiş maddi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh İddiaçı Osman oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilsin və həmin məbləğ artırılaraq 830 (səkkiz yüz otuz) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri, cəmi 200(iki yüz) manatın 100(yüz) manatı Cavabdeh, 100(yüz) manatı isə İddiaçı Osman oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar