Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-918/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4449/2022 saylı 18 oktyabr 2022ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materilları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 mart 2019-cu il tarixli, 00572511 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 504 manat olan Xiaomi Mi A2 Lite markalı telefon sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 20 mart 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00572511 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 13 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 07 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 mart 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 112 manat, cərimə 11 manat olmaqla, cəmi 123 manat məbləğində borc hesablanmışdır. “Servis Link-5” tərəfindən tərtib edilmiş texniki vəziyyət barədə 19 may 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh 20 mart 2019-cu il tarixdə satılmış Xiaomi Mi A2 Lite markalı telefon 28 oktyabr 2019-cu il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihaza virus düşdüyü, mi saata qoşulanda heç bir funksiya göstərilmədiyi bildirilmiş, cihaz servis mərkəzi tərəfindən “upgrade” olunmuşdur. Həminelefon 29 aprel 2020-ci il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihazdan istifadə zamanı ekranın öz-özünə qaraldığı bildirilmiş, servis mərkəzi tərəfindən ekran konnektoru bərpa olunmuş, cihaz format olunmuşdur. Həmin telefon 08 iyun 2020-ci il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihazdan istifadə zamanı ekranın özözünə qaraldığı bildirilmiş, cihaz servis mərkəzi tərəfindən 2 gün test olunmuş, qüsurun olmadığı müəyyən edilmişdir. Həmin telefon yenidən 19 iyun 2020-ci il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihazdan istifadə zamanı ekranın öz-özünə qaraldığı bildirilmiş, servis mərkəzi tərəfindən cihazda mexaniki təsirin olduğu, platanın 280 manat olduğu müştəriyə bildirilmiş, müştəri ödənişli xidmətdən imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58352 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 112 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 123 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 20 mart 2019- cu il müqaviləyə əsasən İMEİ Kodu **********58352 olan Xiaomi Mi A2 Lite telefon almış və nəticədə 123 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********58352 olan Xiaomi Mi A2 Lite telefon üçün ümumilikdə 123 manat olmaqla ondan, 112 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə hesablanmışdır. Cavabdehin 20 mart 2019-cu il tarixli müqaviləyə əsasən sonuncu ödəniş tarixi 18 sentyabr 2020-ci olmaqla, cəmi ödədiyi məbləğ 392 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 20 mart 2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlər aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 13 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4449/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 5.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.52, 5.57 və 5.58-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və Cavabdeh 112 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 123 manat və 30 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. Maddə 562.1 əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
12. Maddə 3 Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdirlər.
13. Maddə 5.3 satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın
14. Maddə 5.52 istehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər: 5.52.1. keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini; 5.52.2. satış qiymətinin uyğun məbləğdə azaldılmasını; 5.52.3. malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 5.52.4. malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) malla, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini; 5.52.5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
15. Maddə 5.57 satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır.
16. Maddə 5.58 malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4449/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, tərəflər arasında 20 mart 2019-cu il tarixli, 00572511 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən qiyməti 504 manat olan Xiaomi Mi A2 Lite markalı telefon bir illik qarantiya ilə cavabdehin istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandığı təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Həmçinin, o da müəyyən edilmişdir ki, cavabdeh bir dəfə qarantiya müddəti ərzində, üç dəfə isə qarantiya müddəti bitdikdən sonra telefonda olan qüsurla (ekranın öz-özünə qaralması) bağlı iddiaçının əməkdaşlıq etdiyi servis mərkəzinə bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə cavabdehə servis mərkəzi tərəfindən plataya görə 280 manat məbləğində ödəniş ediləcəyi barədə məlumat verilmiş, cavabdeh bundan imtina etmişdir.
27. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlillərini əsasız hesab edərək qeyd edir ki, cavabdeh aldığı telefonun eyni qüsuru (ekranın öz-özünə qaralması) ilə bağlı iddiaçının əməkdaşlıq etdiyi servis mərkəzinə bir neçə dəfə müraciət etsə də, iddiaçı tərəfindən cavabdehə satılmış həmin telefonun lazımi keyfiyyətdə olubolmaması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəə ekspertiza keçirilməmiş, telefonda olan qüsurun istehsal və ya isteklak nəticəsində yaranmış olduğunu müəyyən etməmiş, birinci dəfə telefonu format etmiş, ikinci dəfə hər hansı qüsurun olmadığını, üçüncü dəfə isə plataya görə ödəniş edilməli olduğunu bildirmişdir.
28. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra olunmaması da müəyyən edilmir, belə ki, cavabdeh tərəfindən malın dəyərinin böyük hissəsi iddiaçıya ödənilmiş, yalnız telefonda olan qüsur aradan qaldırılmadığına görə ödəniş etməkdən imtina etmişdir. Qanunvericiliyin tələblərinə əsasən malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını tələb etmək istehlakçının hüququdur. Yəni, cavabdeh Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etmişdir.
29. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
31. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4449/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.