Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9186/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilə vurduğu maddi ziyana görə 10.003 manatın, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini aparan şəxsə ödənilmiş 150 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 10.083 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh onun mülkiyyətində olan ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilə vurduğu maddi ziyana görə 10.003 manatın, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 150 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 10.183 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh onun mülkiyyətində olan ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilə vurduğu maddi ziyana görə 7.775 manatın, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 150 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, həmin avtomobilin DİN BDYPİ “Siqnal” İLİİ-nin dayanacağında saxlanmasına görə ödənilmiş 234 manatın və hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manatın, cəmi 8.289 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ** OZ *** qeydiyyat nişanlı “Nissan XTrail” markalı, 2013-cü il buraxılış ili olan avtomobil onun mülkiyyətindədir və həmin avtomobili idarə etmək üçün oğlu, X3 22.09.2015-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. 14.10.2020-ci il tarixdə Elvin həmin avtomobili idarə edərkən, Bakı şəhəri, Xətai rayonu, Zığ dairəsindən Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olarkən işıqforda qırmızı işıq olduğundan dayanıb, işıqforun yaşıl işığının yanmasını gözləyərkən, arxadan gələn “Ford Fusion” markalı, ** ZG *** qeydiyyatlı minik avtomobil onun avtomobilinə çırpılmış, nəticədə Elvinin idarə etdiyi avtomobil qarşısında dayanan “Mercedes 190” markalı, ** TR *** dövlət qeydiyyatlı nişanlı avtomobilə, həmin avtomobil də qarşısında dayanmış ** RU *** dövlət qeydiyyatlı nişanlı “Renault Megane” markalı avtomobilə, həmin avtomobil də qarşısında dayanmış ** VP *** dövlət qeydiyyatlı nişanlı “Wolsvagen Passat” markalı avtomobilə dəymiş və baş vermiş hadisədən bir müddət sonra DYP əməkdaşları hadisə yerinə gəlmiş və bəlli olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə “Ford Fusion” markalı ** ZG *** qeydiyyatlı minik avtomobili idarə edən Cavabdeh təqsirlidir. Qəza baş verən zaman cavabdehin idarə etdiyi avtomobildə olan qızı, X2 xəsarət almışdır, lakin onun aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül yaralanmaya səbəb olduğundan, yol nəqliyyat hadisəsinin törətmiş Cavabdeh barəsində toplanmış HK-1/573 saylı material üzrə Xətai RPİ-nin TŞ-si tərəfindən “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində mülkiyyətində olan ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı, 2013-cü il buraxılış ili avtomobilin bərpasına cəmi 13.720 manat zərər dəymişdir. Avtomaşının "xxxx" DSKŞ-də icbari sığortası olduğundan, baş vermiş hadisəyə görə, sığortaçı tərəfindən 3.717 manat sığorta haqqı ödənilmişdir, yəni avtomobilə dəymiş 13.720 manat zərərdən, 3.717 manat sığorta haqqı ödənilmiş, yerdə qalan 10.003 manat zərəri cavabdeh tam həcmdə ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7.775 (yeddi min yeddi yüz yetmiş beş) manat, müstəqil ekspertə ödənilmiş 150 (yüz əlli) manat, avtomobilin dayanacaqda saxlanmasına görə ödənilmiş 234 (iki yüz otuz dörd) manat, hüquqi yardımdan istifadə edilməsinə görə ödənilmiş 100 (bir yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8.289 (səkkiz min iki yüz səksən doqquz) manat tutularaq, İddiaçı ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət vermədən və iddiaçı tərəfin mənafeyini üstün tutaraq qanunsuz məhkəmə aktı qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə avtomobilin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi təqdim olunmuşdur. X1 prosesə cəlb olunaraq dindirilməsilə bağlı vəsatətlə müraciət etsələr də, vəsatət təmin edilməmişdir. Belə ki, həmin ekspertin avtomobilə dəyən ziyanla bağlı rəy vermək səlahiyyətinin olub-olmaması mübahisəlidir. Buna görə də hesab edirlər ki, həmin qüsur aktına əsasən ekspert rəy verə bilməzdi. Çünki ilk növbədə həmin qüsur aktını tərtib edən mütəxssisin fəaliyyət sahəsi müəyyən olunmalı idi. Digər tərəfdən, qüsur aktında baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobilə arxa tərəfdən vurulan zərbə nəticəsində avtomobilin təhlükəsizlik kəmərinin qırılması və.s bu kimi hallar qeyd olunur. Hesab edir ki, həmin təhlükəsizlik kəmərinin qırılması yol nəqliyyat hadisəsi zamanı baş verə bilməzdi. Bundan əlavə, növbəti dəfə avtomobilə baxış keçirilməklə qərardad çıxarılması ilə bağlı vəsatət verilsə də, məhkəmə tərəfindən bu vəsatətləridə təmin edilməmişdir. Məhkəmə tərəfindən avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirməyə ehtiyac olması barəsində sual qoyulduğu üçün ekspert tərəfindən avtomobilə baxış keçirməklə rəy tərtib olunmalı olduğu halda edilməmişdir. Faktiki olaraq yalnız mütəxəssis rəyinə əsaslanılmışdır. Halbuki iddianı qəbul etməməyinin əsası o idi ki, avtomobilin ön tərəfində yerləşən bəzi hissələr ümumiyyətlə zədələnməmiş, bəzi hissələr isə təmir olunmaqla aradan qaldırıla bilən qüsur olduğu üçün yenisi ilə əvəz olunması zərurəti yoxdur. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi Nümayəndə, həmçinin nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin HK-1/598 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, YNH-ni törətmiş “Ford Fusion” markalı, ** ZC *** d.q.n avtomaşının sürücüsü vətəndaş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın sürəti Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.(İ.vər. 10 - 11) İş materiallarında olan, İXP ******* nömrəli 14.11.2020-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, 14.10.2020-ci il tarixdə “Ford Fusion”markalı ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi edərək “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir.(İ.vər. 13) İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş 13.11.2020-ci il tarixli, AKT- 6192 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, 14.10.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxsə 3.717 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 16) İş materiallarında olan, ƏN-İV № 579356 nömrəli etibarnamənin surətindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı tərəfindən idarə etmək üçün X3 etibarnamə verilmişdir.(İ.vər. 17) İş materiallarında olan, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 62/2 saylı, 25.12.2020-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləsindən görünür ki, İddiaçı vurulmuş maddi ziyan tələbi ilə bağlı ərizəyə görə 100 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür.(İ.vər. 104 - 105) İş materiallarında olan, 850698 saylı, 18 noyabr 2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə görə 150 manat X5 ödənilmişdir.(İ.vər. 4) İş materiallarında olan, 18.11.2020-ci il tarixli müstəqil X1 “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiymətləndirilməsi barədə rəyindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 13.720 manat təşkil edir.(İ.vər. 14 - 15) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzsinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1881 saylı, 29.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə müstəqil X1 18.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.492 manat müəyyən edilir.(İ.vər. 84 - 85) İş materiallarında olan, 928640 saylı, 05.06.2021-ci il tarixli DİN BDYPİ “Siqnal” İLİİnin birdəfəlik dayanacaq haqqı qəbzindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanacaqda saxlanma xərci 234 manatdır.(İ.vər. 103) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində iddiaçının avtomobilinə birbaşa ziyan vurulması iş materialları ilə təsdiq olunduğundan, iddiaçı avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyanla bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərin düzgün müəyyən edilməməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası, Cavabdeh apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 14.10.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan və oğlu Elvin Aşirovun idarə etdiyi “Nissan X-Trail” minik markalı, **- OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, həmin Məcəllnin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllnin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan və oğlu Elvin Aşirovun idarə etdiyi “Nissan X-Trail” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında 27.10.2020-ci il tarixli qərarı, Nəsimi RPİ-nin DYPŞ-nin İXP ******* nömrəli, 14.11.2020-ci il tarixli İnzibati xəta haqqında protokolu, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində mütəxəssis rəyində “Nissan X-Trail” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarının çox hesablanmasını göstərsə də, zərərin mütəxəssis rəyində göstəriləndən daha az olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9186/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9186/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver