Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9199/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(004)-453/2021 saylı qətnaməsindən Cavabdeh4 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 20 noyabr 2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi üzrə 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borcu və 474,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22828,95 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini və 20 noyabr 2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə bağlanmış 20.11.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, ASC tərəfindən sonuncuya illik 21 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit verilmiş, kreditin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə eyni tarixli və nömrəli zaminlik müqavilələri bağlanmışdır. 20.04.2015-ci il tarixdə isə Mir-X5 ilə zaminlik müqaviləsi bağlanmışdır. 20.04.2015-c il tarixli əlavəyə əsasən müqavilənin müddəti 20.02.2018-ci il tarixə təyin edilmiş, 12.11.2015-ci il əlavəyə əsasən müqavilənin müddəti 20.11.2020-ci il tarixə təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(004)-453/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 22.454,12 ABŞ dolları borc (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə aparılmış 127 manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, üzərinə qət edilmiş artıq faiz və borcların silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, əsassız olaraq artıq faiz borcları hesablanmışdır, o, 19000 ABŞ dolları məbləğində deyil, 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ona məxsus olan mağaza yandıqdan sonra müflis olaraq ödənişləri edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, hesabdan çıxarış təqdim edərək, borcun düzgün hesablandığını bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 20.11.2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit, zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə bank hesabı açmağı, 19000 ABŞ dolları məbləğində 24 ay müddətinə, illik 22 faiz olmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür və zamin Bank qarşısında “Borcalanın” bu müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyinin tam icra edilməsi üçün cavabdehdir. Müqavilə borcverən Nikoil İKB ASC, borcalan Cavabdeh4, zaminlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanmışdır. 20.11.2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh4 20.12.2014-cü il tarixdən 20.11.2016-cı il tarixədək sonuncu ay 985,83 ABŞ dolları olmaqla, aylıq 985,68 ABŞ dolları olmaqla, ümumilikdə 23656,47 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. 20.11.2014-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh4 19000 ABŞ dolları məbləğində pulu Nikoil Bankdan almışdır. 20.04.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh2 20.11.2014-cü il tarixli 23-M-1-0-847-14 saylı kredit müqaviləsindən və 20.04.2015-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdeh olmuşdur. 20.04.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, kredit, zaminlik müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, kredit müqaviləsi 39 ay müddətinə uzadılmış, Mir-X5 və Cavabdeh1 bank, hesab, kredit, zaminlik müqaviləsinin şərtlərinin dəyişdirilməsinə imzaları ilə təsdiq edərək razılıqlarını bildirmişlər. 20.04.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh4 ilk 3 ay güzəşt olunmaqla 34 ay müddətinə, 20.05.2015-ci il tarixdən 20.02.2018-ci il tarixədək hər ay 688,13 ABŞ dolları olmaqla, ümumilikdə 22500,61 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. 12.11.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh4 ilk 6 ay güzəşt olmaqla 60 ay müddətinə 20.12.2015-ci il tarixdən 20.11.2020-ci il tarixədək hər ay 456,27 ABŞ dolları olmaqla ümumilikdə 26303,23 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. 12.11.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, kredit müqaviləsi 72 ay müddətinə uzadılmış, Mir-X5 bank, kredit, zaminlik müqaviləsinin şərtlərinin dəyişdirilməsinə imzasi ilə təsdiq edərək razılığını bildirmişdir. 25.08.2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh4 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borc, 474,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22828,95 ABŞ dolları borcu vardır. 26.08.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh4 Yelobank ASC tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 04.05.2021-ci il tarixli 4/87 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş imzalar 23-M-1-0-847-14 saylı, 20.11.2014-cü il tarixli bank, hesab, kredit və zaminlik müqaviləsinə 20.04.2015-ci il tarixli əlavədə “borcalan” qrafasındakı imza, 23-M- 1-0-847-14 saylı, 20.11.2014-cü il tarixli bank, hesab, kredit və zaminlik müqaviləsinə 12.11.2015-ci il tarixli əlavədə “borcalan” qrafasındakı imza, 20.11.2014-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım” qrafasındakı imza Cavabdeh4 tərəfindən icra olunmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdeh4 apelyasiya şikayətində 19000 ABŞ dolları məbləğində deyil, 15000 ABŞ dolları məbləğində kredit götürdüyünü, artıq faiz və borcların hesablandığını qeyd etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən 19000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuş, həmçinin kassa məxaric orderindən də müəyyən olunur ki, Cavabdeh4 19000 ABŞ dolları məbləğində pulu “Nikoyl” Bankdan almışdır. Cavabdeh4 apelyasiya şikayətində qeyd etdiyi artıq faiz və borcların hesablanması ilə bağlı Kollegiya qeyd edir ki, iş materialları, həmçinin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan borc məbləğinin düzgün hesablandığı müəyyən olunur. Cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Kollegiya hesab edir ki, Cavabdeh4 tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh4 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(004)-453/2021 saylı iş üzrə qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9199/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9199/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver