Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-92/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(006)- 2323/2016 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 17765 manat məbləğində maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, cəmi 18395 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 yanvar 2016-cı il tarixdə iddiaçının idarə etdiyi «Nissan X-Trail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «VAZ 21123» markalı Az **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil və «X2» markalı Az **-ON- *** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermiş və bunun nəticəsində onun avtomobilinə 17765 manat maddi ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(006)- 2323/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 14406 manat maddi zərərin əvəzinin və 50 manat hüquqi xidmət xərcinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla maddi və prosessual hüquq normaları pozulmuş, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İddia təmin olunarkən yalnız iddiaçı tərəfin mənafeyi nəzərə alınmış, iddiaçı tərəfın gətirdiyi dəlillər əsas götürülmüş, onun təqdim etdiyi dəlil və sübutlar isə nəzərə alınmamışdır. Avtomobillərin toqquşması ilkin olaraq iddiaçının idarə etdiyi «Nissan X-Trail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə «VAZ 21123» markalı Az **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş, məhkəmə tərəfindən isə iddiaçının avtomobilinin məhz hansı hissəsinin onun avtomobili ilə toqquşması nəticəsində yararsız hala düşməsi nəzərə alınmamışdır. Məhkəmə qətnamə qəbul edərkən onun idarə etdiyi avtomobilin iddiaçının idarə etdiyi avtomobilin yalnız sol hissəsi ilə toqquşması, hesablanmış ziyanın hansı hissəsinin ona aid edilməli olması müəyyən edilməmiş, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı iddiaçı barəsində də inzibati protokol tərtib edilməsi, həmin hadisəyə görə iddiaçının da təqsirli bilinməsi və s. kimi hallar nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2(103)-2934/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən maddi zərərin əvəzi olaraq 12906 manat, 50 manat hüquqi xidmət xərcinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 16 noyabr 2017-ci il tarixli, 2(102)-7628/2017 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək maddi zərərin məbləğinin 1511 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(102)-1738/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya qaydasında təkrar işə baxılarkən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(006)-2323/2016 saylı qətnaməsi dəyişdirilməlidir. İşdə olan Bakı şəhəri DYPİ YPXA baş inspektoru tərəfindən tərtib edilmiş 26.01.2016-cı il tarixli KYP 225140 nömrəli inzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında iş üzrə 05.02.2016-cı il tarixli qərardan görünür ki, «Nissan Xtrail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı 21.01.2016-cı il tarixdə saat 18:50 radələrində Bakı şəhəri H.Əliyev prospektində hərəkət edərkən yol və meteoroloji şəraiti nəzərə almayaraq və normal sürət həddi seçməyərək, eyni istiqamətdə qarşı yolda hadisə törətmiş «VAZ 21123» markalı Az **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «VAZ 21123» markalı Az **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 maddi zərər vurmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə 29.07.2016-cı il tarixli 3(006)-502/2016 nömrəli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, işə baxılan zaman inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, onun barəsində 26.01.2016-cı il tarixli KYP 225141 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin protokoldan və sxemdən görünür ki, cavabdeh idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi avtomobilin məhz sol yan hissəsi ilə toqquşmuşdur. Bu halı tərəflər də mübahisələndirmirlər. Lakin cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi əsas dəlil iddiaçıya məxsus avtomobilin daha əvvəl digər avtomobillə toqquşması nəticəsində iddiaçının avtomobilinə dəymiş bütün ziyan məbləğinin ondan tutulmasıdır. Göründüyü kimi, Cavabdeh 26 yanvar 2016-cı il tarixdə idarə etdiyi «X2» markalı Az **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddaçının idarə etdiyi «Nissan X-Trail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə cavabdeh həmin yol nəqliyyat hadisəsində təqsirli bilinmiş, lakin müddətin keçməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli 9289 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, 2010-cu il buraxılışlı «Nissan X-Trail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən – dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 17030 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti 14210 manat, təmir-bərpa işlərinin qiyməti 2820 manat və dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 14406 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 11586 manat, təmir-bərpa işlərinin qiyməti 2820 manat müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 iyul 2018-ci il tarixli, 16803 nömrəli rəyinə əsasən, 2010-cu il buraxılışlı «Nissan X-Trail» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinin təmir-bərpa xərci təxminən – dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1740 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti 1240 manat, təmir-bərpa işlərinin qiyməti 500 manat, həmçinin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 1511 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 1011 manat, təmir-bərpa işlərinin qiyməti 500 manat müəyyən edilmişdir. Təkrar apellyasiya icraatı zamanı təyin olunaraq keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 oktyabr 2020-ci il tarixli rəyinə əsasən 2010-cu il buraxılışlı «Nissan X-Trail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinin təmir-bərpa xərci təxminən – dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8490 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti 6490 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat, həmçinin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 7292 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5292 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, cavabdehin 26 yanvar 2016-cı il tarixdə törətdiyi hüquqazidd hərəkəti (yol nəqliyyat hadisəsi) nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinin sol yan hissəsinin zədələnməsi və bunlar arasında səbəbli əlaqənin olması müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin bütövlükdə cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qənaətə gələrkən baş vermiş yol nəqliyyat hadisəsində yalnız cavabdehin deyil, İddiaçı da təqsirinin olduğunu nəzərə almamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan göründüyü kimi «Nissan Xtrail» markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı 21.01.2016-cı il tarixdə saat 18:50 radələrində Bakı şəhəri H.Əliyev prospektində hərəkət edərkən yol və meteoroloji şəraiti nəzərə almayaraq və normal sürət həddi seçməyərək, eyni istiqamətdə qarşı yolda hadisə törətmiş «VAZ 21123» markalı Az **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilin sahibi X1 maddi zərər vurmuş, həmin inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Deməli, iddiaçı qeyd edilən yol nəqliyyat hadisəsini törədərək həmin istiqamətdə hərəkət edən cavabdehin hərəkət yoluna çıxmış və cavabdeh də idarə etdiyi avtomobillə yol və meteoroloji şəraiti nəzərə almayaraq və normal sürət həddi seçməyərək ona ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində həm iddiaçı, həm də cavabdeh təqsirli olduğundan, iddiaçıya məxsus avtomobilə dəyən ziyanın miqdarı tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə kollegiyası məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 oktyabr 2020-ci il tarixli rəyinə əsasən 2010-cu il buraxılışlı «Nissan X-Trail» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinin təmir-bərpa xərcinin aşınma xərci nəzərə alınmaqla 7292 manat məbləğində müəyyən edildiyini, baş vermiş yol nəqliyyat hadisəsində həm iddiaçının, həm də cavabdehin hər ikisinin təqsirli olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği 7292:2=3646 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 220 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(006)- 2323/2016 qətnaməsi dəyişdirilsin. Cavabdeh 3646 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 220 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-92/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-92/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver