Məhkəmə qərarları › İş №2(103)-920/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-920/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-920/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2334/2022 saylı 09 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 479/14 nömrəli xx.xx.2014-cü il tarixli “Vakal” borc müqaviləsindən və ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlığın (avtomatik yuyucu) alınması üçün 24 ay müddətinə, illik 20% olmaqla 3029 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti hər ay 154.16 manat olmaqla, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. 18.10.2018-ci il tarixli bildiriş məktubu ilə cavabdehə rəsmi məktub göndərilərək, kredit borcunu 10 (on) gün müddətində ödənilməsi bildirilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.

3. 04.09.2020-ci il tarixli bildiriş ilə cavabdehə qalıq borc məbləğini (1669.50 manat əsas, 175.36 manat faiz) birdəfəlik ödəmək imkanına malik olmadığı halda, həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair onunla yeni restrukturizasiya müqaviləsinin bağlanması təklif edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borcu üzrə 1669,50 manat, faiz borcu üzrə 175,36 manat olmaqla, cəmi 1844,86 manat məbləğində pul vəsaitinin və ödənilmiş 38,45 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 479/14 saylı “Vakala” borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3029 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə banka ümumilikdə 1844,86 manat məbləğində borc yaranmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 avqust 2022-ci il tarixli 2(001)-2334/2022 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmiş, Cavabdeh 1669,50 manat əsas və 175,36 manat faiz borcu olmaqla, cəmi 1844,86 manat məbləğində pul vəsaiti və 38.45 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386, 442, 448.1, 448.2.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin bitmə tarixindən 6 il sonra müraciət etmiş və iddia müddətini ötürmüşdür.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamədən tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

32. Apelyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin apelyasiya şikayətinə iddia müddətinin tətbiqi barədə ərizə əlavə edilərək, iddia müddətinin tətbiq edilməsi və qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Ərizədə göstərilmişdir ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün birinci instansiya məhkəməsində iştirak edə bilməmiş və bu səbəbdən ərizənin verilməsi mümkün olmamışdır.

33. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilini əsassız hesab etməklə, qeyd edir ki, Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddətinin tətbiqi barədə ərizə yalnız birinci instansiya məhkəməsində verilə bilər. Apelyasiya instansiya məhkəməsində belə ərizə o halda verilə bilər ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılmasından xəbəri olmasın (məhkəmə onu lazımi qaydada məlumatlandırmasın).

42. İş materiallarından isə müəyyən edilir ki, cavabdehə məxsus telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə SMS bildirişlər göndərilmişdir, yəni cavabdeh məhkəmə icraatından məlumatlı olmuş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edərək iddia müddətinin tətbiqi barədə ərizəni də məhkəmə qərarı çıxarılanadək təqdim etməli idi.

43. İddia müddətinin tətbiqi barədə ərizənin hazırki icraat mərhələsində qəbul edilməsi əsasları yaranmamışdır.

44. Beləliklə, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, düzgün olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2334/2022 saylı iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar