Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9203/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(004)-3214/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan 30.07.2008-ci il təvəllüdlü X1 üçün ödənilən aliment məbləğinin artırılaraq, cavabdehdən hər ay 170 manatsabit pul məbləğində alimentin və məhkəməyə müraciət üçün çəkdiyi 450 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(004)-3214/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 30.07.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarının artırılması, Cavabdeh 30.07.2008-ci il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(004)-3214/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd edilən mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində cavabdehin xəbəri və iştirakı olmadan baxılmış və iş üzrə qətnamənin mövcud olması barədə ona işlədiyi Nizami rayon Mühafizə İdarəsi tərəfindən məlumat verilmişdir və həmin qətnamə iddiaçının Bakı şəhəri Yasamal rayon Məhkəməsinə yazılı müraciətindən sonra 03.05.2021-ci il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Belə ki, cavabdeh hazırki mülki işin məhkəmə baxışından tamamilə xəbərsiz olmuşdur, birinci instansiya məhkəməsində məhkəmə baxışına cəlb edilməmiş, dinlənilməmiş, iddiaya münasibəti öyrənilməmişdir, ümumiyyətlə, məhkəmədə müdafiə hüququndan məhrum edilmişdir. 20.07.2011-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq, 2-ci dəfə ailə həyatı qurmuşdur və qarşılıqlı nikahdan 09.05.2012-ci il tarixdə Aytac, 22.06.2013-cü il tarixdə Nicat və 16.12.2016-cı il tarixdə Abdulla adlı uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı X3 evdar qadındır və heç yerdə işləmir. Onun heç yerdə işləməməsi Xızı rayon İHBnm Giləzi qəsəbə İƏD-i üzrə Nümayəndəliyinin 04.05.2021-ci il tarixli 315 saylı arayışı ilə təsdiq olunur. Cavabdeh AR DİN-nin BMİ-nin Nizami Rayon Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) işləyir və aylıq əmək haqqı 398.12 (üç yüz doxsan səkkiz manat 12 qəpik) manatdır. Başqa iş yeri və heç bir gəliri yoxdur. Aylıq əmək haqqı AR DİN-nin BMİ-nin Nizami Rayon Mühafizə İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 56 saylı arayışla təsdiq olunur. Göründüyü kimi, cavabdeh aylıq əmək haqqından hər ay 80 manat iddiaçıya ödədikdən sonra, qalan 318,12 manatla 3 azyaşlı övladını, həyat yoldaşı və özü yemək-içmək, kommunal və digər bütün həyati zəruri xərcləri çəkməklə bir ay yaşayışı təmin etməyə məcburdur. 318,12 manatı 5-ə böldükdə, görünür ki, ailədə dolanacaq üçün adambaşına 64 manat da düşmür. Eyni zamanda məhkəmə qətnaməsində iddiaçının vəkilə ödədiyi 450 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə çıxardığı qərar əsassız və qanuna zidd olmaqla, həm də məntiqsizdir. Belə ki, aliment tələbi ilə bağlı iddiaçıların qanunla dövlət rüsumundan da azad olunduğu halda, habelə hazırkı iddianın predmetindən də göründüyü kimi bir uşaq üçün bir aylıq yaşayış minumumu 170 manat olduğu halda, habelə cavabdehin bir aylıq 5 nəfər ailə üzvlərinin dolanacağı üçün 318,12 manat qazancı olduğu halda məhkəməyə təqdim etmək üçün bir iddia ərizəsi tərtib etməyə görə ödənilmiş 450 manatın cavabdehdən tutulması barədə məhkəmənin qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tamamilə səhv təfsir edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, Cavabdeh ilə Nəcəfova (Demir) Pərvanə Cəfər qızı arasında olan nikah 21.11.2008-ci il tarixində ləğv edilmişdir. Yasamal rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(004)-3664/2011 saylı qətnaməsi ilə 30.07.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Nəcəfova (Demir) Pərvanə Cəfər qızının xeyrinə ödənilməsi qət edilmişdir. “X8 Company” MMC tərəfindən təqdim edilmiş 13.03.2020-ci il tarixli kaasa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsi üzrə mülki işlə bağlı hüquqi yardım məqsədi ilə vəkillə müqavilə bağlamış və 450 manat pul vəsaiti ödəmişdir. "xxxx" QSC-nin Xaqani Filialı tərəfindən verilmiş 12.06.2020-ci il tarixli mədaxil orderindən görünür ki, “Mirzəyev və Partnyorlar Bürosuna 110 manat məbləğində pul ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlərə əsasən o, 20 iyul 2011-ci ildə X4 ilə ailə qurmuş, onun həmin nikahdan 09.05.2012-ci il, 22.06.2013-cü il və 16.12.2016-cı ildə üç uşaqları dünyaya gəlmişdir. Cavabdeh Nizami rayon Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsində işləməklə, 398,12 manat aylıq əmək haqqı alır. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə uşağa görə 12 il müddətində 80 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Kollegiya hesab edir ki, aliment miqdarı 170 manat məbləğində artırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin miqdarı hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Kollegiya apellyatorun az əmək haqqı almaqla, başqa nikahdan olan üç uşağının olması, buna görə də, iddianın təmin edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə araşdırması zamanı iddiaçının rəsmi olaraq hüquqi yardım üçün 110 manatı Bank vasitəsi ilə ödəniş etməsi öz təsdiqini tapdığından, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 110 manat hüquqi yarldım üçün vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Uşağa görə alimentə görə artırılan məbləğ 90 manat olmaqla, həmin məbləğin bir illik məcmuyu 1080 manat olmaqla, 2000 manatı aşmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(004)- 3214/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Yasamal rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(004)-3664/2011 saylı qətnaməsi ilə Cavabdeh 30.07.2008-ci il təvəllüdlü X1 üçün ödənilən aliment məbləğinin artırılsın. Cavabdeh 30.07.2008-ci il təvəllüdlü X1 üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hüquqi yardım üçün ödənilmiş 110 (yüz on) manat Cavabdeh alınaraq, İddiaçı ödənsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9203/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9203/2021
22.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver