Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9211/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı oğlunun iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(005)-713/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əsas borc 41000,00 (qırx bir min) ABŞ dolları, faiz borcu 29000,00 (iyirmi doqquz min) ABŞ dolları, ümumilikdə 70000,00 (yetmiş min) ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 24 iyun 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC-nin idarə Heyyətinin sədri X3 arasında borc müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə iddiaçının cavabdeh "xxxx"ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün 10000,00 (on min) ABŞ dolları, 10430,00 (on min dörd yüz otuz) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 03 iyul 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında yeni borc müqaviləsi bağlanaraq "xxxx" ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün 10000 (on min) ABŞ dolları, 10450.00 (on min dörd yüz əlli) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 28 iyul 2015-ci il tarixdə yenidən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanaraq "xxxx" ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün (on beş min) ABŞ dolları, 15735,00 (on beş min yeddi yüz otuz beş) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 30 dekabr 2016-cı il tarixdə yenidən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanaraq "xxxx" ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün 6000,00 (altı min) ABŞ dolları, 8970,00 (səkkiz min doqquz yüz yelmiş) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 01 oktyabr 2019-cu il tarixdə cavabdeh "xxxx" ASC-nin İdarə Heyyətinin sədri X3 2015-ci və 2016-cı illərdə İddiaçı "xxxx" ASC-yə xammal və materiallar almaq üçün (dövriyyə vəsaiti olaraq) ayda 3% əlavə ödəməklə (kredit faizi) 41000,00 (qırx bir min) ABŞ dolları borc götürməsinə və bu vəsaiti "xxxx" ASC-nin hesabına nağd pul vəsaiti kimi köçürməsinə dair borc etirafı barədə müqavilə imzalamışdır. Cavabdeh "xxxx"ASC-nin İdarə Heyyətinin sədri X3 borcun etirafı barədə müqavilədə etiraf etmişdir ki, "xxxx" ASC-nin İddiaçı ümumilikdə 70.000,00 (yetmiş min) ABŞ dolları əsas borc üzrə 41000,00 (qırx bir min) ABŞ dolları, faizi borcu üzrə 29000,00 (iyirmi doqquz min) ABŞ dolları təşkil edir və borc vəsaitini iddiaçıya 01.10.2019-cu il tarixinə ödənilməli idi. Cavabdeh ilə aralarında müqavilələr bağlandığda hər müqavilə üzrə kassa mədaxil orderi verilmişdir. Cavabdeh indiyə qədər müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri bu günədək yerinə yetirməyib, ondan aldığı əsas borc 41000,00 (qırx bir min) ABŞ dolları, faiz borcu 29000,00 (iyirmi doqquz min) ABŞ dolları, ümumilikdə 70000,00 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaitini geri qaytarmayıb və müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(005)-713/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41000 (qırx bir min) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, "xxxx" ASC-nin İdarə Heytinin sədri Zakir Səfər oğlu ilə tanışdır. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Sadəcə "xxxx" ASC-nin fəaliyyətinin inkişaf etməsi üçün tanışı olan İdarə Heytinin sədri Zakir Səfər oğluna borc vermişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın 29000,00 (iyirmi doqquz min) ABŞ dolları faiz borcunun tutulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Cavabdeh tərəf isə qətnamədən aellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 12.11.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 24.06.2015-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 10000,00 (on min dollar) ABŞ dolları (10430,00 AZN) vəsait borc verir və Bakı Polad Burazlar ASC də öz növbəsində həmin pul vəsaitinin sonradan borc verənə geri qaytarılmasını öz öhdəsinə götürür. 03.07.2015-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 10000,00 (on min dollar) ABŞ dolları (10450,00 AZN) vəsait borc verir. 28.07.2015-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 15000,00 (on beş min dollar) ABŞ dolları (15735,00 AZN) vəsait borc verir. Bakı Polad Burazlar ASC də öz növbəsində həmin pul vəsaitinin sonradan borc verənə geri qaytarılmasını öz öhdəsinə götürür. 30.12.2016-cı il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 6000,00 (altı min dollar) ABŞ dolları (8970,00 AZN) vəsait borc verir. Bakı Polad Burazlar ASC də öz növbəsində, həmin pul vəsaitinin sonradan borc verənə geri qaytarılmasını öz öhdəsinə götürür. 01.10.2019-cu il tarixli borcun etirafı barədə müqavilədən görünür ki, "xxxx" ASC-nin İdarə Heytinin sədri X2 və vətəndaş İddiaçı bu müqaviləni bağlayırlar ondan ötrü ki, iddiaçı X2 2015-ci və 2016-cı illərdə İddiaçı "xxxx" ASC-yə xammal və materiallar almaq üçün (dövriyyə vəsaiti alaraq) ayda 3% əlavə ödəməklə (kredit faizi) 41000,00 (qırx bir min dollar) ABŞ dolları borc götürdüyünü və bu vəsait "xxxx" ASC-nin hesabına nağd pul vəsaiti kimi köçürdüyünü və bu müqavilə ilə iddiaçının "xxxx" ASC-nin idarə heyətinin sədri olaraq etiraf edir ki, (təsdiq edir) "xxxx" ASC-nin İddiaçı borcu 01.10.2019-cu il tarixinə 70000,00 (yetmiş min dollar) ABŞ dolları (əsas borc 41000,00 (qırx bir min dollar) ABŞ dolları, faizi 29000,00 (iyirmi doqquz min dollar) ABŞ dolları təşkil edir və bu vəsait İddiaçı ödəniləcəkdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 385.1, 386.1, 439.4, 442, 443.1, 448.1, 448.2, 739.2-ci maddələrinə istinad edərək, tədqiq olunmuş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 01.10.2019-cu il tarixli borcun etirafı barədə müqaviləyə əsasən cavabdeh "xxxx" ASC-nin iddiaçıya 41000,00 (qırx bir min) ABŞ dolları əsas, 29000 (iyirmi doqquz min) ABŞ dolları faiz olmaqla, ümumilikdə 70.000,00 (yetmiş min) ABŞ dolları borcun olduğu etiraf edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə iddianı təmin etməyərkən qeyd etmişdir ki, iddiaçı ixtisaslaşmış kredit təşkilatı olmadığından, cavabdehdən verilən borca görə əlavə faiz borcunun tələb etməsi Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbləri baxımından əsassızdır. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən fəaliyyət qabiliyyətli olan hər bir Azərbaycan Respublikasının vətandaşı sahibkarlıq fəaliyyəti ilə, o cümlədən kredit əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üzrə fəaliyyətlə məşğul ola bilərlər. Borc müqaviləsinin predmeti pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Buna görə də, MM-nin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalara əməl etməlidirlər. Belə ki, müstəqil olaraq borc vermə fəaliyyəti ilə bir peşə kimi məşğul olmaq istəyən şəxs Mərkəzi Bankın lisenziyasını almalı, Azərbaycan Respublikasının “Mərkəzi Bank haqqında”, “Banklar haqqında” qanunlarda və digər normativ-hüquqi aktlarda kredit təşkilatlarının fəaliyyətinə dair müəyyən edilmiş müddəalara əməl etməlidirlər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs deyildir. İddiaçı cavabbehlə yaranmış tanışlıq münasibətlərinə istinad edərək, borcun verilməsini həyata keçirmişdir. Göründüyü kimi, MM-nin 739.2-ci maddəsinin dispozitiv şərtləri borcun faizlə verilməsini məhdudlaşdırmamışdır. MM-nin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 01.10.2019-cu il tarixli borcun etirafı barədə müqavilə təfsir olunarkən, müəyyən olunur ki, tərəflər borcun verilməsini ayda 3% əlavə ödəməklə (kredit faizi) şərtləndirmiş, cavabdehin ödənilməmiş faiz borcu 29000,00 (iyirmi doqquz min dollar) ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə mübahisələndirilən hissədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Kollegiya hesab edir ki, faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(005)- 713/2021 saylı qətnaməsi mübahisələndirilən- iddianın faiz borcu ilə bağlı təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi faiz borcu ilə bağlı hissədə təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən 29000,00 (iyirmi doqquz min) ABŞ dolları, ümumilikdə 70000,00 (yetmiş min) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9211/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9211/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver