Məhkəmə qərarları › İş №2(103)-922/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-922/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-922/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X15 Mövsüməli oğlunun və onun vəkili X2 iştirakları ilə X10 Mövsüməli oğlunun və X4 cavabdeh X14 qarşı “mənzilin zirzəmisinin özgənin qanunsuz sahibliyindən alınması, zirzəmidən çıxarılma və dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X10 Mövsüməli oğlu və X7 cavabdeh X14 qarşı “mənzilin zirzəmisinin özgənin qanunsuz sahibliyindən alınması, zirzəmidən çıxarılma və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin zirzəmisinin cavabdehin qanunsuz sahibliyindən alınması, cavabdehin bütün əşyaları ilə birlkdə zirzəmidən çıxarılması və cavabdehdən dəymiş zərərin əvəzi qismində xx.xx.2018-ci il tarixdən hesablanmaqla zirzəmidən tam çıxarılanadək olan müddət üçün aylıq olaraq 150 manat tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin verdiyi ******* saylı çıxanşa əsasən ünvan 2 ünvanında yerləşən əmlakın 1/2 hissəsi Quliyev Rahim Mövsüməli oğlunun, 1/2 hissəsi isə X4 adlarına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin Texniki Pasportundan görünür ki, mənzil 2 mərtəbədən və 1 zirzəmidən ibarət olan daşınmaz əmlakdır. Mənzilin zirzəmisi hal-hazırda cavabdeh X12 qanunsuz sahibliyindədir. Mənzilin mülkiyyətçiləri ilə cavabdeh arasında zirzəminin və ya mənzilin hər hansı digər hissəsinin istifadəsi və ya icarəsi haqqında heç bir müqavilə yoxdur və olmamışdır. X19 mənzilin zirzəmisini özbaşına şəkildə zəbt edərək qanunsuz sahibliyində saxlayır, mülkiyyətçilərə zirzəmi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə imkan vermir. Bundan əlavə, cavabdeh X19 zirzəmini vicdansızcasına öz sahibliyində saxladığından, mülkiyyətçilər xx.xx.2018-ci il tarixdən həmin zirzəmini icarəyə verib zirzəminin icarəsindən heç bir gəlir götürə bilmirlər. Zirzəminin yerləşdiyi yeri və vəziyyətini nəzərə alaraq, hesab edirlər ki, zirzəminin 1 aylıq icarə haqqı 150 manat təşkil edir. Odur ki, cavabdehdən əldən çıxmış fayda kimi xx.xx.2018-ci il tarixdən hesablanmaqla zirzəmidən tam şəkildə çıxana kimi olan müddət üçün aylıq olaraq 150 manat tələb edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X12 əşyaları ilə birlikdə X10 Mövsüməli oğlunun və X4 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin texniki pasport üzrə ümumi sahəsi 59,1 kv.m olan zirzəmisindən çıxarılması, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdeh X9 tutularaq X10 Mövsüməli oğluna və X5 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 25 manatının X10 Mövsüməli oğlundan və X3, 25 manatının cavabdeh X9 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışlar. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli zirzəmiyə 2006-cı ildən qonşuların razılığı ilə yerləşmişdir. Qonşuların indiyə qədər heç bir etirazı olmadığından bu gün də zirzəmidən istifadə edir. Bunu sübut edən üç qonşunun imzası ilə notariusda təsdiq edilmiş sənədi məhkəməyə təqdim etmişdir. Bundan başqa Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 60 saylı mənzilkommunal istismar sahəsi tərəfındən verilmiş arayış yuxarıda yazdığını bir daha təsdiq edir. Zirzəmidən istifadə etməsini sənədləşdirmək üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. 2018-ci ilin noyabr ayında zirzəminin ona məxsus olduğunu söyləyən iddiaçılardan Rəhim Quliyev özünə məxsus çıxarışı ona göstərmiş və zirzəminin sonradan anbar adlanan yerindən onun və qonşuların əşyalarını çıxarmağı xahiş etmişdir. Quliyev Rəhimin mənzilinin altında zirzəminin yalnız 23 m2 olan hissəsi var. Odur ki, qonşularla məsləhətləşib əşyaları həmin hissədən çıxarmışlar. 2019-cu ilin may ayında isə zirzəminin Zinaida Yakovlevnanın mənzilinin altında yerləşən və 1965-cı ildən istifadə etdiyi hissədən əşyaların çıxarılmasını Rəhim Quliyev tələb etmişdir. Həmin vaxt onun iştirakı ilə olan söhbətdə X11 Quliyevdən zirzəmiyə aid sənədlərin göstərilməsini xahiş etdi. X20 heç bir sənəd göstərməmişdir. 2019-cu ilin may ayında Rəhim Quliyev artıq onu məhkəməyə verdiyini bəyan etdi. 3-4 gün sonra Rəhim Quliyev iddia ərizəsini və mənzilin texniki pasportunun müsxəsini ona göstərdi. Rəhim Quliyev əvvəl mənzilin sahibi olan X21 zirzəmini özəlləşdirdiyini ona heç vaxt söyləməmişdir. Sahəsi 211 m2 olan Əlibəy Hüseynzadə 40 ünvandakı mənzilin keçmiş sahibi X21 özünə məxsus mənzilin texniki pasportunu təsdiq etdirə bilməmişdir. Odur ki, zirzəminin ona məxsus olmadığı açıq-aydın görünür. Bu Texniki pasportu yälnız mühəndislər tərtib edib. Bu şəkildə zirzəminin özəlləşdirilməsi qanunları pozub vəzifə məsuliyyətindən kənara çıxmaq deməkdir. Yuxarıda yazdığı dəlillər sübut edir ki, zirzəmi özəlləşdirilməmişdir. Zinaida Yakovlevanın vəkili X8 tərəfındən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yazdığı sorğunun cavabı təsdiq edir ki, zirzəmi şəxsi mülkiyyətə çevrilməyib. Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə vəkil Qayıb Cənnətovun göndərdiyi sorğuya cavabda göstərilir ki, bina və onun altında yerləşən zirzəmi Yasamal rayon İcra Hakimiyyətinin balansındadır. Hələ mənzilinə tam yiyələnməmiş Rəhim Quliyev və digəri, zirzəminin ona məxsus olduğunu iddia etməsi çox təəccüb doğurur. Hələ üstəlik ondan aya 150 manat pul tələbini də iddiada qoymuşdur. Bakı şəhərində daimi qeydiyyatda olan vətəndaş kimi şəhərin istənilən yerində özünə iş qurub, onu sənədləşdirməyə qanuni ixtiyarı var. Bunu ona heç kim qadağan edə bilməz. Zirzəmi də dövlətə məxsus olduğu üçün o, Yasamal rayon İcra Hakimiyyətinə 13 il istifadə etdiyi zirzəmini icarə və ya özəlləşdirmək üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş cavabda göstərilir ki, “müraciətinizdə qeyd edilən qeyriyaşayış sahəsinin icarəyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı hər hansı əqd bağlanmamışdır”. Rəhim Quliyev və digərinin Əlibəy Hüseynzadə 40 ünvanındakı mənzilinin çıxarışda 127,8 m2 mənzil sahəsi var. Mənzilin 34,5 m2 hissəsi 1-ci mərtəbədə, 93,3 m2 hissəsi isə 2-ci mərtəbədədir. Texniki pasportda zirzəminin otaq cizgilərinin çəkilməsi binanın həmin hissəsində mənzilin altında zirzəmi olduğunu göstərir. Dövlətə məxsus zirzəmi əslində əhalini hava təhlükələrindən qorumaq üçün mülkü müdafiədə istifadə edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı R.Quliyev, həmçinin onun vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.8 kv.m olan mənzil xüsusi mülkiyyət kimi 1/2 hissədə Quliyev Rahim Mövsüməli oğlunun və 1/2 hissədə X4 adlarına 2873 saylı reyestr kitabının 268024 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil bir-iki mərtəbəli 40 saylı yaşayış binasının birinci və ikinci mərtəbəsinin, eləcə də zirzəminin bir hissəsi olub, mənzilin ümumi sahəsi 127,8 m2, o cümlədən yaşayış sahəsi 36,4 m2 olmaqla, mənzilin zirzəmisinin tərkibində sahəsi 11,0 m2 olan dəhliz, sahəsi 2,6 m2 olan sanitır qovşağı, sahəsi 13,6 m2 və 11,2 m2 olan iki köməkçi otaq, sahəsi 20,7 m2 olan anbar vardır, zirzəminin daxili hündürlüyü 3,0 m-dir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18599 saylı ekspert rəyinə əsasən X10 Mövsüməii oğlunun və X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamai rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən, 2 mərtəbəli 40 saylı evin zirzəmisinin texniki pasport üzrə 9, 10, 11, 12 saylı tikililərinin iş üzrə cavabdeh X19 tərəfindən tutularaq yaşayış sahəsi kimi istifadə olunması müəyyən edilmişdir. Əlavə birinci sual üzrə Bakı şəhəri, Yasamai rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən, 2 mərtəbəli 40 saylı evin zirzəmisini bütövlükdə əks etdirən texniki pasport və ya layihə sənədləri mülki iş materiallarında olmadığından, zirzəminin ümumi sahəsini (hər bir otaq və yardımçı sahələrin təyinatı ayrı-ayrıiıqda göstərilməklə) müəyyən etmək mümkün deyildir. Əlavə ikinci sual üzrə mülki iş materiallarında olan hüquqmüəyyənediei və texniki sənədlərə əsasən, X10 Mövsüməli oğlunun və X4 mülkiyyətində, 40 saylı evin zirzəmisinin bir hissəsi olub, həmin hissənin texniki pasport üzrə ümumi sahəsi 59,1 m2 (11,0+2,6+13,6+11,2+20,7) təşkil edir. Əlavə qoyulmuş üçüncü sualda göstərilən məsələ tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından, bu sual üzrə tədqiqat aparılmamışdır. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri, Yasamai rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən, 2 mərtəbəli 40 saylı evin və həmin evin zirzəmisinin ümumi sahəsi 59,1 kv.m olan hissəsinin X10 Mövsüməii oğlunun və X4 paylı mülkiyyətində olması, evin zirzəmisinin texniki pasport üzrə 9, 10, 11, 12 saylı tikililərinin iş üzrə cavabdeh X19 tərəfindən tutularaq yaşayış sahəsi kimi istifadə olunması sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Kollegiya işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin mübahisəli mənzilin zirzəmisinin iddiaçıların paylı mülkiyyətində olmasını, cavabdehin həmin mənzilin zirzəmisini qanunsuz zəbt edərək orada yaşamasını nəzərə alaraq hesab edir ki, iddiaçıların onlara məxsus mənzilin zirzəmisi üzərində pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin zirzəmidən çıxarılmalı olması qənaətinə gəlmişdir. Kollegiya ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı X1 cavabdehlər X6, Quliyev Rahim Mövsüməli oğluna və X5 qarşı “çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi” tələbi təmin edilməmiş, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, onlar cavabdeh hər aya görə 150 manat icarə haqqının tutulmasını tələb etsələr də, onlar zirzəminin yerləşdiyi ərazidə və həmin şəraitdə mənzillərin kirayə haqqının nə qədər olması barədə arayış təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləriinə görə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar