Məhkəmə qərarları › İş №2(103)-9220/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9220/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9220/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3350/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan 28.03.2007-ci il təvəllüdlü X2 və 28.09.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləğinin artırılaraq hər 175 manat, cəmi 350 manat müəyyən olunmaqla cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 31.03.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan olan 28.03.2007-ci il təvəllüdlü X2 və 28.09.2008-ci il təvəllüdlü Abbasova X1 üçün alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat müəyyən edilmişdir. Lakin birgə nikadan olan övladları orta məktəbdə təhsil alır. Bu isə övladlarının xərclərinin əhəmiyyətli surətdə artmasına səbəb olmuşdur. Qeyd edir ki, cavabdeh təin olunmuş alimenti də vaxtında ödəmir. Hazırda maddi çətinlikləri olduğu üçün birgə nikahdan olan övladlarının xərclərini qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Yasamal Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2464/2014 saylı, 31 mart 2014-cü il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 28 mart 2007-ci il təvəllüdlü X2 və 28 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasın qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini maddi imkanının aşağı olması, ikinci nikahından iki azyaşlı uşağının olması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, 28 mart 2007-ci il tarixdə anadan olmuş X2 və 28 sentyabr 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məlbəği olaraq hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləği miqdarında alimentin tutularaq iddiaçı Ələsgərova (Abbasova) Nuranə Firudin qızına verilməsi, alimentin tutulma müddətinin 17 fevral 2014-cü il tarixdən hesablanması qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Yasamal Rayon Məhkəməsi 31.03.2014-cü il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən sabit pul məbləğində hər uşaq üçün 103 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və yaşayış minimumunu əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar artıq orta məktəbdə təhsil, bu da xərclərin artmasına səbəb olmuş, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir. Apellyatorun yeni nikahından iki azyaşlı uşağının olması dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar cavabdehi iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, cavabdehin fiziki vəziyyəti onun müəyyən peşə fəaliyyəti ilə məşğul olmasına maneə törətmir və o, işləyərək ata kimi üzərinə düşən vəzifəni icra etməklə övladının təminatında iştirak edə bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3350/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar