Məhkəmə qərarları › İş №2(103)-9223/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9223/2021

04.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9223/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)-1176/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 05.05.2016cı il tarixli 2(103)-3119/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdeh ilə birgə nikahdan olmuş 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 21.01.2006-cı ilə tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X2 qızı doğulmuş, 22.01.2016-cı il tarixli qətnamə ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər bir uşaq üçün 117 manat olmaqla, 234 manat alimentin tutulması müəyyən edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 05.06.2016-cı il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmir. Hazırda cavabdehin aliment üzrə 3087 manat borcu vardır. Uşaqların həm maddi, həm mənəvi tələbatlarını bütünlüklə o qarşılayır, cavabdeh isə heç bir maddi köməklik etmir, bir valideyn kimi vəzifələrini icra etmir. Cavabdeh rəsmi olaraq "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 3866 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)- 1176/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 05.05.2016-cı il tarixli 2(103)-3119/2016 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, 30.06.2021-ci il tarixdə vəsatət verərək, işdən çıxma barədə ərizə yazması və 2 həftə ərzində işdən çıxma əmrinin çıxarılması barədə məhkəməyə məlumat versə də, məhkəmə tərəfindən bu halllar nəzərə alınmamışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, ədalətli baxılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X2 qızı doğulmuş, Bakı Apelyasiya Məhkəməsinin 05.05.2016-cı il tarixli 2(103)-3119/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Səadət sarayında bağlanmış 21.01.2006-cı il tarixli nikah pozulmuş, birgə nikahdan olan 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışa əsasən Cavabdeh "xxxx" MMCdə şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 3866 manat təşkil edir. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Birinci instansiya məhkəməsi cavabdehin rəsmi iş yeri və müntəzəm gəlirinin olmasını və uşaqların mənafeyini nəzərə alaraq, tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin müəyyən edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə -qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, işdən çıxma barədə ərizə yazılması, 2 həftə sonra işdən çıxma əmrinin çıxarılması barədə məlumat verməsinə baxmayaraq, məhkəmə nəzərə almamışdır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır, belə ki, cavabdeh apelyasiya şikayətinə işdən çıxmasını təsdiq edən hər hansı sübut (işdən çıxma barədə əmri və ya sistemdən bildiriş) əlavə etməmişdir. Digər tərəfdən, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə, aliment sabit pul məbləğində yalnız idiaçının tələbi (xahişi) əsasında tutula bilər, əgər belə bir tələb yoxdursa məhkəmə alimentin tutulmasını həmin Məcəllənin 76.1-ci maddəsində müəyyən olunmuş qaydada təyin etməlidir. Hazırki halda isə müəyyən olunur ki, iddiaçı alimentin sabit pul məbləğində yox, cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həddində tutulmasını tələb edir ki, bu da qanunun yuxarıda göstərilən tələblərinə uyğundur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1176/2021 saylı iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar