Məhkəmə qərarları › İş №2(103)-9224/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9224/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9224/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir; Orxan Əliyev isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmədiyi əsasları, eləcə də hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərməmiş, sadecə ondan tutulan borc məbləğinin ayda müəyyən məbləğ olmaqla hissə-hissə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi institutunu tənzmimləmişdir və bu imkandan istifadə etmək istəyən şəxs MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət etməlidir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4683/2021 saylı iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar