Məhkəmə qərarları › İş №2(103)-9246/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9246/2021

15.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9246/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) qarşı “vurulmuş maddi ziyanın ödənilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsindən Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) qarşı “vurulmuş maddi ziyanın ödənilməsinə dair” tələblə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “cavabdehin təqsiri üzündən ona dəymiş 2375,60 AZN məblğində dəymiş ziyanın, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun, 40 AZN məbləğində “Hunday servis”ə ödənilmiş xidmət haqqının, avtomaşının dövlət qeydiyyat nişanının yeniləşməsi rüsumu kimi ödənilən 10,50 AZN-nin, cəmi 2456,10 AZN (iki min dörd yüz əlli altı AZN on qəpik) məblğində pulun ödənilməsinə dair qərar qəbul edilməsini” xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 dekabr 2019-cu il axşam saat 22:00 radələrində özünə məxsus olan “Hunday Elantra” markalı ** SH *** nömrə nişanlı avtomaşını A.D.Qurbanov küçəsində yaşadığı 42 saylı evin qabağında saxlamış, 18 dekabr 2019-cu il saat 08:20 radələrində qonşular tərəfindən ona avtomaşının zədələndiyi barədə məlumat vermişdir.. Nəsimi Rayon Yol Polisinin köməyi ilə onun avtomaşınını əzən avtomaşının ** JA *** nömrə nişanlı 59 saylı Nəsimi rayon Mənzil Kommunal İstismar Sahəsinə məxsus zibildaşıyan yük avtomaşını olmasını öyrənmişdir. Avtomaşınının zədələnməsi nəticəsində 2375,60 ziyan dəymiş, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun, 40 AZN məbləğində “Hunday servis”ə ödənilmiş pulun, avtomaşının dövlət qeydiyyat nişanının yeniləşməsi rüsumu 10,50 AZN məbləğinin, cəmi 2456,10 AZN (iki min dörd yüz əlli altı AZN on qəpik) məbləğində pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini” xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dəymiş zərərə görə 2375,60 (iki min üç yüz yetmiş beş manat altmış qəpik) manat,”Hunday servis”ə ödənilmiş 40 (qırx) manat xidmət haqqı, avtomobilin dövlət qeydiyyat nişanının yenilənməsinə görə 10,50(on manat əlli qəpik) manat rüsum və 30 (otuz) manat məblğində dövlət rüsumu, ümumilikdə 2456,10 (iki min dörd yüz əlli altı manat on qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza xərcinin dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsindən Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 17 dekabr 2019-cu il axşam saat 22:00 radələrində özünə məxsus olan “Hunday Elantra” markalı ** SH *** nömrə nişanlı avtomaşınıA.D.Qurbanov küçəsində yaşadığı 42 saylı evin qabağında saxlamış 18 dekabr 2019-cu il saat 08:20 radələrində qonşular tərəfindən onun avtomaşının zədələndiyi barədə məlumat almışdır. Nəsimi rayon yol polisinin köməyi ilə onun avtomaşınını əzən avtomaşının ** JA *** nömrə nişanlı 59 saylı Nəsimi rayon Mənzil Kommunal İstismar Sahəsinə məxsus zibildaşıyan yük avtomaşını olmasını öyrənmişdir. Avtomaşınının zədələnməsi nəticəsində 2375,60 ziyan dəymiş, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun, 40 AZN məbləğində “Hunday servis”ə ödənilmiş pulun, avtomaşının dövlət qeydiyyat nişanının yeniləşməsi rüsumu 10,50 AZN məbləğində, cəmi 2456,10 AZN (iki min dörd yüz əlli altı AZN on qəpik) məbləğində pulun ödənilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsininb qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, İddiaçı cavabdeh kimi Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia qaldırmış, Nəsimi rayon Məhkəməsi isə cavabdeh olmayan Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən vurulmuş zərərə görə vəsaitin tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 167.1.4-cü maddəsinə əsasən isə hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı cavabdeh kimi cavabdeh Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia tələbi irəli sürməsinə baxmayaraq birinci instansiya məhkəməsi əsl olmayan iddiaçını əsl iddiaçı ilə əvəz etmədən və Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyini cavabdeh kimi prosesə cəlb etmədən 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dəymiş zərərə görə 2375,60 (iki min üç yüz yetmiş beş manat altmış qəpik) manat,”Hunday süeris”ə ödənilmiş 40 (qırx) manat xidmət haqqı,avtomobilin dövlət qeydiyyat nişanının yenilənməsinə görə 10,50(on manat əlli qəpik) manat rüsum və 30 (otuz) manat məbl\ğində dövlət rüsumu, ümumilikdə 2456,10 (iki min dörd yüz əlli altı manat on qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza xərcinin dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi prosesual qanunvericiliyin tələblərini pozub Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyini cavabdeh kimi prosesə cəlb etmədiyinə baxmayaraq ondan dəymiş zərərə görə pulun tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu iş üzrə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Həmçinin iddianın qiymətinin beş min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-278/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin, iş üzrə məhkəmə xərci olan ekspertiza xərcinin dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar