Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9247/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Şamilov Vüqar Oktay oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-422/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2933,53 (iki min doqquz yüz otuz üç manat əlli üç qəpik) manat əsas borc, 156,13 (yüz əlli altı manat on üç qəpik) manat faiz borc, 138,88 (yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat cərimə, cəmi 3228,54 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 002CASA16210038 saylı 28 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 18% fazi kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14237,1 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASCyə 22.05.2020-ci il tarixinə 2933,53 manat əsas kredit borcu, 156,13 manat kreditdən istifadəyə görə faiz borcu, 138,88 manat cərimə olmaqla, cəmi 3228,54 maant boru qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyinizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-422/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Cavabdeh 2933,53 (iki min doqquz yüz otuz üç manat əlli üç qəpik) manat əsas borc, 156,13 (yüz əlli altı manat on üç qəpik) manat faiz borc, 138,88 (yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat cərimə, cəmi 3228,54 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və Dövlət büdcəsinə köçürülməs qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və Cavabdeh İddiaçı ASC-yə heç bir borcunun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanan 002CASA160630008 saylı 03 mart 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 9000 ABŞ dolları pul məbləğində vəsait əldə etmişdir. Sonradan devalvasiya zamanı İddiaçı ASC tərəfindən ona güzəşt olunaraq 28 iyul 2016-cı ildə kredit ödənişini həyata keçirməyi üçün valyuta Azərbaycan Manatı (AZN) ilə əvəz olunaraq 14237.1 (on dörd min iki yüz otuz yeddi manat, on qəpik) manat borc müəyyən olunmuşdur. Əlavə olaraq 2019cu il 29 aprel tarixində isə Problemli Kreditlərin Kompensasiyası ilə əlaqədar olaraq dəvət olunmuş və ona kompensayiya əvəzi 5420,12 manat (beş min dörd yüz iyirmi manat on iki qəpik) məbləğ ödənilmişdir. Onun İddiaçı ASC- yə borcu olmuş və tam şəkildə ödənilmişdir. Bundan əlavə olaraq 29.04.2020-ci il tarixdə problemli kreditlərin kompensasiyası ilə bağlı ona bank tərəfindən 5420.12 (beş min dörd yüz iyirmi manat on iki qəpik) manat məbləğində kompensasiya ödənilmiş və heç bir borcunun qalmadığı bildirilmişdir. Onun banka heç bir borcu olmadığı halda bank onu məhkəməyə vermiş və məhkəmə əsassız qətnamə çıxarmışdır. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilinəsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısıyla, hətta var olan hüquq üzrə iddia irəli sürülərkən, bu tələb, hüquqdan sui-istifadə təşkil edirsə həmin hüquq nəzərə alınmır. Hakim işin hallarını obyektiv və hərtərəfi şəkildə araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Şamilov Vüqar Oktay oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-422/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə bağlanmış 002CASA16210038 saylı 28 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 18% fazi kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14237,1 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 22.05.2020-ci il tarixinə 2933,53 manat əsas kredit borcu, 156,13 manat kreditdən istifadəyə görə faiz borcu, 138,88 manat cərimə olmaqla, cəmi 3228,54 maant boru qalmaqdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2021-ci il tarixli, 9/5358 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-nə 28.07.2019-cu il tarixə olan ümumi borcu 3.213,39 manat məbləğində müəyyən edilir, o cümlədən: 28.07.2019-cu il tarixə olan borcu üzrə əsas borc üzrə - 2978,12 manat, faiz borcu üzrə - 235,27 manatdır. Problemli kreditlərin kompensasiyası ilə əlaqədar 29.04.2020-ci il tarixdə Cavabdeh 5.420,12 manat məbləğində kompensasiya ödənişi edilmiş, lakin həmin ödənişin cavabdehin qalıq borcuna yönəldilməsi ilə bağlı bank tərəfindən təqdim edilmiş, 28.07.2016-cı il tarixdən 28.02.2019-cu il tarixədək olan müddəti özündə əks etdirən hesabdan çıxarış sənədlərində heç bir məlumat alınmadan aparılmışdır. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 28 iyul 2016-cı il tarixli 002CASA162100038 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 002CASA16210038 saylı 28 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18% fazi kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 14237,1 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 2933,53 manat əsas kredit borcu, 156,13 manat kreditdən istifadəyə görə faiz borcu, 138,88 manat cərimə olmaqla, cəmi 3228,54 maant boru yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh 2933,53 (iki min doqquz yüz otuz üç manat əlli üç qəpik) manat əsas borc, 156,13 (yüz əlli altı manat on üç qəpik) manat faiz borc, 138,88 (yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat cərimə, cəmi 3228,54 manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində İddiaçı ASC-yə borcunun olmadığını qeyd edir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hazırki halda, yəni cavabdeh tərəfindən öhdəliyin tam icra edilməsini sübut etmə vəzifəsi məhz borc alanın, yəni Cavabdeh üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar heç bir sübuta əsaslanmamaqla, yalnız formal mülahizələrdən ibarət olduğu üçün qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat təşkil etmişdir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbi tam təmin edildiyindən məhkəmə haqlı hesab etmişdir ki, olaraq iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh müvafiq olaraq iddiaçıya və Dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən onun tərəfindən apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsmu cavabdehin özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-422/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-422/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9247/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9247/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver