Məhkəmə qərarları › İş №2(103)-926/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-926/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-926/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (bank) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh bankın xeyrinə 9162 (doqquz min bir yüz altmış iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 152 (bir yüz əlli iki) manat 71 (yetmiş bir) qəpik faiz, 200 (iki yüz) manat cərimə olmaqla cəmi 9515 (doqquz min beş yüz on beş) manat 48 (qırx səkkiz) qəpik məbləğində kredit borcunun, həmçinin 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70 000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması və bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə bankın mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. 20 oktyabr 2020-ci il tarixdə Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yeni əldə etdiyini bildirməklə ondan apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, kredit götürərkən bağ evini ipoteka ilə yüklü etmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq nə apellyator, nə də iddiaçı bankın ləğvedicisinin nümayəndəsi məhkəməyə gəlməmiş, bununla belə apellyator məhkəməyə ərizələr ünvanlayaraq əmlakına qoyulmuş qiymətlə razılaşmadığını, eləcə də əmlakını ipotekaya qoyması barədə müqavilə bağlamadığını bildirməklə müqavilədəki imzanın yoxlanılması üçün xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70 000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması və bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü Cavabdeh şikayətində qətnamənin faktiki olaraq ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hissəsini mübahisələndirmiş, iddiaçı bankın kredit borcunun məbləğləri ilə bağlı şikayətinə isə əvvəllər baxılmışdır. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, qətnamə hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv olunaraq, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, 23 iyul 2009-cu il tarixdə bank, Cavabdeh (alıcı) və X1 (satıcı) arasında İP-132 saylı “Alqı-satqı və ipoteka müqaviləsi” bağlanmış, müqavilənin predmetini Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinin Şahlar Quliyev tərəfindən Cavabdeh satılması, evin 59 000 manat müəyyənləşdirilən satış qiymətinin 9000 manatının Cavabdeh, qalan 50 000 manatının bank tərəfindən satıcıya ödənilməsi təşkil etmiş, həmin ipoteka müqaviləsi əsasında bağ evi üzərində 30.01.2020-cu il tarixdə ipoteka yüklülüyü qeydə alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 10 yanvar 2014-cü il tarixdə bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 10.01.2016-cı il tarixinədək qaytarılması şərtilə illik 15%-lə 15 800 manat kredit verilmiş, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə, 23.07.2009-cu il tarixli ipoteka müqaviləsinə 1 saylı Əlavə də bağlanaraq həmin Əlavədə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinin bank qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Kollegiya hesab edir ki, 10 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir: Belə ki, “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə görə, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Adı çəkilən Qanunun 14.1-ci maddəsinə görə isə, ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti dəyişdirildikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə. İşin hallarından görünür ki, bankla Cavabdeh arasında 10.01.2014-cü il tarixdə bağlandığı irəli sürülən ipoteka müqaviləsinə əlavə notarial qaydada təsdiqlənməmiş, həmin müqavilə üzrə ipotekanın əlavə dövlət qeydiyyatı həyata keçirilməmiş, beləliklə də bu müqavilə əsasında ev üzərində ipoteka yüklülüyü yaranmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçı bankın iddia tələbinin əsasında dayanan və 10.01.2014-cü il tarixdə bağlandığı irəli sürülən “İP-132 saylı ipoteka müqaviləsinə əlavə” əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura və həmin sənədlə əsaslandırılan iddia təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid olunmalı, işin halları barədə zəruri məlumat verməyərək qiymətləndirmə ekspertizasının təyin olunmasına şərait yaratdığından, müvafiq tədqiqatın xərci də ondan tutulub tədqiqatı aparan şirkətin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-41/2019 saylı iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70 000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması və bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması” hissəsində ləğv olunsun. İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun; apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərci olan 200 (iki yüz) manat isə Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********,hesab№:AZ30GUNA********************,Bank:“xxxx”ASC,VÖEN:**********, Müxbir hesab:AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar