Məhkəmə qərarları › İş №2(103)-9267/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9267/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9267/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-416/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3.314,15 (üç min üç yüz on dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 24.06.2017-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 07.09.2017-ci il tarixdə 392-K əmrlə adminstrator vəzifəsinə keçirilmiş, 21.12.2017-ci il tarixli 566-K saylı əmirlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 08.12.2017-ci il tarixdə Oba-Binə 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği 3.314 manat məbləğində zərər vurması məlum olmuşdur. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-416/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 3.314 (üç min üç yüz on dörd) manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, o, 24.06.2017-ci il tarixdə 3 aylıq sınaq mqddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 21.09.2017-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, 21.12.2017-ci il tarixdə İddiaçı-nin 566-K nömrəli əmrinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddia ərizəsindən də görünürki, rəsmi olaraq işdən azad olunduğu müddətin üzərindən 2 il 10 ay vaxt keçmiş, lakin buna baxmayaraq iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə bağlı 08 oktyabr 2020ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsində qeyd edilmişdir ki, işəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Hesab edir ki, İddiaçı-nin ona qarşı 3.314 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia müddəti ötürüldüyü səbəbindən iddiaçı tərəfindən verilən iddia rədd olunmalıdır. Göründüyü kimi, iddiaçı ona maddi ziyanın vurulmasını 08 dekabr 2017-ci ildə (sonuncu inventarizasiya aktı ilə) artıq bilirdi, yəni iddiaçı hüqununun pozulmasını 08 dekabr 2017-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 08.10.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda 08 dekabr 2017-ci il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti 08 dekabr 2017-ci il tarixdə bitmişdir. Mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-416/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı-nin nümayəndəsi X2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-416/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası İddiaçı-nin nümayəndəsi Azad Hüseynovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarının tədqiqindən aşağıdakıları müəyyən edir. Bеlə ki, iş materiallarında olan,İddiaçı (işəgötürən) ilə Cavabdeh (işçi) arasında 24.06.2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinin (kontrakt) təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 24.06.2017-ci ildə işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, hər ay 153 manat əmək haqqı ödənilməklə İddiaçı-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən işçi vəzifə təlimatı ilə müəyyənləşdirilmiş əmək funksiyalarının icrasını üzərinə götürmüşdür.(İ.vər. 8 - 12) İş materiallarında olan, İddiaçı-nin 07 sentyabr 2017-cı il tarixli, 392-K saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı-nin satış əməliyyatları şöbəsinə 07 sentyabr 2017-cı il tarixdən administrator vəzifəsinə keçirilmişdir.(İ.vər. 15) İş materiallarında olan,İddiaçı (işəgötürən) ilə Cavabdeh (işçi) arasında 24.06.2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə (kontrakt) əlavənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 07.09.2017-ci il tarixdən oğlu İddiaçı-nin satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 175 AZN müəyyən edilmişdir.(İ.vər. 27) İş materiallarında olan, 24.06.2017-ci il tarixli əmək müqaviləsinə əlavə olunan “X4 haqqında Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı-də işlədiyi dövr ərzində maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübarizə aparmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı və s. tam məsuliyyəti öz üzərinə götürmüşdür.(İ.vər. 26) İş materiallarında olan, İddiaçı-nin 21 dekabr 2017-ci il tarixli, 566-K saylı əmrindən çıxarışdan görünür ki, Cəmiyyətin satış əməliyyatları şöbəsinin Market şəbəkəsinin Adminstratoru vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə 21.12.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir.(İ.vər. 18) İş materiallarında olan, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0003X0 saylı, 21.12.2017-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə 24.06.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 21.12.2017-ci il tarixli, 566-K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir.(İ.vər. 19) İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 08.12.2017-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3.314 (üç min üç yüz on dörd) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3.314 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir.(İ.vər. 20) Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən aşağıda qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulmasını 08 dekabr 2017-ci ildə (sonuncu inventarizasiya aktı ilə) artıq bilirdi, yəni iddiaçı hüqununun pozulmasını 08 dekabr 2017-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 08.10.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda 08 dekabr 2017ci il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti 08 dekabr 2017-ci il tarixdə bitmişdir. Odur ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddiaçı tərəfindən verilən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, əmək mübahisələri ilə bağlı tələblər üzrə Əmək qanunvericilində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, maddi ziyan vurulması ilə bağlı əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işəgötürən ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. Hazırki mülki iş materiallarından göründüyü kimi 2017-ci ildə aparılmış invertarizasiya nəticəsində cavabdeh tərəfindən ziyan vurulduğu müəyyən edilmiş və bu barədə 08 dekabr 2017-ci il tarixli İnvertizasiya aktı tərtib edilmiş və hazırda iddiaçı da Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq müəyyən edilmiş çatışmazlıq məbləğini tələb edir, yəni iddiaçı üçün həmin vaxt cavabdeh tərəfindən MMC-yə ziyan vurulduğu aşkar edilmişdir, qanunvericiliyin tələbinə görə iddiaçı bu tələblə 1 il müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməli olduğu halda, iddiaçı yanız 08.10.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəni də həmin məhkəməyə təqdim edə bilməmiş, bu səbəbdən iddia müddətini tətbiqi məsələsi hazırki icraat mərhələsinin müzakirə predmeti olmuşdur. Cavabdeh hazırki apelyasiya icraatında ayrıca iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsədə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin əsas dəlili iddia müddətini tətbiq edilməsi barədə olduğundan, ayrıca ərizə verilməsinə zərurət olmamışdır və apelyasiya şikayəti iddia müddətini tətbiq edilməsi üçün kifayətdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını səhv tətbiq və təfsir etdiyindən, qətnamə qanuni və əsaslı hesab edilmir. Ona görə də qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-416/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən ləğv edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiasi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar