Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9275/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 fevral 2019- cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 3073 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 763 №-li, 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 25 fevral 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il oktyabrın 05-dək Cavabdeh banka 12 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2133,97 manat əsas borc, 702,83 manat faiz borcu və 208,04 manat cərimə borcu olmaqla, ümumilikdə 3044,84 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən X2 İddiaçı ASC-nin xeyrinə 12 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2133,97 manat əsas, 702,83 manat faiz borcu, 208,04 manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3074,84 manat tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2133,97 (iki min yüz otuz üç manat, doxsan yeddi qəpik) manat əsas, 702,83 (yeddi yüz iki manat, səksən üç qəpik) manat faiz borcu, 208,04 (iki yüz səkkiz manat, dörd qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3074,84 (üç min yetmiş dörd manat, səksən dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iş materialları ilə müəyyən edilmiş hallar və əlavə sübutlar əsasında faktiki real borcun müəyyən edilərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, onunla kredit müqaviləsi bağlanarkən, o müqavilənin şərtlərini oxumamış kreditin 35 faizlə verilməsini bilməmişdir. Bundan əlavə, 2020-ci ilin əvvəllərindən “COVİD-19” pandemiyası ilə əlaqədar işləyə bilmədiyinə görə maddi imkana malik olmamış və kreditin ödənilməsində çətinliklərlə üzıəşmişdir. Ona görə də bankın tələb etdiyi məbləğdə iddianın təmin olunmasını əsassız hesab edir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi bağlanarkən cavabdehin müqavilə şərtləri ilə tanış olmaması, o cümlədən “COVİD-19” pandemiyası ilə əlaqədar maddi imkana malik olmaması onu müqavilə öhdəliklərini icra etməkdən azad etmir. Ona görə də apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, “FİNtrend” BOKT ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2019-cu il tarixli, 251-0***-******* saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 35 faiz dərəcəsi ilə, 3073 manat məbləğində kredit verilmiş, “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 0004 №-li, 10 may 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 12.02.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASCyə 2133,97 manat əsas borc, 702,83 manat faiz borcu, 208,04 manat cərimə borcu, cəmi 3044,84 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2152/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9275/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9275/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver