Məhkəmə qərarları › İş №2(103)-9276/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9276/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9276/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdənibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-430/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4821,92 ABŞ dolları əsas, 6030,45 ABŞ dolları faiz borcu, 742,51 ABŞ dolları cərimə borcu, 24.02.2019-cu il tarixdən 10.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 339,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.934,78 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı "xxxx" İKB ASC (Yelo Bank) ilə Cavabdeh1 arasında 08.04.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27% olmaqla, (1 saylı əlavəyə əsasən illik 24%) 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-430/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 4821,92 ABŞ dolları (dörd min səkkiz yüz iyirmi bir dollar doxsan iki sent) əsas borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməsi qət olunmuşdur. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-430/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləvğ edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zamin tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh1 məxsus **********01 telefon nömrəsinə 20.11.2019-cu il tarixdə və zamin Cavabdeh2 məxsus **********91 telefon nömrəsinə 22.11.2019-cu il tarixdə smslər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminlər banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Bundan əlavə müqavilənin 2.3.8, 2.3.9, 11.3-cü bəndlərinə görə zaminliyə xitam verilməsi əsassız olmuşdur. Həmçinin məhkəmə faiz, cərimə və 5% hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İş üzrə İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən- faiz, cərimə, 5%-lə əldən çıxmış faydanın tutulması, zaminə aid hissələrdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)-430/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 15-M-3-0-175-15 saylı, 08.04.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 24 ay müddətinə, illik 27% olmaqla, 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 həmin müqavilə əsasında zamin durmaq barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarından 15-M-3-0-175-15 saylı, 08.04.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə 24.02.2016-cı il tarixli əlavədən görünür ki, borcun verilmə müddəti 46 ay olmaqla (başlanğıc tarix 08.04.2015-ci il), son tarixi 24.02.2019-cu il, illik 24% hesablanmaqla müddət uzadılmışdır. İş materiallarından maliyyə arayışından görünür ki, Cavabdeh1 10.06.2020-ci il tarixə banka 4821,92 ABŞ dolları əsas, 6030,45 ABŞ dolları faiz borcu, 742,51 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 339,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11934,78 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı tərəfindən 11.06.2020-ci il tarixdə borcun tam olaraq 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir İş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 09.12.2020-ci il tarixli, 9/5295 nömrəli ekspert rəyindən görünür ki, 08.04.2015-ci il tarixli 15-M-3-0-175-15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 19.04.2019-cu il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 8982,73 ABŞ dolları, faiz borcu 2881,46 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 4821,92 ABŞ dolları əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Digər tərəfdən məhkəmə zaminə münasibətdə iddianı təmin etməyərək, aşağıdakıları qeyd ektmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi zaminə aid hissədə MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verildiyi üçün, həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, 15-M-3-0-175-15 saylı, 08.04.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 24.02.2019-cu ildə başa çatmış, iddia 24.02.2020-ci il tarixə kimi verilməli olduğu halda, iddia 15.07.2020-ci ildə məhkəməyə verilmiş, bununla da, bir illik müddət ötürülmüşdür. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)- 430/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar