Məhkəmə qərarları › İş №2(103)-9277/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9277/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9277/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Kompani Şirkətinə qarşı “yaşayış sahəsinə köçmə, yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladının Bakı şəhəri, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi, döngə 12 ünvanında yerləşən özbaşına tikilmiş fərdi yaşayış sahəsinə köçmələri, yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq ananın himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat alimentin tutulması qət edilmişdir. Ailə qurduqdan sonra o, yoldaşı ilə Bakı şəhəri, Sulutəpə yaşayış massivində məskunlaşmış qaynanasıgillə birlikdə 1 həyətdə ayrı-ayrı evlərdə yaşamış, cehiz əşyalarını qaldığı evə aparmışdır. Nikah pozulduqdan sonra cavabdehlər tərəfindən o, azyaşlı övladı ilə birlikdə evdən qovulmuş, cehiz əmlakı isə həmin evdə qalmış, ona və övladına məxsus şəxsi əşyalarını götürməyə maneə yaratmışlar. Cavabdehlər ev üzərində heç kəsin hüququnun qeydə alınmamasından istifadə etməklə onu və uşağını evdən məhrum etmək niyyətindədirlər. Ona görə də cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır, faktiki olaraq həmin ev üzərində cavabdehlərlə birgə yaşamaq və yaşayış sahəsindən istifadə etmək hüququ vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ətraflı araşdırma aparılmadan, tətbiq edilməli olan hüquq normaları təbiq edilmədən birbaşa cavabdehlərin maraqlarına xidmət edən qətnamə qəbul edilmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində hazırki iddia tələbinin buna cavab verməli olmayan Cavabdeh1 və digərlərinə qarşı irəli sürülməsi əsas gətirərək iddia tələbi təmin edilməmişdir. Həmçinin, iş üzrə alınmış ekspert rəyinə əsasən sözügedən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiy küçəsi, döngə 12 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması qeyd edilmişdir. Həmin torpaq sahəsi məqsədli təyinatına görə başqa olsa da üzərində fərdi yaşayış evi inşa olunmuşdur. Hal-hazırda da cavabdehlər həmin fərdi yaşayış evində yaşayırlar. Demək ki, torpaq sahəsinin məqsədli təyinatının başqa olması cavabdehlərin həmin fərdi yaşayış evində yaşamaları üçün maneə deyil. İddia tələbi isə düzgün olaraq hal-hazırda köçürülmə tələb olunan evdə yaşayan şəxslərə qarşı verilmişdir. Həmin şəxslər qədər onunda azyaşlı övladı ilə birgə sözügedən fərdi yaşayış evinə köçərək orada yaşamaq hüququ var. Məhkəmə isə işin bu hallarını araşdırmadan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatını əsas gətirərək birtərəfli qaydada belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Kompani Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili X2 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsi özbaşına tikilidir, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi, döngə 12 ünvanında yerləşən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Mehman İsmayılovun və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 816/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.12.2014-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş 25.09.2015-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.(İ.vər. 8 - 9) İş matеriallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2629 saylı, 05 mart 2021-ci il tarixli rəyindən və AR ƏMDK yanında DƏKÜRX-ün mütəxəssis rəyindən görünür ki, iddiaçının köçürülmə istədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi, döngə12 ünvanında yerləşən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir.(İ.vər. 109 – 110; 118 - 121) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsinin özbaşına tikili olduğunu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi, döngə 12 ünvanında yerləşən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin həmin torpaq sahəsinin məqsədli təyinatına görə başqa olsa da üzərində fərdi yaşayış evi inşa olunduğunu və cavabdehlərin həmin fərdi yaşayış evində yaşaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan bu dəlillər iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən nümayəndəsi bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-146/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar