Məhkəmə qərarları › İş №2(103)-928/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-928/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-928/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vüsalə Muradovanın, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Rauf Quliyevin, Mübahisə predmeti barəsində müstəil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Fikrət Səfərovun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı vurulmuş zərərin reqres qaydada tələbinə dair 2(002)- 2468/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən reqres qaydada 27800 manat, hüquqi xidmətə görə 300 manat və 30 manat ödənilməmiş rüsum olmaqla ümumilikdə 28130 manat pul məbləğinin onunxeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 28.12.2013-cü il tarixli, 120853-1-10194 saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 13,5 faizlə 36 ay müddətinə 246000 manat məbləğində kredit verilmişdir. MMC həmin kredit və ona hesablanılacaq faizləri ona təqdim edilmiş qrafik üzrə vaxtında ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin kreditin təminatı üçün bir neçə əmlakla yanaşı iddiaçıya məxsus mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,18558 ha torpaq sahəsində yerləşən 4 otaqlı,bir mərtəbəli və 0,19 ha torpaq sahəsində yerləşən 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi olmaqla iki ayrıayrı daşınmaz əmlak ipoteka edilmişdir. Bununla bağlı bankla aralarında 30 yanvar 2014-cü il il tarixdə 121571--NEDVİJ-2292 saylı və 121571-NEDVİJ-2293 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmışdır. Qeyd olunan kredit sazişi əsasında “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh MMC arasında 06.02.2015-ci il tarixdə bağlanmış 120853-1-10194/4 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 13,5 faizlə 246000 manat məbləğində kredit verilmişdir. Əmlakının ipoteka edilməsi Cavabdeh MMC-nin fəaliyyətində iştirak etməsi, eləcədə gəlir əldə etmək üçün deyil, MMC-nin sahibi olan X7 ilə ailəvi yaxın dost münasibətdə olduqlarından irəli gəlmiş, ona etibar etdiklərindən və MMC tərəfindən kreditin vaxtında ödəniləcəyinəonları inandırması olmuşdur. Həmçinin, MMC-nin rəhbəri əmlakla yanaşı 150000 manat məbləğində dövriyyədə olan malları da banka girov etdiyindən əmlaklarla bağlı hər hansı riskin olmadığını bildirmişdir. MMC həmin krediti əldə edəndən sonra dövriyyəsini yetərincə artırmış, lakin kreditin bir qismini vaxtında ödəmədiyindən, ipoteka edilmiş əmlakını risk altına atmışdır. Belə ki, həmin kredit üzrə ödənilməmiş 107636,70 manat məbləndə borca görə hər iki əmlakı dəyər-dəyməzinə qiymətləndirilib, hərraca çıxarılmışdır. Lakin MMC tərəfi ödənişlə bağlı hər hansı tədbir görməmişdir. Əmlakı hərracdan dəyər-dəyməzə satılmasın deyə kredit borcunun ödənilməsi məcburiyyətində qalmış və buna görə 20000 manat məbləğində borclanmışdır. Belə ki, Cavabdeh MMC-nin ödəmədiyi 20000 manat borcu əvəzində, üçüncü şəxs "xxxx" MMC tərəfindən ödənilmişdir. Qeyd olunan 20000 manat cavabdeh "xxxx" MMC-nin kredit borcuna görə ödənildiyindən və bu ödənişi etmək məcburiyyətdə olduğundan, həmin məbləğ cavabdehdən reqres qaydada tələb olunmalıdır. Bundan başqa hərraca çıxarılmış və artıq hərracın 2-ci mərhələsində olan hər iki evi başqasına satılmasın deyə, məcburiyyətdən hərrac mərkəzinə 4800 manat beh ödəmişdir. Daha sonra da alqı-satqı edilmədiyinə görə, behi batmışdır. Həmçinin, girov əmlakı ilə bağlı yaranmış çox saylı mübahisələrin həllinə hüquqi yardım üçün tərəfindən 3000 manat ödənilmişdir. Göründüyü kimi cavabdeh"xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün əmlakı əldən çıxmasın deyə ödədiyi 20000 manatdan başqa, ona üst-üstə 7800 manat məbləğində ziyan vurmuşdur ki, həmin məbləğ də cavabdehdən tələb olunmalıdır. Həmçinin, vəkil üçün ödədiyi 300 manat və 30 manat dövlət rüsumu da cavabdehdən onun xeyrinə alınmalıdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir, iddiaçının irəli sürdüyü tələb tam əsassızdır və təmin edilə bilməz. Məhkəmə tərəfindən tam araşdırma aparılmamış və məhkəmədə onların iştirakı təmin edilmədən qətnamə qəbul olunmuşdur. Belə ki, iddiaçı iddiasını belə əsaslandırmışdır ki, onun əmlaklarının ipoteka edilməsi Cavabdeh MMC-nin fəaliyyətində iştirak etməsi, eləcə də gəlir əldə etmək üçün deyil, Cavabdeh MMC-nin sahibi olan X8 ilə ailəvi yaxın dost münasibətində olduqlarından irəli gəlmiş, ona etibar etdiklərindən və MMC tərəfindən kreditin vaxtında ödəniləcəyinə onların inandırması olmuşdur. İddiaçı iddia ərizəsində göstərdiklərində səmimi deyil. Heç kim ancaq dost münasibətində olduğu şəxs olduğuna görə külli miqdarda dəyəri olan əmlaklarını ipoteka ilə yüklü etməz, təbii ki, iddiaçının burada maddi marağı olmuş, gəlir əldə etmək məqsədi olmuşdur. İddia ərizəsində göstərilən 246000 manat kredit Cavabdeh MMC tərəfindən 3 nəfər şəxsin sement satışı üzrə birgə biznes fəaliyyətini təmin etmək üçün götürülmüş vəsaitdir. Belə ki, həmin 246000 manat kreditlə bağlı İddiaçı və əri X5 tərəfindən Cavabdeh MMC-yə və “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı məhkəmədə “evlərin girovdan azad edilməsi və sement məhsulunun alqı-satqısı əməliyyatları ilə X2 vurulmuş 154000 manat maddi zərərin X3 tutulması barədə” iddia qaldırılmışdır. Həmin iddia ərizəsində iddiaçılar bildirirlər ki, İddiaçı məxsus olan əmlakların girov qoyulması həyat yoldaşı X1 tanıdığı Cavabdeh MMC-nin direktoru X8 və X9 ilə əməkdaşlıq etməsi, işlərinin davam etdirilməsi üçün onların hər birindən ayrı-ayrılıqda 60000 manat pul vəsaitinin qoyulmasının vacib olması, bu səbəbdən də Cavabdeh MMC-nin direktoru X4 “Bank VTB (Azərbaycan)” ASC-dən 200000 manat pul vəsaitinin kredit verilməsinə görə girov qoyulması razılaşdırılmışdır. Sement məhsulu satışı üçün tələb olunan pul vəsaitindən hər birinin 65000 manat pul vəsaiti üçün hər kəs öz növbəsində bankdan götürülməli olan kreditə görə əmlaklarını girov qoymuşdur. Həmin iddia ərizəsinə məhkəmədə baxılmış və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli, 2(006)-1123/2017 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 cavabdehlər “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh MMC-yə qarşı “evlərin girovdan azad edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsindən görünür ki, iddiaçının həmin krediti götürməsində və əmlaklarını girov qoymasında maddi marağı olmuş vı üzərinə də həmin kreditlə bağlı öhdəliklər götürmüşdür. Kreditlə bağlı götürülmüş öhdəliklər X12 və əri X6 tərəfindən icra olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2017-ci il tarixli 2(103)-8149/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli 2(006)- 1123/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilənlərdən görünür ki, iddiaçının kreditə görə ödənilmiş məbləğlə bağlı reqres hüququ yoxdur və həmin məbləğ geri tələb edilə bilməz. Məhkəmə tərəfindən istinad etdiyi məhkəmə qətnaməsində kreditlə bağlı göstərilən tərəflərin məhkəmə prosesinə cəlb olunması təmin edilməmiş və tam araşdırma aparılmamışdır. Məhkəmə yalnız iddiaçının göstərdiklərinə əsaslanmışdır. İddiaçının kredit götürməsində tam maraqlı olması və məqsədinin də gəlir götürmək olması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli 2(006)- 1123/2017 saylı qətnaməsi ilə tam sübut olunduğundan məhkəmə istinad etditi maddi hüquq normalarını bu iş üzrə düzgün tətbiq etməmiş və həmin maddi hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı banka olan borcunu ödəmişdir və bununla bağlı onun reqres hüququ yoxdur. Bundan əlavə məhkəmə tərəfindən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, qətnamədə göstərilir ki, Cavabdeh MMC-yə və üçüncü şəxs qismində işə cəlb edilmiş “Bank VTB (Azərbaycan)” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası MPMnin 387.2.2-ci maddəsinə əsasən, işə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Deməli Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2(002)-2468/2021 saylı qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə iş üçün əhəmiyyəti olan cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Kreditlə bağlı sənədləri tələb etməmişdir. İddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.05.2018-ci il tarixli, 2(005)-1595/2018 nömrəli qətnaməsi üzrə iş materiallarını məhkəmədən tələb etməmiş, iddianın əsaslı olmasını digər sübutlarla sübut etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir. Belə ki, iddiaçının təmənnasız olaraq əmlaklarını ipoteka etməsi və heç bir maddi marağının olmaması məhkəmə kollegiyasına təqdim edilən sübutlarla tam təkzib olunur. İddiaçının reqres hüququnun olmaması isə tam sübut olunur. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ona məxsus olan müvafiq əmlakları məhz kredit alan qismində çıxış edən Cavabdeh MMC-nin bank qarşısında olan müvafiq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.05.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh MMC-dən və digər şəxslərdən 108256,87 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 120 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın digər əmlaklarla yanaşı həmçinin, İddiaçı məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,9 kv m olan frdi yaşayış sahəsi və 0,19 ha sahəsində yerləşən ümumi sahəsi 81 kv m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, həmin əmlakların açıq hərracda ilkin satış qiymətinin 30000 manat və 18000 manat müəyyən edilmişdir. İdidaçı ona məxsus fərdi yaşayış evlərinin satılmaması üçün Cavabdeh MMC-nin bank qarşısında olan borcunun 20000 manat məbləğində olan hissəsini ödədiyini əsas gətirərək, həmin pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi, habelə hərracla bağlı 4800 manat pul ödədiyini, 3000 manat hüquqi xidmət göstərilməsinə görə xərc çəkdiyini əsas gətirərək, həmin pul vəsaitlərinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, İddiaçı ilə üçüncü şəxs qismində çıxış edən "xxxx" MMC arasında hüquqi xidmət göstərilməsinə dair müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məhkəmə qərarına əsasən ödənişüzrə 20000 manat məbləğində pul vəsaiti Şamaxı İcra və Probasiya şöbəsinə ödəniş edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən müvafiq icra sənədi üzrə 20000 manat məbləğində pul vəsaiti ödənilməsi halı aşkardır. Bu halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçının borclu Cavabdeh MMC-nin bank qarşısında olan borcunun ödənildiyi hissəsi miqdarında pul vəsaitinin ona ödənilməsinin reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mülki mübahisəni birgə borcular tərəfindən öhdəliyin icra edilməsi və vurulmuş zərərin qaytarılması barədə qanunvericiliyin müddəalarına əsaslanmaqla həll etmişdir. Lakin hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin götürdüyü kreditin qaytarılması üzrə öz əmlakını ipoteka yüklü etmişdir və o, kreditor qarşısında cavabdehlə birlikdə birgə borclu deyildir. Göründüyü kimi işin müəyən edilmiş faktiki hallarına əsasən hazırkı iddia tələbinin qanuni əsasını öhdəlik institutundan irəli gələn hüquq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Mülki Məcəllənin 431.2-ci madəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Mülki Məcəllənin 431.3-cü maddəsinin tələblərinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göründüyü kimi, iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş və buna borclu kimi cavabdehin razılığı tələb olunmasa da, o, etiraz etməmişdir. İddiaçı bank qarşısında cavabdehin öhdəliyinə görə 20000 manat ödəməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş halıdır. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının üçüncü şəxs kimi kredit müqaviləsinə əsasən yaranmış öhdəliyi kreditor olan “Bank VTB (Azərbaycan)” ASC qarşısında icra etdiyi və kreditorun təklif edilən bu icranı qəbul etməkdən imtina etmədiyi müəyyən edildiyindən, bankın Cavabdeh MMC-yə qarşı olan tələb hüququ müvafiq hissədə iddiaçıya keçmiş və o, bu hüququndan istifadə edərək hazırki iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının həmin kredit müqaviləsi üzrə kredit götürməsində və əmlaklarını girov qoymasında maddi marağı olması və üzərinə həmin kreditlə bağlı öhdəliklər götürməsi barədə apellyasiya şikayətinin dəlilini əsaslı saymır. Belə ki, iş materaillarından görünür ki, qeyd edilən 06.02.2015-ci il tarixli, 120853-1-10194/4 saylı kredit müqaviləsi Cavabdeh MMC ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış, həmin kredit öhdəliyi üzrə borc alan Cavabdeh MMC olmuş, İddiaçı göstərilən kredit üzrə borc öhdəliyi götürməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi 110 manat göstərilmiş hüquqi yardıma görə pul tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarında iddiaçının hüquqi yardım üçün pul 300 manat məbləğində pul ödəməsinə dair hər hansı bir sübut əlavə etməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2(002)-2468/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh MMC-dən 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar