Məhkəmə qərarları › İş №2(103)-9285/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9285/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9285/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “borcun, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, həyat yoldaşı İddiaçı1 cavabdehlə uzun müddətdir dostluq etdiyini, 2017-ci ildə cavabdehin Tahirə “pul ver Moskva şəhərində biznes quraq, şərikinə pul qazanaq” təklifi etdiyini, cavabdehin təklifini evdə müzakirə edib ağlabatan hesab etdiklərini və Bakı şəhərində ev almaq üçün yığdıqları puldan sentyabr ayının əvvəllərində 4000 manat (2353 ABŞ dolları), qısa müddət sonra 2000 ABŞ dolları, 27.09.2017-ci il tarixdə 30 000 ABŞ dolları, 02.10.2017-ci il tarixdə 35 000 ABŞ dolları, bir müddət sonra isə 3000 ABŞ dolları olmaqla ümumilikdə 72 353 ABŞ dolları pul verdiklərini, İlhamın həmin məbləğləri almasının onun özünün səs yazıları və videogörüntülərlə sübuta yetirildiyini, pulun hamısının ona məxsus olduğunu, lakin əri Tahirin vasitəsilə İlhama verildiyini, sonradan İlhamın onları aldatdığını bildiklərini, dəfələrlə pulun qaytarılmasını tələb etsələr də bunun heç bir nəticəsinin olmadığını, polisə etdikləri şikayətdən sonra İlhamın bir nəfər Türkiyə vətəndaşını onların yanına göndərdiyini və həmin şəxsin İlhamın bütün borcunu hissə-hissə özünün ödəyəcəyini dediyini və hissə-hissə 4000 ABŞ dolları ödədiyini, lakin sonradan bu şəxsin də telefonunu söndürüb yoxa çıxdığını bildirmiş, buna görə də Cavabdeh xeyrinə 72 353 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı2 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh 72 353 ABŞ dolları borcun, 12 659 ABŞ dolları əldən çıxardığı faydanın, 50 000 manat mənəvi ziyanın əvəzinin, 30 manat dövlət rüsumunun, yəni cəmi 85 012 ABŞ dollarının və 30 manatın xeyrinə tutulmasını, eyni zamanda özünün əsl iddiaçı qismində İddiaçı1 ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin 16 mart 2021-ci il tarixli qərarı ilə o, İddiaçı1la əvəz olunmuşdur. Bununla yanaşı iş materiallarından görünür ki, sonradan İddiaçı2 yenidən iddiaçı qismində işə cəlb olunmasını xahiş etmiş, məhkəmənin (hakimin) 23 aprel 2021-ci il tarixli qərarı ilə onun bu xahişi təmin olunmuş, məhkəmənin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə isə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı2 xeyrinə 68 353 ABŞ dollarının (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla) və 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəməninin sübutlara düzgün hüquqi qiymət vermədiyi, qanunsuz yolla əldə olunmuş audio yazıları sübut kimi qəbul etməklə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu, işin hallarını tam araşdırmadığı, polisdə aparılan araşdırma zamanı cavabdehin yazdığı qəbzin ondan müstəntiq tərəfindən hədə-qorxu yoluyla alındığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçılar əsas sübut kimi İlhamla telefon danışıqlarını göstərirlər – halbuki, bu danıqlar gizli yolla qeydə alınmaqla sübut kimi istifadə oluna bilməz. Hətta iddiaçıların qeyd etdiyi kimi, İlham onun səsinin yazılması barədə xəbərdar olunsaydı belə, həmin yazılarda onun borc almasını etiraf etməsi barədə danışıq yoxdur. İlhamın polisdə aparılan araşdırma zamanı borcu etiraf etməsi ilə bağlı qəbdə isə hansı məbləğdə puldan söhbət getdiyi göstərilməyib, eyni zamanda bu qəbz təhqiqat aparan müstəntiqin hədə-qorxu gəlməsi nəticəsində yazılmışdır. Belə ki, müstəntiq onu səhərdən axşama qədər ac-susuz saxlamış, İlham da məcbur olub həmin qəbzi yazıb imzalamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun nümayəndəsi (vəkili) Vəkil2, habelə digər İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətin mahiyyətini qiymətləndirməkdə səhvə yol verməklə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddia tələbinin təmin olunmayan hissələri üzrə ümumiyyətlə əsaslandırma aparmayaraq, həmçinin əsl iddiaçı ilə əvəz olunmuş və şahid qismində dindirdiyi şəxsi yenidən iddiaçı statusunda qəbul edərək prosessual qanunvericiliyin pozuntusuna yol vermişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələblərinin qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. İşin tərəflərin (nümayəndələrinin) verdikləri izahatlar, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”lar, eləcə də cavabdehlə İddiaçı1 arasında aparılan telefon danışıqlarının audio yazıları əsasında müəyyən olunmuş hallarına görə, İddiaçı1 və Cavabdeh arasında dostluq münasibətləri olmuş, təxminən 2017-ci ilin sonlarında onlar şərikli biznes fəaliyyəti göstərmək barədə razılığa gəlmiş, İddiaçı1 müəyyən məbləğlərdə pul vəsaitini həm bu məqsədlə, həm də cavabdehin şəxsi ehtiyacları üçün ona vermiş, lakin sonradan aralarında yaranmış anlaşmazlıq nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır. İş materiallarında olan, Bakı şəhəri Nizami rayon Polis idarəsində aparılmış araşdırma materialından görünür ki, Tahir və İradə İsmayılov(a)ların şikayəti əsasında adı çəkilən orqanda aparılan araşdırma zamanı Cavabdeh İddiaçı1la şərikli biznes fəaliyyəti ilə bağlı razılaşdıqlarını və buna görə ondan pul istədiyini inkar etsə də, Tahirin bir dost kimi ona 2000 manat verdiyini bildirmiş, 08.09.2020-ci il tarixdə yazdığı iltizamda “bir həftə ərzində İddiaçı1 aldığı pulun bir qismini ödəyəcəyinə” dair öhdəlik götürmüşdür. İş materiallarında olan və İddiaçı1la Cavabdeh arasında aparılan telefon danışıqlarına aid olduğu mübahisələndirilməyən səslərin əks edildiyi SD diskdəki yazıların çıxarışlarından görünür ki, İddiaçı1 “İlham, sən dedin ki, pul olsa işləyirdik, belə oldu-elə oldu, mən dedim pul taparam – 9 min vardı, dedin çox olsa çox işləyirik, İlkinin məktəbi üçün 4000 verdim, sonra sən 2000 dollar aldın getdin Moskvaya, oradan zəng vurub dedin yüz faizli işlərdir, 30 min dollar göndərdim, sonra 35 min dollar da göndərdim” dediyi zaman Cavabdeh “mən sənə bu yaxında 35 000 dollar, qalanını 10 min-10 min olmaqla yanvarın sonuna kimi verəcəm, yanvarın sonuna kimi səninlə qurtaracam qardaş” cavabını vermiş, digər danışıqlarda Tahirdən ümumilikdə 67 000 ABŞ dolları aldığını səsləndirmişdir. İddiaçı1, İddiaçı2, Cavabdeh, sonuncunun həyat yoldaşı Gülnarə və oğlu Elçin arasında Cavabdeh yaşadığı evdə aparılan danışıqların audioyazısının çıxarışından (həmin danışıqların və audioyazıdakı səslərin adı çəkilən şəxslərə aid olduğu mübahisələndirilməməkdədir) aydın olur ki, Cavabdeh Tahirdən 67 000 ABŞ dolları aldığını bildirmiş, həmin vəsaitin biznes fəaliyyətinə yönəldildiyini və Məsut Şen adlı Türkiyə Respublikası vətəndaşı tərəfindən mənimsənildiyini qeyd etmiş, onlar pulun hansı şəkildə qaytarılacağı barədə müzakirələr aparmışlar. İşin Tahir və İradə İsmayılov(a)ların özlərinin izahatları, eləcə də iş materiallarına əlavə olunmuş qəbz surətləri ilə müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Mesut Şen adlı şəxs Cavabdeh İddiaçı2 ödəməli olduğu puldan müxtəlif tarixlərdə olmaqla cəmi 4000 (dörd min) ABŞ dollarını sonuncuya vermişdir. Beləliklə aydın olur ki, İddiaçı1 tərəfindən Cavabdeh həm şərikli biznes fəaliyyəti göstərmək məqsədlə, həm də cavabdehin şəxsi ehtiyacları üçün külli miqdarda pul vəsaitləri verilmiş, lakin həmin işbirliyi baş tutmamış, onların arasında aparılmış telefon danışıqlarında və audiolentə alınmış digər danışıqlarda Cavabdeh bu faktı etiraf edərək, İddiaçı1 ümumilikdə 67 000 ABŞ dolları aldığını və qaytaracağını bildirmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Tahir və İsmayılov(a)lar tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı1la apardığı telefon danışıqlarında və audioyazısı aparılmış digər danışıqlarda ondan 67 000 ABŞ dolları pul vəsaiti aldığını və onu qaytaracağını bildirməsi, həmin vəsaitin 4000 ABŞ dollarının onun adından geri qaytarılması, işin hallarının məcmusunda qiymətləndirildiyində onun hazırda İddiaçı1 63 000 ABŞ dolları ödəməli olduğu nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Şərh olunanlara əsasən kollegiya, İddiaçı1 cavabdehə 67 000 ABŞ dolları pul vəsaitini sonradan həyata keçirilməmiş və ya aradan qalxmış əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğin ödənilməmiş hissəsi olan 63 000 (altmış üç min) ABŞ dolları Cavabdeh İddiaçı1 xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. İddiaçı1la arasında aparılan telefon danışıqlarının, eləcə də digər audioyazıların qanunsuz yolla əldə edilmiş olması etibarilə sübut kimi istinad olunmasının yolverilməzliyi barədə Cavabdeh arqumentini isə kollegiya aşağıda göstərilənlərə görə əsassız hesab edir: “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində də mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X1 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bununla belə kollegiya iddiaçıların “12 659 ABŞ dolları əldən çıxardığı faydanın Cavabdeh tutulması” tələblərini əsassız hesab edir; belə ki, həmin tələbin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bununla yanaşı qanunverici, Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İddiaçı1 özünün bildirdiyinə görə o, cavabdehə pul vəsaitini onunla şərikli görəcəyi işdən gəlir əldə etmək məqsədilə vermiş, cavabdeh bu vəsaiti qanunsuz saxlamamış, sadəcə razılaşdıqları biznes fəaliyyəti alınmadığı üçün aldığı vəsaiti geri qaytarmaq öhdəliyi yaranmışdır. Başqa sözlə, İddiaçı1 həmin tələbinin qanuni əsasının dispozitiv əlamətləri mövcud deyildir və bu səbəblə sözügedən tələb təmin oluna bilməz. Kollegiya iddiaçıların “mənəvi ziyana görə 50 000 manatın cavabdehdən alınaraq onlara ödənilməsi” tələbini də əsassız hesab edir; belə ki, onlar, iddialarının bu hissəsini konkret faktlarla sübuta yetirməmiş, onlara konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı1 ödənilməli, apellyasiya şikayəti verərkən ödədiyi rüsum məbləği isə apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1379/2021 saylı iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 63 000 (altmış üç min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), həmçinin dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq İddiaçı1 verilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar