Məhkəmə qərarları › İş №2(103)-929/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-929/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-929/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.000 ABŞ dolları borcun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı məhkəməyə Günel Abdullayevanın şəxsiyyət vəsiqəsinin surəti, onun tərəfindən imzalanmış borc müqaviləsi, Cavabdeh1 imzası ilə qəbz, Cavabdeh1lə G.Abdullayeva arasında bağlanmış nikah şəhadətnaməsinin surəti, Cavabdeh2 mənzilinin çıxarışının surəti, mənzilin texniki pasportunun surəti olmaqla, cəmi 6 ədəd sübut növü təqdim etmişdir. O, xəstə, yaşlı və savadsız bir qadındır. Bu halda sübutları necə saxtalaşdıra bilər? Bu sənədləri ona Cavabdeh1 təqdim etmiş və onu inandıraraq qaynatası ilə birlikdə pulu ələ keçirmişlər. Məhkəmə isə, qətnamədə bu sübutları qeyd etməmiş və onların mötəbərliyini şəxsi mülahizəsi ilə şübhə altına almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, cavabdehlərə ümumilikdə 23.000 ABŞ dolları borc verdiyini bildirərək, həmin məbləğdə pulun alınaraq ona verilməsini tələb edir. Cavabdehlər isə, iddiaçıdan borc almadıqlarını, onun tərəfindən məhkəməyə saxta səndlər təqdim olunduğunu bildirərək, iddianı təkzib edirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tələbin hüquqi əsası ola biləcək normanın məzmununa görə, kreditor, pul vəsaitini borcluya verməli, sonuncu isə aldığı pulu qaytarmalıdır. Borclunun pul vəsaitini kreditora qaytarmaq öhdəliyinin yaranması üçün həmin predmetin ona verildiyi sübut olunmalıdır. Bu baxımdan, mübahisə halında borcun tutulmasını tələb edən iddiaçı ilk növbədə cavabdehə borc verdiyini sübuta yetirməlidir. Baxılan işdə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbdə göstərilən məbləğdə pul vəsaitini verməsini (və ya cavabdehlərin ona həmin məbləğdə borclanmasını) təsdiqləyən mötəbər sübutları təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, borc münasibətində pulun verilməsini təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi, yaxud borcun etirafı barədə sənəddir. Qeyd olunduğu kimi bu işdə cavabdehlər, iddiaçıdan borc aldıqlarını etiraf etmirlər. İddiaçı isə, pulun verilməsi ilə bağlı təsdiqedici dəlil kimi iddia ərizəsinə əlavə etdiyi Günel Talıbovanın adından tərtiblənmiş xx.xx.2019-cu il tarixli borcun etirafı barədə sənədə, Cavabdeh1 adından yazılmış və imzalanmış xx.xx.2019-cu il tarixli borcun etirafı barədə sənədin kserosurətinə və G.Abdullayeva ilə Cavabdeh1 arasında nikahın bağlanmasına dair şəhadətnamənin, eyni zamanda digər cavbdeh Cavabdeh2 mülkiyyətində olan əmlak barədə hüquqmüəyyənedici sənədlərin kserosurətlərinin onda olmasına əsaslanır. Günel Talıbovanın adından tərtiblənmiş xx.xx.2019-cu il tarixli borcun etirafı barə sənəddə qeyd olunmuşdur ki, o, İddiaçı 60.000 ABŞ dolları məbləğində borc almış və 3 gün müddətində qaytamaq şərtilə evinin sənədini girov vermişdir. Kollegiya, hesab edir ki, G.Talıbova (Abdullayeva) hazırkı iş üzrə cavabdeh olmadığından, dolayısı ilə də həmin sənəd mötəbər hesab olunsa belə, mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Cavabdeh1 adından yazılmış və imzalanmış xx.xx.2019-cu il tarixli borcun etirafı barədə sənəd isə kserosurət olmaqla, əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Ona görə də, qeyd olunan sənəd mötəbər sübut sayılmır. Kollegiya, eyni zmanada, hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş yuxarıda sadalanan digər sənədlər də (Cavabdeh2 məxsus əmlaka dair hüquqmüəyyənedici sənədlər, G.Abdullayeva ilə Cavabdeh1 arasında nikah haqqında şəhadətnamə) iddiaçı tərəfindən cavabdehlərə tələbdə qeyd olunan məbləğdə borcun verilməsinin təsdiqi üçün kifayətedici və mötəbər sübut hesab edilə bilməz. Çünki, cavabdehlərə məxsus bu sənədlərin surətlərinin iddiaçıda olması cavabdehlər baxımından heç bir öhdəlik yaratmadığı kimi, iddiaçı üçün də heç bir hüquq yaratmır. Beləliklə, iddiaçı, MM-in 739.1-ci maddəsinin zəruri dispozisiya şərtini-cavabdehə pul vəsaitləri verməsini təsdiqləyən mötəbər və kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübutetmə yükü baxımından bu halları sübut etmək iddiaçının vəzifəsidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddinı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1347/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar