Məhkəmə qərarları › İş №2(103)-9305/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9305/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9305/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1067/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 12.456,14 ABŞ Dolları məbləğində kredit borcu, 14.718,61 ABŞ Dolları məbləğində faiz borcu və 13.577,09 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 40.751,84 ABŞ Dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 40.751,84 ABŞ dolları borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1067/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12456,51( on iki min üz dörd yüz əlli altı dollar, 51 sent) ABŞ dollar məbləğində əsas borc, 8902,36(səkkiz min doqquz yüz iki dollar, 36 sent) ABŞ Dollar məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dollar məbləğində cərimə, cəmi 21858,87 (iyirmi bir min səkkiz əlli səkkiz dollar 87 sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat və 10 (on) manat rüsümun və xidmət haqqı kimi 20 (iyirmi)manat məbləğində xidmət haqqı olan dövlət rüsumları məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan cəmi 21858,87 (iyirmi bir min səkkiz əlli səkkiz dollar 87 sent) ABŞ dolları pul vəsaiti iddiaçı "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC–yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsinin ilkin satış qiyməti 28.000(iyirmi səkkiz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesaba keçirilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnaməsinin faizlərlə bağlı hissədə ləğv edilməsi və faizlərin tam silinməsi, bankın faizlərlə bağlı iddia tələbinin rədd edilməsi, əsas borc üzrə yenidən cədvəl tutulmaqla banka olan borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hazırki iş üzrə qətnaməsi faizlərlə bağlı olan hissədə maddi və prosessal hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamənin faizlərlə bağlı hissəsi ləğv edilməli və iddia faizlərlə bağlı hissədə rədd edilməlidir. İddia ərizəsində göstərilən faizlərlə bağlı hissə əsassızdır və o təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin faiz borcu hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1067/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 14.11.2014-cü il tarixdə bağladığı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 25.08.2014-cü il tarixdə bağladığı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları 11.03.2015-ci il tarixli 002R**********S saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə ödəniş müddəti 19 fevral 2019-cu il tarixə kimi uzadılmışdır. İş materiallarında olan tərəflərin imzaladıqları 17.02.2016-cı il tarixli 002R**********SB saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə verilmiş kreditin qalıq məbləğinə 17.02.2016-cı il tarixdən aylıq 1,75 faiz dərəcəsi ilə faizlərin hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan tərəflərin imzaladıqları 06.14.2016-cı il tarixli 002R**********SC saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə verilmiş kreditin qalıq məbləğinə 16.04.2016-cı il tarixdən aylıq 1,6667 faiz dərəcəsi ilə faizlərin hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan tərəflərin imzaladıqları 22.07.2016-cı il tarixli 002R**********SD saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə ödəniş müddətinin son tarixi 19 noyabr 2018-ci il kimi müəyyən edilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları 16.02.2017-ci il tarixli 002R**********SE saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə ödəniş müddətinin son tarixi 19 sentyabr 2017-ci il kimi müəyyən edilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları 19.09.2017-ci il tarixli 002R**********SF saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsinin müddəti 22 oktyabr 2018-ci il tarixinə kimi uzadılmışdır. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 14.11.2014-cu il tarixdə bağlanmış 002S**********04 saylı zaminlik müqaviləsi ilə sonuncu AccessBank” QSC ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2014-cü il tarixli 002R********** №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımasını üzərinə götürmüşdür. Eyni zamanda işi materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh2 11.04.2016-cı il tarixdə bağlanmış 002S**********01 saylı saylı zaminlik müqaviləsi ilə sonuncu AccessBank” QSC ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2014-cü il tarixli 002R********** №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımalarını üzərlərinə götürmüşdür. İş materiallarında olan 14 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasındakı 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2021-ci il tarixli, 9/2034 saylı rəyi ilə müəyyən olunur ki, tərəflər arasında olan kredit müqaviləsinə görə Cavabdeh3 22.10.2018-ci il tarixə əsas borcu 13350,51 ABŞ dolları, faiz borcu üzrə 8.902,36 ABŞ dolları cəmi 22252.36 ABŞ dolları təşkil edir. Beləliklə, iş materiallarından görünür ki, Cavabdeh3 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri “«AccessBank” QSC-nə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Məmmədov Heysər Şaxmərdan oğlu kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının ondan və və onun zaminlərindən kredit müqaviləsinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni tələb edilməsi hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehdən 8902,36 (səkkiz min doqquz yüz iki dollar, 36 sent) ABŞ Dollar məbləğində faiz borcu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamə üzrə faiz borcunun tutulması hissəsində narazı olduğunu qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2021-ci il tarixli, 9/2034 saylı rəyi ilə də müəyyən olunur ki, tərəflər arasında olan kredit müqaviləsinə görə Cavabdeh3 22.10.2018-ci il tarixə faiz borcu üzrə 8.902,36 ABŞ dolları təşkil edir. Kollegiya həmçinin apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, hazırki halda borcun hissə-hissə ödənilməsinin müəyyən edilməsi məhkəmə səlahiyyətindən kənardır. Həmçinin apellyasiya şikayətində qeyd edilənlər cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələrin hissədə qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1067/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1067/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar