Məhkəmə qərarları › İş №2(103)-9306/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9306/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9306/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasından 14.06.2017-ci il tarixdə bağlanmış “Borcun etirafı haqqında müqavilə” üzrə cavabdehin ona qaytarmalı olduğu borcun ödənilməsi məqsədi ilə 15.000 ABŞ dolları və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.06.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh aralarında əldə olunmuş razılığa əsasən notarial qaydada “Borcun etirafı haqqında müqavilə” bağlanmışlar ki, həmin müqaviləyə əsasən cavabdeh etiraf etmişdir ki, iddiaçıya 15.000 ABŞ dolları məbləğində borcu var və üzərinə öhdəlik götürmüşdür ki, həmin borcu 14.06.2018-ci il tarixədək hissə-hissə olaraq iddiaçıya qaytaracaq. İddiaçı qeyd edilən məbləği cavabdehə versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etməmiş, iddiaçıya olan borcu müqavilədə qeyd edilən müddətdə və iddiaçının cavabdehə əlavə olaraq verdiyi müddət ərzində qaytarmamışdır. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək borcun ödənilməsini tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 15.000 ABŞ dolları məbləğində pulun öhdəlik icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işə baxarkən məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da cavabdehin müdafiə hüququnu pozmuşdur. Bundan başqa, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 14.06.2017-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı Şəhəri 6 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək müvafiq reyestr kitabında 3M-1147 nömrə altında qeydə alınmış “Borcun etirafı haqqında müqavilədən” görünür ki, cavabdeh həmin müqaviləyə əsasən etiraf etmişdir ki, iddiaçıya 15.000 ABŞ dolları məbləğində borcu var və üzərinə öhdəlik götürmüşdür ki, həmin borcu 14.06.2018ci il tarixədək hissə-hissə olaraq iddiaçıya qaytaracaq. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etməmiş, ona olan borcu müqavilədə qeyd edilən müddətdə və onun cavabdehə əlavə olaraq verdiyi müddət ərzində qaytarmamışdır. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində iddianın rədd edilməsini xahiş etsə də, iddiaçıdan borc almadığını və ya iddiaçıya olan borcu qaytardığını bildirməmiş, qeyd edilən halları təsdiq edə biləcək sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bildirir ki, cavabdehin yuxarıda qeyd edilən məbləğdə iddiaçıya borcunun olması notarial qaydada təsdiq edilmiş müqavilə ilə təsdiq edildiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasların mövcudluğu məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən, bu kimi əsasların mövcud olmasını təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmədiyindən hesab edilməlidir ki, hazırki işdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh, iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. O, apelyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, dəlillərinin müdafiəsinə maraq göstərməmiş, heç bir sübut təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin yuxarıda qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi öhdəlik mövcuddur; cavabdehin iddiaçıya 15.000 ABŞ dolları məbləğində borcu var və o, həmin borcu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəlləsinin 882-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (maddə 882.2.). Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur (maddə 882.3.). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (maddə 882.4.). Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (maddə 882.5.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində cavabdeh bildirir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasında onun iştirakını lazımi qaydada təmin etməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da onun hüququnu pozmuşdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS Şöbəsi tərəfindən verilmiş arayışdan və apellyasiya şikayətinə əlavə edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, cavabdeh, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, 4048, ev № 2, mənzil № 11-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə bildirişlərini qeyd edilən həmin ünvan üzrə cavabdehə bir neçə dəfə göndərmişdir. “Poçt göndərişinin verilməsi haqqında qəbzdən” (iş v. 44) görünür ki, məhkəmə bildirişi cavabdeh tərəfindən alınmışdır. “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən” (iş v. 36) görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin adına olan mobil telefon nömrəsinə də, elektron bildiriş göndərmiş və sms həmin nömrəyə daxil olmuşdur. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi üzərinə düşən və MPM-də nəzərdə tutulmuş vəzifəni yerinə yetirmiş, lakin məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Belə olan halda hesab edilməlidir ki, MPM-nin 185.5-ci maddəsinə əsaslanmış Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş hesab edilir. Müzakirə edilə dəlil əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar