Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9309/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” 2(011)-5065/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2021-ci il il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 25.07.2019-cu il tarixli, 6-Y-1-0-2129-19 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə, illik 22% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Lakin borc alan kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Buna görə də, onun banka 3964,30 manat əsas borc, 450,54 manat faiz borcu, 105,42 manat cərimə olmaqla cəmi 4520,26 manat borcu qalmışdır Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 25.07.2019-cu il tarixli, 6-Y-1-0-2129-19 saylı kredit müqaviləsi üzrə 3964,30 manat əsas borc, 450,54 manat faiz borcu, 5,42 manat cərimə olmaqla cəmi 4420,26 (dörd min dörd yüz iyirmi manat 26 qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun 29,40 (iyirmi doqquz manat 40 qəpik) manat hissəsinin İddiaçı ASC-nin xeyrinə tutulması, “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış 25.07.2019-cu il tarixli, 6-Y- 1-0-2129-19 saylı kredit müqaviləsinin ləğv edilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hələ məhkəmə əmrinə etirazda yazılı olaraq təqdim etmiş olduğu və araşdırılmasını məhkəmədən xahiş etmiş olduğu məsələlər ümumiyyətlə araşdırılmamışdır. Bildirmişdir ki, bankla aralarında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit aylıq olmaqla müntəzəm hər ay banka ödənilmişdir. Daha sonra pandemiya səbəbilə işdən çıxarılması ilə əlaqədar ödənişləri ödəyə bilməmişdir. Eyni zamanda əsas borc da daxil olmaqla faiz və cərimələrin məbləği dəqiq deyildir və bununla bağlı əlavə dəqiqləşdirmələr aparılmalıdır. Banka şifahi şəkildə iş yerini itirdiyinə görə maliyyə vəziyyətinin pisləşməsinə dair məlumat da vermiş, lakin, bu xüsusat da nəzərə alınmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış 25.07.2019-cu il tarixli, 6-Y-1-0-2129-19 saylı kredit müqaviləsinə əsasən, borc verən tərəfindən borc alana istehlak məqsədi ilə 36 ay müddətinə, illik 22% hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.07.2019-cu il tarixli, 6-Y-1-0-2129-19 saylı kredit müqaviləsi üzrə banka 3964,30 manat əsas borc, 450,54 manat faiz borcu, 105,42 manat cərimə olmaqla cəmi 4520,26 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində qanunun normalarına istinad etsə də, qətnamənin hansı əsasdan ləğv edilməsi barədə heç bir mövqe irəli sürməmişdir. Borcalan kredit müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü kredit öhdəliyini lazımınca və vaxtında yerinə yetirmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(011)-5065/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9309/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9309/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver