Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-931/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1213/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 75000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra rayon məhkəməsi) 2(003)- 1213/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli bütün faktlar araşdırılmamışdır, belə ki, rayon məhkəməsi iddianı rədd edərkən iddia ilə bağlı tərəfin sübutlar təqdim etmədiyini əsas gətirmişdir, halbuki iş materiallarında olan 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda “...İddiaçı Cavabdeh 75000 ABŞ dollar məbləğində pul verməsi öz əksini tapsa da...” faktı qeyd olunmuşdur. Bundan başqa, həmin qərarda cavabdehin 25000 ABŞ dollarını borc kimi qəbul edərək qaytaracağını öhdəsinə götürdüyü və artıq həmin məbləği İddiaçı tamamilə qaytardığına dair izahat öz əksini tapmışdır, buna baxmayaraq həmin qərarın mülki işə baxan məhkəmə üçün məcburi olması barədə qanunun tələbi də aşkar surətdə pozulmuşdur. İddiaçı bildirir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız olaraq tərəflər arasında hər hansı yazılı borc müqaviləsinin olmamasına əsaslanmışdır, lakin qanunvericilikdə bununla bağlı təsbit olunmuş şərt etibarlılıq yox, sübutetmə şərtidir, eyni zamanda tərəflər arasında vaxtilə qohumluq münasibətləri olduğu üçün aralarında borc müqaviləsi bağlamamış, cavabdeh də sonradan bundan sui-istifadə etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, cavabdeh onun kürəkənidir, Şağan qəsəbəsindəki köhnə evi təmir etmək üçün ondan pul istəmiş, qarşılığında isə həmin evi arvadının – iddiaçının qızının adına rəsmiləşdirəcəyinə dair söz vermiş, iddiaçı ona inanmış, aralarında qohumluq münasibətləri olduğundan yazılı müqavilə bağlamamışlar, sonradan qızı ilə cavabdeh arasında münasibətlər pisləşdikdə cavabdeh bundan sui-istifadə edərək verdiyi sözü yerinə yetirməmiş, həmin evi tikib qurtardıqdan sonra vədinə əməl etməyərək evi arvadının adına deyil, öz anasının adına keçirmiş, aldığı pulu da qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı bildirdi ki, hazırkı məsələ ilə bağlı, yəni cavabdehə 75.000 ABŞ dolları pul verməsinə dair mötəbər sübutlar – şahid ifadələri, pulun alınmasına və qaytaracağına dair cavabdehin etirafını təsdiq edən videoyazı və nəhayət, bu halı müəyyən edən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 yanvar 2020-ci il tarxili qərarın olmasına baxmayaraq, rayon məhkəməsi aşkar surətdə birtərəfli mövqe tutaraq əsassız və ədalətsiz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili O.Xudatlı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, məhkəmə “hüququ bilir” prinsipinə rəğmən birinci instansiya məhkəməsi hazırkı iddianı əsassız varlanma kimi deyil, borc tələbi kimi tövsif etmiş, biri digərini tamamlayan sübutlara, o cümlədən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara düzgün qiymət verməmişdir, halbuki həmin qərar məhkəmə üçün imperativ xarakter daşıyır, rayon məhkəməsi sübutları qiymətləndirərkən də MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, həqiqətən də iddiaçı ilə cavabdeh qohumdur, iddiaçının qızı cavabdehin arvadıdır, cavabdeh həqiqətən də köhnə evini söküb yenisini inşa etmişdir, lakin bunu öz vəsaiti ilə həyata keçirmişdir, həmin ev anasının adına olmuş, yeni inşa edilən ev də onun adına sənədləşdirilmişdir, cavabdeh bir neçə ildir ki işləmir, tərəflər arasında borc münasibətləri olmamış, əksinə iddiaçı kürəkəninə, əslində isə öz qızına qohum kimi müəyyən maddi yardımlar etmiş, lakin bu vəsaitləri borc deyil hədiyyə kimi vermişdir, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda müəyyən olunanların isə heç bir əhəmiyyəti ola bilməz, çünki həmin qərar hökm olmadığından mülki işə baxan məhkəmələr üçün onun preyudisiallığı yoxdur, bu səbəbdən də, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, şikayətin isə təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Sabunçu RPİ-nin İŞ-nin 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh öz izahatında İddiaçı 25000 ABŞ dollarını borc kimi qəbul edərək qaytaracağını öhdəsinə götürdüyü və artıq həmin məbləği İddiaçı tamamilə qaytardığına dair izahat vermişdir. Həmin qərarın nəticə hissəsində qeyd olunmuşdur: “Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı kürəkəni Cavabdeh 75000 dollar pul verməsi öz təsdiqini tapsa da, Cavabdeh hərəkətlərində həmin pulu ələ keçirib etibarından sui-istifadə edib aldadaraq dələduzluq əməli törətməsi mötəbər dəlillərlə təsdiq edilmir.” Şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh ona atasından pul almağı xahiş etmiş, o atasından pul almışdır. Atası cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 75000 ABŞ dolları borc vermişdir. İddiaçı həmin pul məbləğini ilk dəfə onun yanında, Bilgəhdə 20000 ABŞ dolları, daha sonra isə 10000 ABŞ dolları olmaqla iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsindəki 1C saylı 48 nömrəli mənzildə vermişdir. Pulun bir hissəsini tovuzlu qohumları olan Əli vasitəsilə cavabdehə göndərmişdir. Pulları təmir, mebel və s. üçün xərcləyirdi. Atası pulları verməyi ilə bağlı cavabdehdən heç bir yazılı iltizam almayıb, çünki Əsgər hazır olduqdan sonra evi onun adına rəsmiləşdirəcəyinə dair söz vermişdir. Əgər Əsgərin evi onun adına olsaydı, atası pulu Əsgərdən istəməyəcəkdi. Cavabdeh Şağan qəsəbəsində yerləşən evini onun atasının vəsaiti hesabına tikmişdir. Şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasının dayısı oğludur. Cavabdeh Əsgərin Şağan qəsəbəsində evi olmuş, o həmin evdə olmuşdur. O, bağ evinə gedən vaxtlar orada təmir işləri getmişdir. İddiaçı Əsgərə onun iştirakı ilə 75000 ABŞ dolları məbləğində borc pul vermişdir. O, maşını sürmüş, iddiaçı ilə birlikdə gedib Əsgərə 25000 ABŞ dolları pul vermişdir. Qalan 50000 ABŞ dolları pulu isə iddiaçı qızı Leyla vasitəsilə cavabdehə vermişdir. O, cavabdehin iddiaçıya 75000 ABŞ dolları borcu olduğunu eşitmişdir. Şahid qismində dindirilən X4 öz izahatında göstərmişdir ki, İddiaçı onun həmyerlisidir, Cavabdeh ilə arasında tanışlıq münasibətləri var. İddiaçı 2017-ci ilin yayında Moskva şəhərində olduğu zaman ona zəng edərək Cavabdeh 20000 ABŞ dolları verməyini xahiş etmiş, iddiaçıya 30000 ABŞ dolları borcu olduğundan, borcun 20000 ABŞ dolları hissəsini cavabdehlə Bakı şəhərində görüşərək ona vermişdir. Görüş əsnasında Cavabdeh Şağan qəsəbəsindəki həyət evini sökərək yerində yeni ev inşa etdiyini və maddi baxımdan çətinlik çəkdiyindən pula ehtiyacı olduğunu bildirmişdir. Qeyd: iddiaçının təqdim etdiyi və rayon məhkəməsi tərəfindən mülki işin materiallarına əlavə edilmiş videoyazıdan görünür ki, görüntülərdə İddiaçı, Cavabdeh və ... olmaqla 3 nəfər tərəflər arasında pulla bağlı söhbət edir, söhbət boyu cavabdeh və iddiaçı pulun məbləği və təyinatı barədə müxtəlif fikirlər bildirir, cavabdeh yalnız pulun bir hissəsini – 25000 dolları qaytarmalı olduğunu, hissə-hissə ödəyə biləcəyini, hazırda nağd qaydada pul verə bilməyəcəyini, obyektini satışa qoyduğunu, pul əvəzi iddiaçıya obyetini verə biləcəyini bildirir, yazının 14-15-ci dəqiqələrində isə cavabdeh iddiaçıya onun tələb etdiyi bütün məbləği, 25000 yaxın vaxtlarda, onların evinə qoyduğu 50.000 dolları isə sonra qaytaracağını bidirir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Hazırkı mübahisənin həlli ilə bağlı Məhkəmə Kollegiyası (bundan sonra Məhkəmə) aşağıdakıları qeyd edir. İddiaçı bildirir ki, cavabdeh onun qızının əridir, cavabdeh Şağan qəsəbəsindəki köhnə həyət evini söküb yerində yeni müasir ev tikmək qərarına gəlmiş, cavabdeh həmin vaxt artıq işləmirdi, ona müraciət edərək maddi köməklik göstərməsinin xahiş etmiş və vəd etmişdir ki, həmin evi tikilb qurtardıqda onu qızının (cavabdehin arvadının) adına rəsmiləşdirəcəkdir, bu əsasla da o, cavabdehə 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla 75.000 ABŞ dolları pul vermiş, sonradan cavabdehlə qızının münasibətləri pozulmuş, evin tikintisi başa çatdıqda isə cavadeh vədini pozaraq həmin evi qızının adına rəsmiləşdirməmiş, sonradan qızı ilə cavabdeh rəsmi surətdə boşanmaq qərarına gəlmişlər, dəfələrlə pulun qaytarılması barədə apardıqları danışıqlar heç bir nəticə verməmiş, cavabdeh hər dəfə vaxt istəmiş, yayınmış, sonda isə pulu qaytarmaqdan, ümumiyyətlə, imtina etmiş, hazırda o, cavabdehdən həmin pulun qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, ilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. Çünki istənilən mübahisənin qanuni və əsaslı həlli mütləq qaydada iddia tələbinin qanuni əsasının düzgün müəyyənləşdirilməsindən birbaşa asılıdır. Bununla bağlı Məhkəmə göstərir ki, iddia tələbini rədd edən rayon məhkəməsi iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739, 740, habelə 666.1 və 666.2-ci maddələrinə istinad etmişdir. Eyni zamanda iddia ərizəsindən də görünür ki, iddiaçı hazırkı ərizəsində “borc” ifadəsindən istifadə etmiş və tələbinin qanuni əsası kimi MM-in 739.1, 740, 21.1, 21.2, habelə 1096.1 və 1096.2-ci maddələrinə əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, MPM-in 77.1-ci maddəsində təsbit olunmuş qayda tərəflərin üzərinə istinad etdiyi hallara dair yalnız sübut təqdim etmək vəzifəsi qoyur. MPM-in 53-cü maddəsinin tələbinə görə də iddiaçı iddiasının əsasını və predmetini dəyişməyə, habelə tələbin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlardan da göründüyü kimi tələbin əsasının və predmetinin dəyişilməsi, habelə tələbin həcminin artırılıb-azaldılması müstəsna olaraq iddiaçının (tərəflərin) bilavasitə iradəsindən asılıdır və bu, işin faktiki halları ilə bağlı olub, qətiyyən hüquq normalarının tətbiqinə aid deyildir. Çünki iddia tələbinin qanuni əsasının tapılması və müəyyən edilməsi müstəsna olaraq işə baxan məhkəmənin səlahiyyətinə aid olmaqla, həm də onun vəzifəsidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2017-ci il tarixli Qərarında da təsbit olunmuşdur ki: “... məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etməklə mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxslərin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.” Belə olan halda aydın olur ki, rayon məhkəməsi hazırkı iddia tələbinin qanuni əsasını müəyyən edərkən iddiaçının istinad etdiyi qanun normalarına əsaslandığından, başqa sözlə, iddia tələbinin qanuni əsasını düzgün müəyyən edə bilmədiyindən, iş üzrə səhv nəticəyə gəlmişdir. Halbuki iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclaslarında iddiaçı tərəfin verdiyi izahatlar və işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İddia tələbinin qanuni əsasının tapılmasından sonra növbəti mərhələ iddiaçının bildirdiyi halların qanunun dizpozitiv şərtlərinə uyğun gəlib-gəlməməsini yoxlanılmasından ibarət olmalıdır. Bu baxımdan iddiaçı bildirir ki, cavabdeh onun qızının əridir, cavabdeh Şağan qəsəbəsindəki köhnə həyət evini söküb yerində yeni müasir ev tikmək qərarına gəlmiş, cavabdeh həmin vaxt artıq işləmirdi, ona müraciət edərək maddi köməklik göstərməsinin xahiş etmiş və vəd etmişdir ki, həmin evi tikilb qurtardıqda onu qızının (cavabdehin arvadının) adına rəsmiləşdirəcəkdir, bu əsasla da o, cavabdehə 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla 75.000 ABŞ dolları pul vermiş, sonradan cavabdehlə qızının münasibətləri pozulmuş, evin tikintisi başa çatdıqda isə cavabdeh vədini pozaraq həmin evi qızının adına rəsmiləşdirməmiş, sonradan qızı ilə cavabdeh rəsmi surətdə boşanmaq qərarına gəlmişlər. Bununla da məlum olur ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür. Belə ki, - birincisi, hazırkı halda əsassız varlanma həyata keçməmiş əsasa cavabdehin iddiaçıdan aldığı pul müqabilində verdiyi vədə əməl etməməsinə söykənir; ikincisi, iddiaçı əmlakından –75000 ABŞ dollarından məhrum olmuşdur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak – 75000 ABŞ dolları əldə etmişdir. Məhkəmə qeyd edir ki, növbəti mərhələ iddiaçının istinad etdiyi hallara dair sübutların yoxlanılmasıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 76-cı maddəsində sübutların anlayışı verilmişdir: tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Hazırkı halda iddiaçı tələbinin əsası kimi öz izahatından başqa, tərəflər arasında danışıqları əks etdirən videoyazını, üç şahid ifadəsini və 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” cinayət təqibi orqanının qüvvəyə minmiş qərarını təqdim etmişdir. Cavabdeh iddiaya qarşı etiraz etmişdir. Cavabdeh tərəf etirazında tərəflər arasında borc münasibətlərinin olmadığını, həmin dövrə borc münasibətlərinin yazılı şəkildə rəsmiləşdirilməli olduğunu, iddiaçı ilə cavabdehin qohum (qızının əri) olduğunu, bir müddət əvvəl münasibətlərinin pozulduğunu, cavabdehin bir neçə meddətdir ki, işdən çıxdığını, hazırda boşanma işinin məhkəmədə baxıldığını, iddiaçının qeyd etdiyi evin həqiqətən də sökülüb yenidən tikildiyini, lakin bunun cavabdehin öz vəsaiti hesabına olduğunu, həmin evin yerində olan köhnə evin də anasının adına olduğunu, iddiaçının öz qızının ailəsinə müəyyən məbləğdə maddi yardımlar etdiyini, amma həmin vəsaitin borc deyil, hədiyyə olduğunu, cavabdehlə iddiaçının qızının münasibətləri pozulduqdan sonra hazırkı pul tələbinin ortaya çıxdığını, iddiaçının istinad etdiyi 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” cinayət təqibi orqanının qüvvəyə minmiş qərarının isə preyudisial əhəmiyyətə malik olmadığını göstərmişdir. İddianı rədd edən rayon məhkəməsi həm də iddiaçının tələbini sübuta yetirə bilməməsinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, rayon məhkəməsi sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərinə əməl etməmişdir. Həmin normanın tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı halda iddiaçının tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi sübutlar yuxarıda qeyd edilmişdir. Məhkəmə rayon məhkəməsinin iddiaçı ilə cavabdeh arasında pulla bağlı danışıqları əks etdirən videoyazının MPM-in 76.3-cü maddəsinin tələbləri baxımından yolverilməz sübut olmasına dair mövqeyini əsaslı hesab edir və onunla razılaşır. Bununla yanaşı, iddiaçının öz izahatı, onun izahatlarını təsdiq edən şahidlərin ifadələri, eləcə də 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” cinayət təqibi orqanının qüvvəyə minmiş qərarına münasibətdə rayon məhkəməsinin qiymətləndirməsi düzgün olmamışdır. Belə ki, MPM-in 106.1-ci maddəsi ilə təsbit edilmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı halda iddiaçının cavabdehə 75000 ABŞ dollarında pul verməsi onun öz izahatı ilə yanaşı, şahid ifadələri ilə də təsdiq olunmuş, eləcə də bu hal 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” cinayət təqibi orqanının qüvvəyə minmiş qərarı ilə də müəyyən olunmuşdur. Eyni zamanda, rayon məhkəməsi cavabdehin nümayəndəsinin iddiaya etirazında həmin pulun alınmasını təkzib etməyərək izahatının bir hissəsində iddiaçının borc tələbinə dair yetərli sübutlarının olmaması, izahatının başqa bir hissəsində isə həmin vəsaitin əvəzsiz olaraq verildiyini, iddiaçının bildirdiyi kimi köhnə evin sökülərək yenisinin tikildiyini, həmin evin cavabdehin anasının adına rəsmiləşdirildiyini, cavadehin uzun müddətdir işləmədiyini təsdiq etməsi kimi mühüm əhəmiyyətli hallara da düzgün (ümumiyyətlə) qiymət verməmişdir. Rayon məhkəməsi eyni zamanda 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” cinayət təqibi orqanının qüvvəyə minmiş qərarına qiymət verərkən də onun preyudisial əhəmiyyətə malik olmadığını, əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməyəcəyini göstərməklə aşkar səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2020-ci il Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cu maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi möveyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. MPM-in 82.4-cü maddəsində də təsbit olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa hazırkı mübahisəyə apellyasiya qaydasında baxılarkən, Məhkəmə yaranmış zərurətlə əlaqədar olaraq MPM-nin 69.1-ci maddəsinin göstərişinə əsasən iddiaçı və cavabdehin şəxsən iştirakı barədə qərar qəbul etmişdir. Məhkəmənin həmin qərarına əsasən iddiaçı şəxsən məhkəmə iclasına gələrək iddia ərizəsi, rayon məhkəməsində verdiyi izahatlar və apellyasiya şikayətindəki dəlilərini bir daha təsdiqləmişdir. Məhkəmənin həmin qərarına baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb olmadan məhkəmə iclasına şəxsən gəlməmiş, məhkəmədən yayınmış, onun nümayəndəsi isə cavabdehin gəlməməsinin səbəbləri barədə “mən dedim, o, gəlmək istəmədiyini bildirdi” deyərək, səbəblərini izah edə bilməmişdir. Məhkəmənin mövqeyinə görə müvafiq qərarın olmasına baxmayaraq, cavabdehin şəxsən məhkəmə iclasına gələrək işin-mübahisənin halları barədə izahat verməkdən yayınması, başqa sözlə, məhkəmənin tələb etdiyi sübutu təqdim etməməsi MPM-nin 106.2-ci maddəsinin təsiri altına düşür. MPM-in 106.2-ci maddəsində təsbit olunmuşdur ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Belə olan halda, tərəflərin şəxsən iştirakı barədə qərar qəbul edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasına gələrək izahat verməkdən yayınması halı özözlüyündə məhkəməyə iş üçün əhəmiyyətli olan halları iddiaçı tərəfin təqdim etdiyi məlumatlar əsasında müəyyən etməyə əsas verir. Beləliklə, Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyindən, MPM-in 88-ci maddəsinin tələbləri pozulduğundan və preyudisiallıqla bağlı məsələyə əhəmiyyət verilmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə MM-nin 1095-ci maddəsində təsbit olunmuş iki illik müddətə münasibətdə qeyd edir ki, iddiaçının məhrum olduğunu qaytarmaq hüququnun məlum olması – cavabdeh ilə iddiaçının qızının arasında olan ər-arvad münasibətlərinin pozulması vaxtı, yəni 2019-cu ildə baş vermiş, iddiaçı məhrum olduqlarının qaytarmaq hüququnun təmin edilməsi üçün səlahiyyətli dövlət orqanına müraciət etmiş, onun həmin müraciəti əsasında Sabunçu RPİ-nin İŞ tərəfindən 28 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul etmiş və ərizəçiyə mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı hazırkı tələblə məhkəməyə 21.02.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı üçün MM-nin 1095-ci maddəsində təsbit olunmuş iki illik (kəsici) müddətin axımı məhz səlahiyyətli dövlət orqanının qararının qəbul olunduğu vaxtdan hesablanmalıdır. Demək ki, iki illik müddət keçməmişdir. (Hətta, hazırkı işdə müddətin axımını 2019-cu ildən hesabladıqda belə, yenə də iki illik müddət keçməmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı”iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 75000 (yetmiş beş min) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri də cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1213/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh 75000 (yetmiş beş min) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pul və ödədiyi 45 (30+15=45) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-931/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-931/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver