Məhkəmə qərarları › İş №2(103)-9318/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9318/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9318/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, Cavabdehin Cavabdeh və nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(011)-4344/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12500 manat borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 625 manatın, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13155 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Turbo.az internet portalında avtomobil almaq üçün axtarış edən zaman Hyundai İ20 markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və elanda olan nömrə ilə əlaqə saxlamışdır. Avtomobilin mülkiyyətçisi Cavabdeh adlı şəxslə danışıb maşına baxdıqdan sonra almaq qərarına gəlmiş, aralarındakı razılığa əsasən Cavabdeh avtomobili ona 12500 manata satacağına razılaşmış və 24.08.2020-ci il tarixdə Cavabdeh etibarnamə əsasında 12300 manata Hyundai İ20 markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin tarixdə 12300 manat pulu Cavabdeh 41 saylı Notariat Kontorunda ona etibarnamə verdiyi vaxt notariat kontorunun içində tanışı Cavanşir adlı şəxs vasitəsilə göndərmişdir. Beh olaraq 200 manatı kart vasitəsilə ona göndərmişdir. Həmin vaxtdan avtomobil onun istifadəsində olmuş, işinin çoxluğu ilə əlaqədar olaraq avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Fevral ayında avtomobillə hərəkət etdiyi vaxt yol patrul polisi avtomobili saxlayaraq etibarnamənin ləğv olunduğunu və avtomobili qanunsuz istifadə etdiyini bildirdikdən sonra Cavabdeh onu aldatdığını və ödədiyi 12300 manat pulu mənimsədiyini anlamışdır. Hazırda Hyundai İ20 markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. O, ona nə pulu, nə də avtomobili qaytarmaq istəmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(011)-4344/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12500 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin “cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 625 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50%, yəni 15 manatının Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan 50%, yəni 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Onun ** PR *** nömrəli avtomobili olmamışdır. İddiaçıdan pul almamış və aralarından nəqliyyat vasitəsinin alqı-satqısı olmamışdır. O, nəqliyyat vasitəsini ilkin ödəniş yerinə Cavad adlı şəxsə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, Cavad bir gün əvvəl ona demişdir ki, etibarnamə əsasında avtomobili ona versin, o da razılaşmışdır. Notariusa Cavad yanında işçi kimi təqdim etdiyi bir oğlanla gəlmişdir, etibarnaməni imzalayan zaman ona məlum olmuşdur ki, etibarnamədə Cavadın yox, tanımadığı bir qadının adı yazılmış, sonuncunun kim olduğunu soruşmuş, Cavad isə bildirmişdir ki, həmin qadın onun işçisinin həyat yoldaşıdır və hər hansı bir problem olmadığını, etibarnaməni imzalamağını bildirmişdir. Cavad ilə arasında olan müqaviləyə görə o, ilkin ödəniş kimi 13500 manat dəyərində qiymətləndirdikləri avtomobilini vermiş, qalan 11000 manatı isə 3 il ərzində hər ay ödəməli idi. Etibarnamə verməmişdən əvvəlki gün Cavad avtomobilə baxış keçirmək üçün onu Əhmədli metrostansiyasının yaxınlığına çağırmışdır. Həmin vaxt Cavadla bərabər başqa şəxs də olmuşdur, hansı ki, notariusda da həmin şəxs Cavadla gəlmişdir. Avtomobilə baxış keçirən zaman Cavad ona 200 manat pul verilməli olduğunu bildirərək, əgər üstündə kartı varsa həmin pulun karta qoyulmasının mümkünlüyünü soruşmuş, o isə etiraz etməmiş və sonra həmin 200 manatı Cavada vermişdir. O, iddiaçını tanımır və heç görməmişdir. Hazırda avtomobili özündədir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nəsimi RPİ-yə ünvanlanmış ərizəsi əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, İddiaçı bildirmişdir ki, internet şəbəkəsində Cavanşir adlı şəxsin vasitəsi ilə Cavabdeh adlı şəxsdən “Hyundai İ20” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşını 12300 manata almışdır. Bundan sonra 41 saylı notariat kontorunda etibarnamə almış və avtomaşını bir müddət idarə etdikdən sonra etibarnamə ləğv edilmiş və avtomaşın əlindən alınmışdır. Bundan sonra Cavanşir və Günay tərəfindən aldadıldığını bildirmişdir. Cavabdeh izahatında 2020-ci ilin avqust ayında Cavad Ağayev adlı şəxslə tanış olmuş və həmin vaxt sonuncu X1 avtomaşınlar gətirərək ucuz qiymətə satdığını bildirmişdir. Cavadla o şərtlə razılaşmışdır ki, sonuncu ona ABŞ-dan avtomaşın gətirməli, özü isə əvəzində idarə etdiyi “Hyundai İ20” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşını ona verməli idi. 24 avqust 2020-ci il tarixdə 41 saylı notariat kontorunda Cavadla görüşmüş və Cavad onu tanımadığı qadınla tanış etmişdir. Notariat kontorunda olan zaman Cavad ona məxsus avtomobili 13500 manat dəyərləndirmiş və həmin şəxsə etibarnamə vermişdir. Aralarında sövdələşmə olmasına baxmayaraq sonradan Cavad həmin sövdələşməyə əməl etmədiyindən verdiyi etibarnaməni ləğv etdirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh 2020-ci ilin avqust ayında tanış olduğu Cavid adlı şəxs ona 24500 manata ABŞ-dan avtomobil gətirəcəyini vəd etmiş, əvəzində ona məxsus Hyundai Elantra markalı avtomobili 13500 manata dəyərləndirərək vətəndaş İsayevadan onun avtomobilini ilkin ödəniş kimi qəbul edəcəyini, qalan 11000 pulu isə onun tərəfindən hissə-hissə ödəməsinə razı olduğunu ona bildirərək D.Əliyeva küçəsi 125A ünvanında yerləşən 41 saylı notariat kontorunda vətəndaş İsayevanın tanımadığı “Aleksandra” adlı qadının adına etibarnamə verməsinə nail olaraq vətəndaş İsayevaya məxsus Hyundai Elantra markalı avtomobili bir müddət ələ keçirməyə nail olduğunu qeyd etmişdir. Sonradan vətəndaş İsayeva 41 saylı notariusa müraciət edərək etibarnaməni ləğv etdirdiyini və DYP-yə etdiyi müraciət əsasında avtomobilinin ona geri qaytarıldığını bildirmişdir. İzahatı alınmış İddiaçı bildirmişdir ki, “... Cavabdeh adlı şəxslə danışıb, maşına baxdıqdan sonra 12300 manata maşını almağa razılaşmışdır. 24.08.2020-ci il tarixdə Cavabdeh “Hyundai İ20” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında 12300 manata almışdır. Cavabdeh ona baş etibarnaməni Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yerləşən 41 saylı notariat kontorunda vermiş, lakin onun vaxtı olmadığından o, orada iştirak edə bilməmişdir. Aldığı maşına görə ödənişi, yəni 12300 manat pulu isə vaxtı olmadığından Cavanşir adlı tanışı ilə göndərmiş və o, həmin məbləği 41 saylı notariat kontorunda vətəndaş İsayevaya vermişdir. Bundan bir müddət əvvəl vətəndaş İsayevaya məxsus olduğunu bildiyi karta 200 manat pulu beh olaraq ödəmişdir.” Həmçinin araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 41 saylı notariat kontorunda mütəxəssis vəzifəsində çalışır. 24 avqust 2020-ci il tarixdə vətəndaş Cavabdeh vətəndaş S.A.Konstantinovnaya baş etibarnamə verməsi prosesində etibarnaməni tərtib edən şəxs kimi iştirak etmişdir. Həmin prosesdə əvəllər tanıdığı Cavanşir adlı şəxsin, bildiyi qədər avtomobilin alqı-satqısını həyata keçirmək üçün, miqdarını bilmədiyi pulu etibarnamə verən adını həmin günü notariusda bildiyi Günay adlı qadına verdiyini, sonuncu isə öz növbəsində pulu saymaq üçün yanında olan kişi cinsindən bir nəfər onun tanımadığı şəxsə verdiyinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı Hyundai İ20 markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.08.2020-ci il tarixdə Cavabdeh etibarnamə əsasında 12500 manata almış, fevral ayında avtomobillə hərəkət etdiyi vaxt yol patrul polisi avtomobili saxlayaraq etibarnamənin ləğv olunduğu barədə iddiaçının məlumatlandırmış, avtomobili cərimə meydançasına yerləşdirmişdir. Məhkəmə iclasında Cavabdeh avtomobilin ona qaytarıldığını təsdiq etmişdir. İddiaçı tərəfindən ödənilmiş 12500 manat pul vəsaiti müqabilində Cavabdeh tərəfindən baş etibarnamə əsasında Hyundai İ20 markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməsi, sonradan avtomobilin iddiaçıdan alınaraq, cavabdehə qaytarılması təsdiq ediliyi üçün İddiaçı xeyrinə 12500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uğyun olmaqla, mübahisənin düzgün həlli ilə nəticələnmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh hüquqi (qanuni və ya müqavilə) əsası olmadan onun hesabına varlanmışdır, buna görə də əldə etdiklərini, yəni 12500 manatı ona qaytarmalıdır. Kollegiya həmin hüquqi əsasla razılaşmır və hesab edir ki, iddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Düzdür, əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma baş verir, lakin MM-nin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma ilə əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma fərqli hüquqi nəticələr doğurur və hühuqi tənzimləmə mexanizmləri də fərqlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: «Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər… …Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.» Göründüyü kimi, Konstitusiya Məhkəməsi əsassız varlanmanın baş verməsi halından asılı olaraq onun hüquqi tənzimlənmə qaydasını müəyyən etmişdir. Yəni, şəxsin əsassız varlanması əhəmiyyətsiz əqd əsasında baş verdikdə ona qarşı tələb MM-nin 337.5-ci maddəsinə, digər səbəblərdən baş verdikdə isə MM-nin 1091 və 1092-ci maddələrinə əsasən təmin edilə bilər, birinc halda iddia müddəti 1 il, digər hallarda isə 2 ildir. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. İşin müəyyən edilmiş hallarından aşkardır ki, Cavabdeh Cavad adlı şəxslə olan razılığına görə sonuncu cavabdehə 24500 manata ABŞ-dan avtomobil gətirəcəyini vəd etmiş, əvəzində ona məxsus avtomobili 13500 manata dəyərləndirərək Cavabdeh ilkin ödəniş kimi qəbul etmiş, qalan 11000 manat pulu isə onun tərəfindən hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Cavabdeh avtomobilə dair 24.08.2020-ci il tarixdə İddiaçı etibarnamə vermiş, avtomobilə görə 12500 manat pul İddiaçı tərəfindən Cavanşir adlı şəxs vasitəsi ilə verilmişdir. Daha sonra isə Cavabdeh etibarnaməni ləğv etdirmiş və avtomobilini geri almışdır. Nəticədə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödədiyi puldan məhrum olmuşdur. Cavabdeh özü izahatında bildirmişdir ki, bir gün əvvəl avtomobilə baxış keçirilərkən Cavadla bərabər bir şəxs gəlib maşına baxmışdır, hansı ki, həmin şəxs səhərisi gün o, etibarnamə verərkən də iştirak etmişdir. Kollegiya hesab edir ki, avtomobilin Cavad adlı şəxs tərəfindən satılması cavabdehin iradəsi daxilində baş vermişdir, belə ki, cavabdehin apelyasiya şikayətindən də görünür ki, Cavad ona bildirmişdir ki, ona avtomobil sifariş vermək üçün ilkin ödəniş lazımdır, bu səbəblə avtomobilini ilkin ödəniş qarşılığında verməlidir ki, həmin avtomobilə alıcı tapsın, yəni aydın olur ki, cavabdeh avtomobilini Cavada verərkən, onun satılacağını bilmişdir. Göründüyü kimi, tərəflər arasında avtomobilin alqı-satqısı baş vermiş, lakin onlar bunu qanunla müəyyən edilmiş qaydada – alqı-satqı əqdi bağlamaqla yox, etirbarnamə vermək yolu ilə həyata keçirmişlər. Bununla belə, tərəflər alqı-satqı əqdinin şərtləri daxilində hərəkət etmişlər, yəni satıcı – Cavabdeh avtomobili və onun sənədlərini təhvil vermiş, alıcı – İddiaçı isə avtomobilə görə razılaşdırılmış məbləği, yəni 12500 manatı ödəmişdir. Lakin Cavabdeh avtomobilə görə pul almadığını, avtomobilini ilkin ödəniş məqsədilə Cavad adlı şəxsə verdiyini və məhz sonuncunun deməsinə görə tanımadığı İddiaçı etibarnamə verdiyini göstərmişdir. Bu əsasla da hesab edir ki, iddiaçı avtomobilə görə ödədiyi pulu ondan yox, Cavad adlı şəxsdən tələb etməlidir. Kollegiya həmin dəlillərlə razılaşmır, əvvəla, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh özü apellyasiya şikayətində avtomobilinin məhz satılaraq əldə olunacaq vəsait hesabına ABŞ-dan alınması planlaşdırılan avtomobilin dəyərinin ödənilməsi barədə Cavad adlı şəxslə razılıq əldə olunduğunu göstərmişdir. Cavabdeh hətta göstərmişdir ki, işi ilə əlaqədar olaraq avtomobilsiz qala bilmədiyi üçün Cavada öz avtomobilini yeni avtomobil gəldikdən sonra verməsini təklif etsə də, sonuncu bunun mümkün olmadığını, məhz onun avtomobili satılmaqla alınacaq avtomobilin dəyərinin ödənilməsinin mümkün olduğunu demiş və maşınsız qalmasın deyə ona müvəqqəti istifadə üçün başqa avtomobil təklif etmişdir. Göründüyü kimi, avtomobilinin satılmalı olması Cavabdeh öncədən məlum və onun iradəsinə uyğun olmuşdur. Avtomobilə görə İddiaçı tərəfindən (Cavanşir adlı şəxs vasitəsilə) ödənilmiş pulun Cavabdeh yox, birbaşa Cavad adlı şəxsə çatması da vəziyyəti dəyişmir. Hətta belə olan halda Cavad adlı şəxsin məhz Cavabdeh iradəsinə uyğun hərəkət etməsi müəyyən olunacaqdır (sonradan Cavabdeh aldadıb-aldatmamasından asılı olmayaraq). Mülki Məcəllənin 433.1-ci maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə görə isə əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Kollegiya hesab edir ki, Cavad adlı şəxsin ixtiraylı şəxs olması üçün yuxarıda göstərilən dispozitiv şərtlər olmasa da (433.1 m.), avtomobilə görə ödənilmiş pulun ona çatması (birbaşa və ya Cavabdeh vasitəsi ilə verilməsindən asılı olmayaraq) məhz Cavabdeh razılığı ilə baş vermişdir və bu icradan Cavabdeh fayda götürməsi şərti ilə icra olunmuşdur (433.2 m.). Beləliklə müəyyən olunur ki, tərəflər arasında avtomobilə dair alqı-satqı əqdi bağlanmış, lakin əqdin forma və məzmununa riayət olunmamışdır, bu isə həmin əqdin əhəmiyyətsiz olması anlamına gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yaratmır, belə əqd bağlandığı andan etibarsızdır və onun etibarlı hala gətirilməsi də mümkün deyildir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Cavabdehin apelyasiya şikayəti əsassızdır. Cavad adlı şəxs tərəfindən aldadılması Cavabdeh həmin şəxsə qarşı müstəqil iddia qaldırmaq hüququ verir. İddiaçının ödədiyi 12500 manat məbləğində pul məhz Cavabdeh ABŞ-dan avtomobil alıb gətirmək məqsədi ilə Cavabdeh tərəfindən ixtiyarlı şəxs olan Cavada verilmişdir. Cavadla aralarında olan razılaşmanın pozulması səbəbindən cavabdeh etibarnaməni ləğv etdirərək, avtomobilini geri aldığı halda, eyni zamanda da avtomobilin satılmasına görə ödənilmiş pul məbləğini qaytarmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Təqdim edilmiş “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 21.09.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və istintaqı davam etdirilməsi üçün aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş cinayət işi üzrə Cavabdeh qız zərərçəkmiş şəxs qismində tanınmışdır ona görə ki, X4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Cavabdeh «X8 Kredit» MMC-nin təsisçisi kimi təqdim edərək kreditlə avtomobillər təşkil etməsini bildirərək Nəsimi rayonu ərazsində 24.08.2020-ci il tarixdə saat 10:00 radələrində Cavabdeh avtomobil təşkil edəcəyini vəd verərək onun mülkyyətndə olan «Hundai i20» markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilini 13500 manat müqabilində dəyərləndirərək ələ keçirməklə dələduzluq etmişdir. Nəhayət, qətnamədə avtomobilin dövlət qeydiyyat nişanının seriyasının yalnış göstərilməsinə (RP əvəzinə PR) gəldikdə, Kollegiya hesab edir ki, bu texniki səhvdir və formal əhəmiyyət daşıyır, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4344/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar