Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9328/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)-3275/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2520 manat borc pulun, vaxtında ödəmədiyinə görə həmin pulun 5%nin (yəni 126 manat) gecikdirilməsi ilə əlaqədar və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutalaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh 16.10.2020-ci il tarixdə Bakı şəhər 43 saylı notarial kontorunda kredit müqaviləsi bağlayaraq, 16.10.2021-ci il tarixədək qaytarmaq şərti ilə 2520 manat borc pul vermişdir. Müqavilədə cavabdeh iddiaçıya hər ay 210 (iki yüz on) manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh borcu qaytarmır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)-3275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2520 (iki min beş yüz iyirmi) manat məbləğində borc və 30 (otuz) manat məbləğdə dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)-3275/2021saylı qətnaməsinin dəyişdirilib, sui-istifadə nəticəsində cavabdehi ağır vəziyyətdə qoyan əlverişsiz şərtlərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsini, müqavilədə göstərilənin əksinə faktiki verilmiş 850 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı ilə aralarında həqiqətən də, kredit müqaviləsi bağlanmışdır. Lakin həmin vaxt cavabdeh ağır vəziyyəttə olduğundan iddiaçı bu haldan sui-istifadə edərək əlverişsiz şərtlərlə müqavilə bağlanmışdır. Belə ki, İddiaçı cavabdehə vacib pul lazım olduğunu bilərək, ona 850 manat pul vermiş və bunun müqabilində onunla natariusda 2520 manat borc pul verdiyinə dair müqaviləyə imza atdırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehiniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 16.10.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pulu borc vermiş, Cavabdeh krediti hər ay 210 manat olmaqla 16.10.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Notariat işində olan Bakı şəhəri 43 saylı notariat ofisinin 1507 saylı, 16.10.2020-ci il tarixli məktubdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh alması üçün onun hesabına 2520 manat məbləğində pulun İddiaçı tərəfindən depozit hesabına qəbul olunması xahiş olunmuşdur. Notariat işində olan 16.10.2020-ci ildə xəzinə mədaxil orderinə əsasən İddiaçı "xxxx" ASCnin Mərkəzi filialına 2520 manatı kredit müqaviləsi üzrə mədaxil etmişdir (1507 saylı, 16.10.2020-ci il tarixli məktuba əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 406.1 maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2 maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericilikdə (MM-nin 740-cı maddəsi) borc müqaviləsinin hazırkı hal üçün yazılı formada bağlanması nəzərdə tutulmasa da, tərəflər borc müqaviləsinin notariat yazılı formasına üstünlük vermişlər. Beləliklə, işin araşdırılmış faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilədən irəli gələn öz öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq, hər ay ödəməli olduğu krediti ödəməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də, kollegiya hesab edir ki, məhkəmə iddia tələbini 2520 manat məbləğində borcun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun müqavilə üzrə 2520 manat deyil, 850 manat kredit alması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı tərəfindən 2520 manat məbləğində kredit depozitə yerləşdirilmiş, cavabdeh tərəfindən 2520 manat qəbul olunduqdan sonra kredit müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış kredit müqaviləsinin əməmiyyətsiz əqd hesab edilməsi üçün əsaslar müəyyən olunmur. Apellyator MM-nin 339.1-ci maddəsinə istinad edərək, onun ağır vəziyyətə düşməsi, iddiaçının bundan istifadə edərək, onun üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamasına istinad edərək, kredit müqaviləsini apellyasiya şikayətində mübahisələndirsə də, kredit müqaviləsinin mübahisələndirməsi ilə bağlı tələbi olmadığından, məhkəmənin isə tələb olmadığı halda, əqdin mübahisələndirməsinə qiymət vermək səlahiyyəti olmadığından, onun qeyd olunan dəlili əsaslı hesab edilə bilməz. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahiələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(010)- 3275/2021 saylı qətnaməsi mübahisələndirilən hissəə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9328/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9328/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver