Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-933/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)-2779/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1674,42 ABŞ dolları məbləğində əsas borc, 977,42 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2651,84 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23 fevral 2015-ci il tarixdə № 22-15-11-006005 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh şəxsi məqsədləri üçün illik 28 % olmaqla 48 ay müddətinə 4202 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsində göstərilən öhdəliklər lazımınca icra olunmamış, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh 23 fevral 2021-ci il tarixinə 1674,42 ABŞ dolları məbləğində əsas borc, 977,42 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2651,84 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)- 2779/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23 fevral 2015-ci il tarixli № 22-15-11-006005 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1674,42 ABŞ dolları, faiz borcu üzrə 557,24 ABŞ dolları, ümumilikdə 2231,66 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına nisbətdə məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun ümumiyyətlə banka borcu yoxdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən onun kredit borcu güzəşt edildikdən sonra ondan tutulmalı olan faiz və cərimə borcu əssasız olaraq şişirdilmişdir. Buna görə də qətnamənin tam ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)-2779/2021 saylı qətnaməsi qismən, yəni faiz və cərimə borcu hissəsində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki işin materiallarından görünür ki, 23 fevral 2015-ci il tarixli № 22-15-11-006005 saylı kredit müqaviləsi ilə bank Cavabdeh illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 23 fevral 2019-cu il tarixədək 4202 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 19 aprel 2019-cu ildə əsas məbləğdən 1309,06 ABŞ dolları, 14 iyun 2019-cu ildə faizdən 32,65 ABŞ dolları ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğləridir. Maliyyə arayışına əsasən Cavabdeh 23 fevral 2019-cu il tarixə, İddiaçı ASC-yə cəmi borcu 2651,84 ABŞ dolları, əsas borcu 1674,42 ABŞ dolları, faiz borcu üzrə 977,42 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 23 avqust 2021-ci il tarixli 9/5137 nömrəli rəyindən görünür ki, 19 aprel 2019-cu il tarixində 1309,06 ABŞ dolları məbləğində cari hesaba kompensasiya mədaxil olunmuş və əsas borcdan silinmişdir. Bundan əlavə 14 iyun 2019-cu il tarixində 32,65 ABŞ dolları faizdən ödənilmiş (güzəşt edilmiş) həmin məbləğlər nəzərə alındığı təqdirdə Cavabdeh banka olan borcu 2231,66 ABŞ dolları məbləğində müəyyən olunmuş, o cümlədən əsas borc üzrə 1674,42 ABŞ dolları, faiz borcu üzrə 557,24 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar Cavabdeh 23 fevral 2019-cu il tarixə ödəniş müddəti keçmiş əsas kredit borcu (manat ekvivalentində) 2983,48 ABŞ dolları, faiz borcu 589,89 ABŞ dolları, hesablanmış kompensasiya məbləği isə əsas borcdan 1309,06 ABŞ dolları, faiz borcundan 32,65 ABŞ dolları olmuş, həmin məbləğ borcun azaldılmasına yönəldikdən sonra qalıq borcun məbləği 1674,42 ABŞ dolları, faiz borcu isə 557,24 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kredit borcuna görə cavabdehdən qalıq borcla yanaşı cərimə və faiz borcunu tələb etməsi əsassızdır. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və cavabdehə əsas borca 1309,06 ABŞ dolları məbləğində kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 1674,42 ABŞ dolları əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm əsas borcu, həm də cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Çünki kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduğuna görə faiz və cərimə silinməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz və cərimə borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(010)- 2779/2021 saylı qətnaməsi faiz və cərimə borcu hissəsində ləğv edilsin və həmin hissələrdə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-933/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-933/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver