Məhkəmə qərarları › İş №2(103)-933/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-933/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-933/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.974,8 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.195,6 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 208,49 manat, cəmi 8.378,89 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit sazişinə” əsasən Bankdan illik 22 faiz dərəcəsi ilə 8.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 48 ay müddətində Banka qaytaracaq. Bank, “Kredit sazişi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 6.974,8 manat məbləğində əsas kredit borcu, 1.195,6 manat məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit sazişinin” şərtinə əsasən cavabdehə 208,49 manat cərimə hesablamışdır. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 104 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdehə 8.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçı Bank qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə iddia tələbi təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə daha ədalətli yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həqiqətən də Bankdan kredit götürmüşdür. Lakin maddi vəziyyəti pisləşdiyi üçün krediti ödəyə bilməmişdir. Banka müraciət edərək ona güzəşt edilməsini xahiş etsə də, Bankın rəhbərliyi buna əhəmiyyət verilməmişdir. Bank məqsədyönlü şəkildə məhkəməyə gec müraciət edərək, faizlərin şişirdilməsinə nail olmuşdur. Tələb edilən borc məbləği əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə ədalətli qətnamə qəbul etməmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

7. Cavabdeh və iddiaçı bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

8. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli bağlanmış CC/03210/85/4 saylı “Kredit sazişindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin sazişə əsasən Bankdan illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 8.000 manat məbləğində pulu borc olaraq götürmüşdür.

10. “Kredit sazişinin” şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti müqavilə və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəli” üzrə Banka aybaay və hissə-hissə ödəyəcək.

11. Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışdan” görünür ki, cavabdehin iddiaçı Banka ödənilməmiş 6.974,80 manat məbləğində əsas kredit borcu, 1.195,60 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu və 208,49 manat məbləğində cərimə borcu var.

12. Cavabdeh apellyasiya şikayətində bildirir ki, yaranmış maliyyə çətinlikləri səbəbindən o, kredit borcunu Banka qaytara bilməmişdir.

13. İşdə olan xx.xx.2023-cü il tarixli “Bildirişdən” görünür ki, Bank borcun ödənilməsini cavabdehdən tələb etmişdir.

14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka borcunun olmadığı ümumiyyətlə iddia etməməşdir.

15. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

16. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.

17. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin dəlilləri borcun məbləğinin düzgün hesablanmaması ilə bağlıdır.

18. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, mülki iş materiallarından, o cümlədən cavabdehin özünün apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır. İşə baxmış Rayon Məhkəməsi də, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumatı özündə əks etdirən və kağız daşıyıcıda olan məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmişdir.

19. Bundan başqa iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatı özündə əks etdirən elektron məhkəmə bildirişlərini (“sms” bildiriş) cavabdehin adına olan mobil telefon nömrəsinə də, göndərmişdir.

20. Odur ki, qeyd edilənlərə əsasən hesab edilməlidir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuşdur.

21. Lakin cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və bu halın məhs üzürlü səbəbdən baş verməsini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Odur ki, hazırda borcun məbləğinin düzgün hesablanmaması barədə dəlilinin müzakirəsi MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Çünki bu artıq yeni dəlil və həmin dəlilin araşdırılması nəticəsində əldə ediləcək sübut isə yeni sübut hesab ediləcəkdir.

22. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh borcun məbləğinin düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə öz təşəbbüsü ilə sübut toplamır. Belə ki, MPM-nin 9.3-cü maddəsinə görə, hakim (məhkəmə) bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. g) Apellyasiya baxışının nəticəsi

24. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar