Məhkəmə qərarları › İş №2(103)-9330/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9330/2021

18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9330/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(011)-4636/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.03.2016-cı il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının artırılaraq hər uşağa görə hər ay 200 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 2711/2016 saylı 14.03.2016-cı il tarixli qətnaməsinə əsasən 03.11.2013-cü il təvəllüdlü X3 və 28.11.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15.02.2016cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutaraq ödənilməsi qət edilmişdir. 2015-ci ilin dekabr ayından valideynlərinin yanında yaşayır, hazırda uşaqlar da onun yanında yaşayırlar. Uşaqlardan biri orta məktəbdə oxuyur, digəri isə baxçaya gedir. Buna görə uşaqlara aid məsrəflər yetərində artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh FHN-də işləməklə, yüksək maaş alır. Belə ki, cavabdehin dediyinə görə onun maaşı 980 manat təşkil edir. Buna baxmayaraq, cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi yardım göstərmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(011)-4636/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2711/2016 saylı, 14.03.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmaqla, 03.11.2013-cü il təvəllüdlü X3 və 28.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 145 manat, cəmi 290 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 03.11.2013-cü il təvəllüdlü X3 və 28.11.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-2711/2016 saylı 14.03.2016-cı il tarixli qətnaməsi ilə 03.11.2013-cü il təvəllüdlü X1 və 28.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15.02.2016-cı il tarixindən başlayaraq Cavabdeh İddiaçı oğlunun xeyrinə hər ay hər uşaq üçün 120 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan alimentin məbləğinin artırılaraq hər uşağa, hər ay 200 manat olmaqla, iki uşağa cəmi 400 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq, hər ay hər uşaq üçün 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qətnamənin dəyişdirilməsi barədə nəticəyə gələn Kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. 2016-cı ildə uşaqlar üçün yaşayış minimumu 117 manat təşkil etdiyi halda, bu məbləğ 2018-ci ildə 154 manat, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat olmuş, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən isə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi uşaqlar üzrə müəyyən olunmuş yaşayış minimumu getdikcə artır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, uşaqlar üzrə müəyyən olunmuş yaşayış minimumunu, hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılmasını, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsini, tərəflərin maddi və ailə vəziyyətini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği dəyişdirilməklə, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4636/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 03.11.2013-cü il təvəllüdlü X3 və 28.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar