Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9336/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(008)-5880/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(008)- 5880/2017 saylı qətnaməsi ilə (hakim İmran Burcayev) iddia qismən təmin edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)-9938/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra qətnamə icraya yönəldilmişdir. Sonradan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(008)-5880/2017 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İşdə olan məktubdan (iş v. 61) görünür ki, birinci instansiya məhkəməsi qətnaməni xx.xx.2017-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh1 da göndərmiş, sonuncunun rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş məktub məhkəməyə geri qaytarılmamışdır. Həmçinin, işdə olan xx xxxx 2018-cu il tarixli məktubdan və icra vərəqəsindən görünür ki, birinci instansiya məhkəməsi qətnamənin qanuni qüvvəsini almasına görə icraya yönəltmişdir. Eyni zamanda, işdə olan xəbərnamə qəbzindən (iş v. 77) görünür ki, əvvəlki apellyasiya baxışında Cavabdeh1 göndərilmiş bildiriş şəxsən qəbzə imza edilərək, xx xxxxxxxx 2017-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 məhkəmə icraatından məlumatlı olmuş, apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, lakin məhkəmə qətnaməni icraya yönəltməsinə baxmayaraq, müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış (qətnamənin ilkin olaraq hansı tarixdə Cavabdeh1 rəsmi qaydada təqdim olunması, cavabdehin qətnamədən nə vaxt şansı qaydada məlumatlı olması və bundan sonra cavabdehin hərəkətləri və s.), buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. X1 Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;
1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.
4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin qanuniliyi Cavabdeh3 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)-9938/2017 saylı qətnaməsi ilə yoxlanılmışdır. Birinci instansiya məhkəməsi isə Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlillərinin yoxlanılan hissə üzrə olub-olmamasına münasibət bildirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı-nin cavabdehlər Cavabdeh1 qarşı «kredit borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(008)- 5880/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.