Məhkəmə qərarları › İş №2(103)-934/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-934/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-934/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1416/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 584.42 manat əsas borc, vəfat etdiyi tarixə 3.71 manat faiz borcu olmaqla, cəmi 588.13 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faizlə 60 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Ölüm haqqında 355482 nömrəli şəhadətnaməyə əsasən, X5 xx.xx.2023- cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1926 nömrəli məktubdan görünür ki, X3 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh həmin notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən ona xx.xx.2023-cü il tarixində 2V/796 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 həmin tarixə banka ödənilməmiş 584.42 manat əsas borcu, vəfat etdiyi tarixə 3.71 manat faiz borcu olmaqla, cəmi 588.13 manat borcu qalmışdır. Cavabdehin mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında öhdəliyini icra etməmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1416/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 432.4, 442, 443.1, 445, 445.2.1, 448.1, 739.1, 739.2, 741, 1151.1, 1255, 1306.1; Mülki Prosessual Məcəllənin 14.2, 76.1-76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına istinad edilməklə, iddia qismən təmin edilmiş, Cavabdeh 561,69 manat əsas, 3,71 manat faiz borcu olmaqla, cəmi 565,40 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı ilə X5 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək Hüseynova Kəbirəyə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Hüseynova Kəbirənin borcunu tam ödəyə bilmədən müqavilə qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi oğlu hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaka (fərdi yaşayış evində olan paya) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almasına baxmayaraq, mərhum anasının banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır. Məhkəmə araşdırmaları zamanı cavabdeh müqavilə üzrə borcun olmadığını mübahisələndirdiyindən məhkəmənin müvafiq qərardadları ilə iş üzrə ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi təkrar ekspertizanın nəticəsində verilmiş) əsasında müəyyən edilmişdir ki, Hüseynova Kəbirənin ölüm tarixinə (xx.xx.2023-cü il tarixə) iddiaçıya 561,69 manat əsas, 4,68 manat faiz borcu olmuşdur. İlkin ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra cavabdeh ödəniş qəbzləri təqdim edərək yenə də borcun olmadığını mübahisələndirdiyindən, xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yaranmış və məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir. Buna görə də ikinci ekspert rəyi işdə olan bütün sübutlar (həm iddiaçı, həm cavabdeh tərəfindən təqdim edilmiş) nəzərə alınmaqla verildiyindən, hazırkı qərarı qəbul edən zaman məhkəmə məhz təkrar ekspertiza nəticəsində verilmiş rəyə əsaslanmağı məqsədə müvafiq sayır. Bununla belə, həmin rəydə mərhumun ölümündən sonra edilmiş ödəniş (xx.xx.2023-cü ildə 0,22 manat) ekspert tərəfindən yanlışlıqla faiz borcu əvəzinə əsas borcdan silinmişdir. Məhkəmə hesab edir ki, həmin yanlışlığı sadə hesablama nəticəsində aradan qaldırmaq mümkündür. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilməli olduğundan, məhkəmənin qənaətinə görə mərhumun ölümündən sonra edilmiş ödəniş 4,68 manat faiz borcundan silindikdən sonra iddiaçı tərəfindən tələb edilən tarixə (borcalanın ölüm tarixinə) mərhumun iddiaçıya 561,69 manat əsas, 4,46 manat faiz borcu qalır.Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən (561,69 manat), faiz borcu hissəsində isə tam (3,71 manat - tələb edilən məbləğ) təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tələbin təmin edilən hissəsinin əsaslı olması mötəbər sübutlarla (kredit müqaviləsi və ona əlavə, məxaric orderi, hesabdan çıxarış, ödəniş qəbzləri, ekspert rəyləri) təsdiq edilir, lakin cavabdehin etirazında göstərilən hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından əsassız hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 561,69 manat əsas, 3,71 manat faiz borcu olmaqla, cəmi 565,40 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" ASC ilə (borcverən) ilə X5 (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 60 (altmış) ay müddətində (xx.xx.2024 tarixədək) 3000 manat məbləğində, kreditdən istifadəyə görə illik 20 % (iyirmi faiz) ödəmək şərtilə kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. Kredit verilməsinə/rəsmiləşdirilməsinə görə borcalan borcverənə kreditin məbləğinin 1 %-i (minimal 20 manat) həcmində komissiya ödəyir. Müvafiq komissiya borcalanın borcverəndəki bank hesablarından borcverən tərəfindən akseptsiz qaydada tutulur; - xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli məxaric orderindən görünür ki, X5 2.970 manat məbləğində vəsaiti təhvil almışdır; - Ölüm haqqında AZ-İİ seriyalı 355482 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2023cü il tarixdə ölmüşdür; - 3 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023- cü il tarixdə vəfat etmiş X3 vərəsəsi - oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X3 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə X3 banka yaranan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat rüsum, 0,40 manat bank xidmət haqqı ödənilmişdir; - 3 saylı "ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş; - X4 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2023cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş anası X1 irs qalmış mirasın ona çatası hissəsindən Cavabdeh xeyrinə imtina etmişdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-796 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam 1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.12 kv.metr olan fərdi yaşayış evinin mərhuma məxsus 2/32 hissəsindən ibarətdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2047 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X5 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 591.71 manat, faiz borcu üzrə 4.93 manat müəyyən olunur. Qeyd edilir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdən sonra, xx.xx.2023-cü il tarixdə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4.63 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ hazırki tədqiqatı ilə faiz borcuna silindiyi təqdirdə, faiz üzrə borc 0.30 manat təşkil edir; - Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5739 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu xx.xx.2023-cü il tarixə (ölüm tarixinə olan borc üzrə) əsas borc üzrə 561.69 manat, faiz borcu üzrə 4.68 manat, xx.xx.2024-cü il tarixə (ölümündən sonra əsas borca faiz hesablanmaması şərtilə) əsas borc üzrə 561.47 manat, faiz borcu üzrə 4.68 manat. Ekspert tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, xx.xx.2023-cü ildə 0,22 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir; - Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir; - İş materiallarına, həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri də əlavə edilmişdir. Həmin qəbzlər üzrə məbləğlərin cəmi 1.990 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin e- 2(006)-1416/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 71, 127; Mülki Məcəlləsinin 6; Mülki Prosessual Məcəlləsinin 2.1, 9.1, 14.1, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasına yumşaq desək, riayət edilməmişdir! Belə ki, cavabdeh kimi onun hüquqları pozulmaqla ona qarşı irəli sürülmüş əsassız iddia qismən də olsa təmin edilməsinə baxmayaraq, əslində bankın ondan tələb etdiyi məbləğdən belə artıq pul tutulmasını qət etməklə hüququm məhkəmə tərəfindən nəinki qorunmamış, hətta əksinə pozulmuşdur. Nəsimi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasının tələbi də, pozulmuşdur! Belə ki, məhkəmə iddianı formal əsaslarla qismən təmin edərkən işə faktlara əsasən, ədalətlə və qanuna müvafiq baxmamışdır. Belə ki, Nəsimi rayon Məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də ədalətli olmamış, nəticədə, yuxarıda qeyd etdiyi kimi ona münasibətdə işin ədalətli araşdırılması hüququ təmin edilməmişdir! Birinci instansiya məhkəməsi cavabdeh olaraq onun "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğuna “göz yummuşdur”! Bu qənaətdədir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh olaraq onun Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafeləri məhkəmədə təsdiq olunmamışdır. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən ədalət mühakiməsi faktlar əsasında həyata keçirilməmişdir! Başqa sözlə, ona münasibətdə bu maddənin tələbləri pozulmuşdur. İddianın qismən sübuta yetirildiyi nəticəsinə gələn məhkəmə, tələb heç nə ilə sübuta yetirilmədiyi halda, iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi həmin prosessual hüquq normasına da əməl etməmişdir! Belə ki, Nəsimi rayon Məhkəməsi sübutlara hərtərəfli və tam baxmamış, iş üzrə tətbiq edilməsi zəruri olan prosessual hüquq normaları tətbiq edilməmişdir! Mülki iş üzrə sübutlara tətbiq edilməli hüquq normalarına da, tam düzgün və obyektiv qiymət verilməmişdir! Birinci instansiya məhkəməsinin yekun aktı əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin iddiası ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi halda məhkəmə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etməklə qətnamə ilə nəzərdə tutulan məbləği hissə-hissə ödəməyə razı olduğunu, lakin 195 manat ekspertiza xərcinin ondan tutulması ilə razılaşmadığını bildirmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşdıqlarını, icra mərhələsində həmin məbləğin hissə-hissə ödənilməsinə şərait yaradacaqlarını, banka aidiyyəti olmadığından ekspert xərcinin cavabdehdən tutulması hissəsinə dair hər hansı fikir bildirmək istəmədiyini qeyd etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.

13. Cavabdehin bankın tələb etdiyi məbləğdən artıq pulun tutulmasına dair dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş və Cavabdeh 561,69 (beş yüz altmış bir manat altmış doqquz qəpik) manat əsas, 3,71 (üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 565,40 (beş yüz altmış beş manat qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir.

14. Cavabdehin şikayətinin əsasını təşkil edən əsas dəlil isə birinci instansiya məhkəməsi icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərinin ondan tutulması ilə bağlıdır ki, bu hissədə məhkəmə kollegiyası apellyatorun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddia tələbi əsaslı olduğundan və qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.

15. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.

16. Beləliklə,mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən sübutlar müəyyən edilmir.

17. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1416/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar