Məhkəmə qərarları › İş №2(103)-935/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-935/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-935/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın ləğvedicisi olan Fond cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 424 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.500 manat, müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 776,17 manat, müqaviləsinin müddəti bitdikdən sonra 5 faiz ilə hesablanmış faiz məbləğinin ödənilməsi məqsədi ilə 374,15 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.471,15 manat, iddia ərizəsinin məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və qeyd edilən “Kredit müqaviləsi” üzrə onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 424 saylı “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 Bankdan illik 22 faiz dərəcəsi ilə 12 ay müddətinə 2.500 manat məbləğində kredit almışdır. Cavabdeh1 həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu hissə-hissə, aybaay, onunla Bank arasında razılaşdırılmış “Ödəniş qrafiki” üzrə ödəyəcək. İş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2015-ci il tarixdə 424/1 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. “Zaminlik müqaviləsinin” şərtlərinə görə, zamin, borcalanın kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyır. Göstərilənlərə baxmayaraq cavabdehlər Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, “Kredit müqaviləsi” üzrə Banka olan borcu ödəməmişlər. Öhdəliyin icra edilməməsi səbəbindən cavabdehlərin Banka 2.500 manat məbləğində əsas, 776,17 manat məbləğində müqavilə müddəti bitən tarixə hesablanmış faiz, 374,15 manat məbləğində müqavilənin müddəti bitdikdən sonra 5 faiz ilə hesablanmış faiz borcları yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən Bank tərəfindən cavabdehlərə 1.471,15 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən yazılı surətdə tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.500 manat, müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 550 manat, müqavilənin müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz məbləğinin ödənilməsi məqsədi ilə 374,15 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni əsas kredit borcuna hesablanmış 5 faiz borcun və cərimənin tutulması hissəsində iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Kredit müqaviləsi” üzrə bütün borclarını vaxtı vaxtında ödəmiş, lakin Bank ləğv olunduqdan sonra ödənişləri hara edəcəyini bilməmiş və buna görə də gecikmələr olmuşdur. Göründüyü kimi gecikmə onun təqsiri üzündən baş verməmişdir. Buna görə də əsas kredit borcuna hesablanmış 5 faiz borcun və tətbiq edilmiş cərimənin tutulması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Digər Cavabdeh2 və iddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunu səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı Bankın ləğvedicisi olan Fond qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnamənin əsas kredit borcuna hesablanmış 5 faiz borcun və cərimənin tutulması hissəsini mübahisələndirir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə və Cavabdeh1 münasibətdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bankın “Uğur” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 424 saylı “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan illik 22 faiz dərəcəsi ilə 12 ay müddətinə 2.500 manat məbləğində kredit almışdır. Cavabdeh1 həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu hissə-hissə, aybaay, onunla Bank arasında razılaşdırılmış “Ödəniş qrafiki” üzrə ödəyəcək. İşin hallarından müəyyən edilir ki, borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan kredit borcunu ödəməmişdir. Fond tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh tərəfin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borc aşağıda göstərilən məbləğdədir: əsas kredit borcu- 2.500 manat, müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcu- 776,17 manat, müqaviləsinin müddəti bitdikdən sonra 5 faiz ilə hesablanmış faiz borcu- 374,15 manat, öhdəliyin icra edilməməsi səbəbindən Bank tərəfindən tətbiq edilmiş cərimə (dəbbə) 1.471,15 manat. İşdə olan sənədlərdən görünür ki, Bank, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən yazılı surətdə tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Buna görə də, Bankın ləğvedicisi olan Fond, qeyd edilən məbləğlərin cavabdeh tərəfindən Bankın xeyrinə tutulmasını xahiş edir. Rayon Məhkəməsi işin hallarını və iş üzrə təqdim edilmiş sübutları nəzərə alaraq hesab etmişdir, müqavilənin müddəti bitdikdən sonra 5 faiz ilə hesablanmış faiz məbləğinin ödənilməsi məqsədi ilə 374,15 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə isə 1.471,15 manat pul Bankın xeyrinə tutulmalıdır (qətnamənin mübahisələndirilən hissəsi). Cavabdeh1 bildirir ki, kredit borcunun ödənilməsində baş vermiş gecikmə onun təqsiri üzündən deyil, Bankın ləğv edilməsi ilə əlaqədar olmuş, o, ödənişləri həyata keçirə bilməmişdir. Buna görə də əsas kredit borcuna hesablanmış 5 faiz borcun və tətbiq edilmiş cərimənin tutulması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə Cavabdeh1 dəlilinə əsassız hesab edir. Belə ki, Cavabdeh1 krediti Bankdan xx.xx.2015-ci il tarixdə almışdır. Bank, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə (“Kredit müqaviləsi” bağlanan tarixdən təxminən 8 ay sonra) ləğv edilmişdir. Alınmış kredit məbləğinin 2.500 manat, əsas kredit borc məbləğinin də, 2.500 manat olması nəzərə alındıqda müəyyən edilir ki, Banka olan borcun ödənilməsinə səbəb Bankın ləğv edilməsi olmamışdır. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlili əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faiz məbləğ öhdəliklərin icrasının gecikdirilməsinə görə borclunun kreditor qarşısında məsuliyyətidir. Cavabdeh öhdəliklərin icrasının gecikdirilməsinin onun təqsirinə görə baş verməməsi halını sübut edə bilməmişdir. Bu mənada iddiaçının hüququ var ki, gecikdirilmiş vaxta görə əsas borca hesablanmış 5 faiz məbləğində pulu tələb etsin. Daha sonra Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Buna baxmayaraq bu məsələ ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cərimənin məbləğini 100 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar