Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9351/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3394/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 07.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 6781,05 manat əsas borc, 9,22 manat faiz borcu və 25,03 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 473,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7288,75 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.11.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 16.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları kredit götürmüşdür. 07.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 07.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 6864,40 manat olmaqla kreditin müddəti 07.11.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 07.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 05-dək Cavabdeh1 banka 07.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6781,05 manat əsas borc, 9,22 manat faiz borcu və 25,03 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6815,30 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3394/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 6781,05 (altı min yeddi yüz səksən bir manat beş qəpik) manat əsas borc, 9,22 (doqquz manat iyirmi iki qəpik) manat faiz borcu və 25,03 (iyirmi beş manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6815,30 (altı min səkkiz yüz on beş manat otuz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməklə iddiaçının iddiasının borcun bir dəfəyə ödənilməsi hissəsində rədd edilməsi və onun İddiaçı ASC-yə olan borcunun 5 illik yeni ödəniş qrafiki üzrə hesablanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdə atası Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ASC-dən 6000 (altı min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Atası həmin vəsaitin hamısını plastik qapı-pəncərə istehsalı ilə məşğul olan sexin inkişafına sərf eləmişdir. Lakin atası krediti götürdükdən qısa zaman sonra ABŞ dollarının manata olan nisbətində artım oldu, yəni devalvasiya oldu və bununla da onlar banka olan manatla ödənişlərinin məbləği xeyli miqdarda artmışdır. Devalvasiya olması ilə əlaqədar ölkədə bir çox sahədə olduğu kimi atasının fəaliyyət göstərdiyi sahədə də müəyyən çətinliklər baş verdi və atası sexin fəaliyyətini dayandırdı. Buna baxmayaraq onalr müəyyən gecikmələrlə də olsa ödənişləri müntəzəm olaraq həyata keçirirmişlər. Elə olub ki, aylıq ödənişin həmin ayın lazımi ödənişindən daha az məbləğdə ediblər. Bəzi aylar olub ki, ümumiyyətlə ödəniş etməmişlər. Bütün bunlara səbəb ölkədə devalvasiya olması və atasının səhhətində olan problemlər olmuşdur. Həmin dövrlərdə atası ümumiyyətlə işləməmiş, o isə bəzi aylar işləmiş, bəzi aylar isə işsiz qalmışdır. 2019-cu ildə cənab Prezidentin banklara borclu olan müştərilərin məsələlərinin həll edilməsi barədə sərəncamından sonra İddiaçı ASC onları dəvət edərək qalıq borclarının yenidən hesablanmasını həyata keçirmişdir (bəzi faizləri sildi) və yeni ödəniş qrafiki tərtib etmişdir. Həmin tarixdən etibarən müəyyən edilmiş qrafikə uyğun borclarını vaxtında və qədərində ödəməyə davam etmişlər. Lakin 2021-ci ilin yanvar ayından etibarən atasının səhhətinin daha da ağırlaşması səbəbindən banka olan ödənişlərində yenidən gecikmələr baş vermişdir. 2021-ci ilin aprel ayında atası “Mərkəzi Klinika” sağlamlıq qurumunda açıq ürək əməliyyatı olmuşdur. Həmin əməliyyat və sonrasındakı müalicələr ilə əlaqədar xərcləri həddindən çox artmış və banka olan borcunu ümumiyyətlə ödəyə bilməmişdir. 2021-ci ilin may ayında atasının şəkər xəstəliyi ilə əlaqədar sol ayağındakı 2 barmağı amputasiya olunmuşdur. Bütün bu müddət ərzində o, bank ödənişlərini həyata keçirə bilməmişdir. Belə ki, bu dövrdə o atasının əməliyyat xərcləri və evin idarə olunması xərclərini tək başına qarşılamışdır və buna görə də tanışlardan külli miqdarda borc almışdır. Bildirir ki, ailəlidir və iki azyaşlı övladı var. Həmçinin atası və anası də onunla eyni evdə, Suraxanı rayonu Hövsan qəsəbəsi Məktəb küçəsi ev 27-də yaşayır. Nə atası, nə anası, nə də ki, həyat yoldaşı işləmir, təqaüd almır və heç bir gəlir əldə etmirlər. Ona görə də ailənin bütün xərcləri yalnız onun tərəfindən qarşılanır. O da özəl bir şirkətdə işləyir və əmək haqqı əvvəl 800 manat, son zamanlarda artaraq 1000 manat olmuşdur. Bank əməkdaşları ödənişləri gecikdirəsı səbəbi ilə ona zəng etdikdə onlara yuxarıda qeyd etdiyi səbəbləri izah etmişdir və maddi vəziyyəti düzələn kimi ödənişlərə davam edəcəyini bildirirmişdir. Lakin buna baxmayaraq bank onun bu vəziyyətini nəzərə almamış və işi məhkəməyə göndərmişdir. Məhkəmədə iclasların vaxtı barədə məlumatı olmadığından iştirak edə bilməmişdir. İştirak etsəydi məhkəmədən ona yeni qrafik tərtib edilərək həmin qrafik əsasında ödənişlər etməyinə köməklik göstərmələrini xahiş edəcəkdi. Qətnamə barədə sonradan məlumatı olmuş və bununla əlaqəli yenidən banka müraciət edərək ona qrafik tərtib etmələrin xahiş etsə də heç bir nəticə əldə olunmamışdır və bank əməkdaşları borcun tamamən ödənməsini tələb etmişlər. Yuxarıda sadaladığı problemlərlə əlaqəli olaraq maddi vəziyyətinin yaxşı olmaması səbəbindən həmin borcu bir dəfəyə ödəmə imkanı yoxdur. Belə ki, hazırda həm atasının müalicəsini davam etdirir, həm uşaqlarının hər ikisinin təhsil xərclərini qarşılayır, həm də bütün ailə üzvlərinin qida, evin kommunal və s. xərclərini ödəməyə davam edir. Maddi imkanına uyğun olaraq hazırda da ödəniş etməyə davam edir. Belə ki, 2021-ci ilin avqustun əvvəlində banka olan borcundan 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunan hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3394/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 16.12.2015ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən illik 24 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. İş materiallarında olan 07.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 07.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 6864,40 manat olmaqla kreditin müddəti 07.11.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 07.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İş materiallarında olan 16.12.2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən 6,000 ABŞ dolları məbləğində kredit vəsaitini qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASCyə 6781,05 manat əsas borc, 9,22 manat faiz borcu və 25,03 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 473,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7288,75 manat məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 474.2 Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materilları ilə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabeh illik 24 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 07.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 07.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 6864,40 manat olmaqla kreditin müddəti 07.11.2024-cü il tarixədək uzadılmışdır. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və o Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Həmçinin iş materilları ilə müəyyən edilir ki, Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdirlər. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və cəriməni cavabdehlərdən tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkməəsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 07.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6781,05 (altı min yeddi yüz səksən bir manat beş qəpik) manat əsas borc, 9,22 (doqquz manat iyirmi iki qəpik) manat faiz borcu və 25,03 (iyirmi beş manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6815,30 (altı min səkkiz yüz on beş manat otuz qəpik) manat məbləğində borc tutulmalı, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamə ilə məyyən ediləcək hal deyil, tərəflərin qarşılıqlı razılığı ilə qətnamənin icra mərhələsində həll olnmalı məsələdir. Həmçinin kollegiya onu da qeyd edir ki, apellyasiya şikayətində qeyd edilənlər cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ödəmək vəzifəsini istisna edə bilməz. Ona görə də apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3394/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3394/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9351/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9351/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver