Məhkəmə qərarları › İş №2(103)-9358/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9358/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9358/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi tələbinə» dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iddianı təmin tədbiri barədə 14 iyun 2021-ci il tarixli, 2(004)-4020/2021 saylı qərardadından cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BANK "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh2 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı və “ToyotaLand-Cruiser-Prado” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehə avtomobillərdən istifadə etmək qadağan edilməklə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(004)-3522/2020 saylı qərardadı ilə iddianı təmini tədbiri barədə ərizə qismən təmin edilərək, Cavabdeh2 mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Toyota-Land-CruiserPrado” minik markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı, BAN JTEBL29J585093115, qara rəngli, 2014-cü il buraxılışlı “Toyota Prado” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı, BAN JTEBX3FJ805076988, ağ mirvari rəngli və 2013-cü il buraxılışlı “ToyotaLand-Cruiser- Prado” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı, BAN JTEBX3FJ90K164885, qara rəngli avtomobillərin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehlər tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və iddianı təmini tədbiri barədə ərizənin təmin edilməməsi xahiş edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020- ci il tarixli, 2(004)- 3522/2020 saylı qərardadı ilə şikayətin təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla yanaşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin eyni tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, RPF-00041-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9091,14 manat məbləğində əsas borc, 48,81 manat faiz borcu, ümumilikdə 9139,95 (doxsan bir min otuz doqquz manat doxsan beş qəpik) manat borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(103)-1582/2021 qərardadı ilə cavabdehlərin şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(004)-3522/2020 saylı qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadına əsasən iddianı təmini tədbiri barədə ərizə qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Toyota-Land Cruiser-Prado” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, BAN JTEBL29J585093115, qara rəngli avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadından iş üzrə cavabdehlər tərəfindən ayrı-ayrılıqda şikayət verilmişdir. Hər iki şikayət eyni məzmundan ibarət olmuş və onunla əsaslandırılmışdır ki, həmin avtomobillər Cavabdeh2 mülkiyyətində olsa da, onlardan yalnız biri, “Toyota Land-Cruiser- Prado” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki istifadəsində və sahibliyindədir. Digər iki avtomobil isə formal olaraq onun mülkiyyətində qalmışlar, faktiki olaraq başqa şəxslərin istifadəsində və sahibliyindədir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi B.Dünyamalıyeva şikayətləri qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyulmaqla əlaqədar tədbir görə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İş materiallarında olan sənədlərə əsasən üzərinə həbs qoyulması qərara alınmış avtomobil Cavabdeh2 mülkiyyətindədir, həmin avtomobilin əvəzinə digər avtomobilin üzərinə həbs qoyulmasına hər hansı əsas mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətlər təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iddianı təmin tədbiri barədə 14 iyun 2021-ci il tarixli, 2(004)-4020/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar