Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-938/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015ci il tarixli qətnaməsindən Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxx 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.142,54 ABŞ dolları məbləğində əsas kredit borcu, 4.373,34 ABŞ dolları faiz borcu, 9.127,11 ABŞ dolları kredit müqaviləsi üzrə hesablanmış penya məbləği, cəmi 41.642,99ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan “MERCEDES BENZ-350” minik markalı (buraxılış ili 2008, Ban WDBUF56X58B204633, mühərrik **********5904, rəngi ağ, tip sedan) **-ES-*** dövlət nişanlı minik avtomobilinə tutma yönəldilməsi, açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 “xxxx” ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, peniyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12002-0096/128495 saylı xx xxxx 2012-ci il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 16% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 46.600 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1la 12002-0096/128495 İ saylı xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus EMERCEDES BENZ-350” markalı **-ES-*** dövlət nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 1202-0096/184267Z saylı xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1nıın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin 3.03 bəndinin B yarımbəndinə əsasən, ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin məbləğinin faizləri ikiqat, yəni 32% olmaqla hesablanır. Həmçinin həmin müqavilənin 3.03 bəndinin E yarımbəndinə əsasən, borcalan yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmə müddətləri keçdikdən sonra faizini vaxtında qaytarmadıqda hər gecikdirilmiş gün üçün 1,20 ABŞ dolları həcmində penya ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2015-ci il tarixə iddiaçıya 28.142,54 ABŞ dolları məbləğində əsas kredit borcu, 4.373,34 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9.127,11 ABŞ dollan kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 41.642,99 ABŞ dollan məbləğində vəsait borclu qalmaqdadır. Cavabdeh Qurbanov Qurbanova dəfələrlə bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsinə əsasən 37.518,88 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 alınması və “xxxx” ASC-yə verilməsi, tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus “Mercedes Benz 350” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin “xxxx” ASC-yə olan borcunun ödənilməsi, borc tam ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınması və “xxxx” ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun 02 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia ərizəsinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bundan sonra 2020-ci ildə iddiaçı “xxxx” ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə Suraxanı Rayon Məhkəməsinə ərizə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı,xx xxxxxx 2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində göstərilmiş “kredit müqaviləsinə əsasən 37.518,88 (otuz yeddi min beş yüz on səkkiz) ABŞ dolları 88 sent məbləğində (28.142,54 ABŞ dolları əsas borc, 4.376,34 ABŞ dolları faiz borcu, 5.000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 alınması və “xxxx” ASC-yə verilməsi” hissəsində “kredit müqaviləsinə əsasən 37.518,88 (otuz, yeddi min beş yüz on səkkiz) ABŞ dolları 88 sent məbləğində (28.142,54 ABŞ dolları əsas borc, 4.376,34 ABŞ dolları faiz borcu, 5.000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınması və “xxxx” ASC-nə verilməsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin nəticə hissəsində kredit üzrə borcun Cavabdeh1 və diğər Cavabdeh2 birgə tutulması düzgün deyil. Belə ki, Cavabdeh1 kredit müqaviləsi bağlayaraq iddiaçı “xxxx” ASC-dən pul götürmüş və vaxtıvaxtında kredit üzrə borcu qaytarırdı. Lakin hal-hazırda maddi durumu ilə bağlı öz öhdəliklərini lazımı qaydada icra edə bilməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin artırılmasını və ya ödənişlərlə bağlı möhlət verilməsini iddiaçıdan xahiş etmiş, lakin bank əməkdaşları onun təklifini rədd etmişdirlər. Apelyasiya şikayətində Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 37.518,88 (otuz, yeddi min beş yüz on səkkiz) ABŞ dolları 88 sent məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 alınması və iddiaçı “xxxx” ASC-nə verilməsi, tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus “Mercedes Benz-350” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin “xxxx” ASC-nə olan borcunun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 37.518,88 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh1 alınması və iddiaçı “xxxx” ASC-nə verilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus “Mercedes Benz-350” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin “xxxx” ASC-nə olan borcunun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı “xxxx” ASC-nə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurova apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin dəyişdirilməsini, Cavabdeh2 aid hissədə rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni mübahisələndirilən hissədə yохlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurovanın apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollеgiyası hеsab еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş xx xxxx 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsini əsas götürməklə, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurovanın apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 aid hissədə iddia tələbi təmin edilməməlidir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarının tədqiqindən aşağıdakıları müəyyən edir. Bеlə ki, iş materiallarında olan, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12002-0096/128495 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC Cavabdeh1 illik 16 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 46.600 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında оlan, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12002- 0096/128495İ saylı, xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 12002-0096/128495 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 məxsus “Mercedes Benz 350” minik markalı, (buraxılış ili 2008, Ban WDBUF56X58B204633, mühərrik **********5904, rəngi ağ, tip sedan) **-ES- *** dövlət qeydiyyat nişanlı avtomaşın İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka predmeti”nin qiyməti 36.620 manat qiymətləndirilmişdir. İş materiallarında olan iddiaçı “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 12002- 0096/184267Z saylı, xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladığı zaminlik müqavilələrnə əsasən borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə borcunu ödəməyəcəyi təqdirdə kredit borcunun ödənilməsi və borcun ipotekaya qoyulmuş əmlaklara yönəldiləcəyi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə X1 xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işdən göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə Cavabdeh1 46.600 ABŞ dolları məbləğində pul illik 16 faiz dərəcəsi ilə 36 ay müddətinə verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsindən ötrü digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. Göründüyü kimi, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurovanın apelyasiya şikayətində kredit üzrə borcun Cavabdeh1 ilə bərabər diğər Cavabdeh2 birgə tutulmasının düzgün olmadığını bildirilsə də, həmin halı təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurovanın apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurovanın apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Lalə Mansurovanın apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-938/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-938/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver