Məhkəmə qərarları › İş №2(103)-9382/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9382/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9382/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 2(009)- 1512/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 09.05.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc, 30 manat dəbbə, 22.05.2019cu il tarixli müqavilə üzrə 240 manat əsas borc, 54 manat dəbbə, 03.11.2019- cu il tarixli müqavilə üzrə 172 manat əsas borc, 61 manat dəbbə, 25.01.2020-ci il tarixli müqavilə üzrə 2019,6 manat əsas borc, 487,4 manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 43,6 manat ödənilməmiş hissə, 12.4 manat dəbbə pulu, ümumilikdə 3220 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1512/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, savabdeh Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 09.05.2019-cu il tarixli müqavilə üzrə 100 (yüz) manat əsas borc, 10 (on) manat dəbbə, 22.05.2019-cu il tarixli müqavilə üzrə 240 (iki yüz qırx) manat əsas borc, 24 (iyirmi dörd) manat dəbbə, 03.11.2019-cu il tarixli müqavilə üzrə 172 (yüz yetmiş iki) manat əsas borc, 17 (on yeddi) manat dəbbə, 25.01.2020-ci il tarixli müqavilə üzrə 2019,6 (iki min on doqquz manat altmış qəpik) manat əsas borc, 201 (iki yüz bir) manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 43,60 (qırx üç manat altmış qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nə olan borcu iddiada göstərilən həddə olmamışdır. "xxxx" ASC əsas borcu və faiz borcunu qanunsuz olaraq şişirtmişdir. Ödədiyi pullan iddiaçı qanunsuz olaraq reyestrə salmamış, əsassız və qanunsuz olaraq cəriməyə, penyaya, dəbbə puluna və s. çıxmışdır. Həmçinin, ona kreditə verilmiş malların qiyməti də real qiymətdən artıq, bəzi hallarda isə ikiqat artıq göstərilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi və izahat verərək şikayətinin təmin edilməsini, rayon məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlaarla müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 09.05.2019-cu il, 22.05.2018-cu il, 22.05.2019-cu il, 03.11.2019-cu il və 25.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********83015 Huawei P Smart markalı telefon, İMEİ kodu **********46491 Samsung Galaxy A20 markalı telefon, HOFFMANN LED markalı televizor, Dell İnspiron markalı kompüter, Modem TP-LİNK, Antivirus Kaspersky, Microsoft Windows 10 Pro markalı proqram, Router TP-LİNK almış, müqavilələr üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun 09.05.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc, 22.05.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas borc, 03.11.2019-cu il tarixli müqavilə üzrə 172 manat əsas borc, 25.01.2020-ci il tarixli müqavilə üzrə 2019,6 manat əsas borc, 28.02.2020-ci il tarixli müqavilə üzrə 43,6 manat borcu yaranmış, iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alğısatqısına dair müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, iş materiallarında olan müqavilələrin şərtlərindən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanarkən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Cavabdeh həmin müqavilənin şərtlərinə razılığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh onun tərəfindən edilmiş ödənişlərin çox hissəsinin penya, cərimə, dəbbə kimi əlavə xərclərə hesablanaraq çıxıldığını bildirsə də, bu hal öz təsdiqini tapmamış, cavabdehin dörd müqavilə üzrə etdiyi ümumilikdə 1149,50 manat ödənişdən cəmi 24,59 manatı dəbbəyə, qalan hissəsi isə əsas borca hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2021-cu il tarixli, 2(009)-1512/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar