Məhkəmə qərarları › İş №2(103)-9391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9391/2021

08.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9391/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlə onun birgə nikahından doğulmuş uşağın – 14.06.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xətai Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli qətnaməsinə (İş № 2(011)-5289/2017) əsasən cavabdehdən onun xeyrinə tutulan alimentin məbləğinin artırılması və hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, nikahdan 1 uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və Xətai Rayon Məhkəməsinin 30.01.2013-cü il tarixli qətnaməsi (İş № 2(011)-564/2013) ilə nikaha xitam verilməsi, uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Bundan sonra hazırki iş üzrə iddiaçının iddia ərizəsinə dair 2(011)-5289/2017 saylı mülki baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.05.2017-ci il tarixli qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin artırılmasını və 136,60 manat sabit pul məbləğində müəyyən edilməsini qət etmişdir. Hazırda uşaq böyümüş, uşağın xərcləri artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, 25.05.2017-ci il tarixdə qətnamə qəbul edildikdən sonra ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 136,60 manatdan artırmış və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə 175 manat məbləğində müəyyən edilmişdir. Əvvəlki məbləğdə tutulan aliment uşağın xərclərinin ödənilməsi üçün kifayət etmir. İddiaçı, uşağın xərclərini təkbaşına qarşılaya bilmir. Cavabdeh isə bu xərclərin qarşılamasında iştirak etmək üçün təşəbbüs göstərmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddianı rədd etməklə uşağın mənafeyini nəzərə almamışdır. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq dəyişikliklər baş verməmişdir, buna görə də, alimentin məbləğinin artırılması üçün əsas yoxdur. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, 350 manat məbləğində əmək haqqı alır. Bundan başqa, o, yeni ailə qurmuş və onun daha iki övladı doğulmuşdur. İddiaçının özü işləyir, yüksək əmək haqqı alır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.01.2013-cü il tarixli qətnaməsindən (İş № 2(011)-564/2013) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə cavabdehin arasında bağlanmış nikahın pozulması, uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli qətnaməsindən (İş № 2(011)- 5289/2017) görünür ki, həmin qətnamə ilə alimentin məbləğinin artırılması və 136,60 manat sabit pul məbləğində müəyyən edilməsini qət edilmişdir. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirir ki, 25.05.2017-ci il tarixdə qətnamə qəbul edildikdən sonra ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 136,60 manatdan artırmış və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə 175 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırda uşaq böyümüş, uşağın xərcləri də artmışdır. Əvvəlki məbləğdə tutulan aliment uşağın xərclərinin ödənilməsinə kifayət etmir. İddiaçı, uşağın xərclərini təkbaşına qarşılaya bilmir. Cavabdeh isə bu xərclərin qarşılamasında iştirak etmək üçün təşəbbüs göstərmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq dəyişikliklər baş verməmişdir, buna görə də, alimentin məbləğinin artırılması üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlilinə etiraz edən cavabdeh isə işə baxmış Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdeh, bir valideyn kimi, iddiaçının yanında qalan uşağını saxlamağa borcludur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Xətai Rayon Məhkəməsi 25.05.2017-ci il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Hazırda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, 136,60 manat məbləğində aliment müəyyən edilən zaman uşağın 7 yaşı var idisə, hazırda uşağın 11 yaşı var və təbii ki, uşağın xərcləri artmışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu, tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi iddianı rədd etməklə işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə alimentin tutulması hazırki qətnamə qəbul edildiyi tarixdən hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin hazırkı iş üzrə iddiaçı alimentin tutulması barədə ərizə ilə deyil, tutulmalı olan alimentin məbləğinin artırılması barədə ərizə ilə müraciət etmişdir. Eyni zamanda Məhkəmə, cavabdehin iddia tələbinə və apellyasiya şikayətinə olan etirazı ilə bağlı qeyd edir ki, cavabdehin 350 manat məbləğində əmək haqqı alması, onun yeni ailə qurması, onun daha iki övladının doğulması, iddiaçının yanında qalmış uşağın əvvəlki təminat səviyyəsinə mümkün qədər maksimal saxlanılması vəzifəsindən azad etmir, bu, cavabdehin bir valideyn kimi borcudur. Beləliklə, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərinə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti (175 manat – 136,60 manat = 38,4 manat; 38,4 manat x 12 ay=) 460,8 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiası qismən təmin edilsin. 14.06.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsinə (İş № 2(011)- 5289/2017) əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılsın və hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bu qaydada alimentin tutulması 08 oktyabr 2021-ci il tarixdən başlansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar