Məhkəmə qərarları › İş №2(103)-942/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-942/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-942/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 2574/2020 nömrəli qətnaməsindən idiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2006-cı il tarixli, 552/06 saylı kredit müqaviləsi üzrə 7956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdınlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAC-70 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 552/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun banka hazırda borcu 7956.02 ABŞ dolları təşkil edir. Bank tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 2574/2020 nömrəli qətnaməsi ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı cavabdehdən xx.xx.2006-cı il tarixli, 552/06 saylı kredit müqaviləsi üzrə 7956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2574/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, sözügedən qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Beləki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-2754/2020 saylı qətnaməsində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci istansiya məhkəməsi iddia tələbini rədd edərkən əsaslanıdırlmışdır ki, Cavabdeh ilə «xxxx» ASC arasında xx xxxx 2006-cı il tarixdə bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddəti xx xxxx 2007-ci il tarixdə bitmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə iddia müddətinin axımı isə xx xxxx 2007-ci il tarixdə başlanmışdır, İddiaçı QSC isə məhkəməyə xx xxxx 2010-cu il tarixdən 9 il 7 ay keçdikdən sonra iddia ərizəsi ilə müraciət edərək cavabdehdən borcun tutulmasını xahiş etmişdir. Yəni, istər xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən, istərsə də, borcalan tərəfindən kredit borcu üzrə edilmiş son ödəniş tarixindən 3 ildən artıq müddət keçmiş və belə olan təqdirdə isə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1 -ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2- ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3- cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. Halbuki məhkəmə işin hallarını tam və ətraflı aydınlaşdırmaq üçün tərəflərə şərait yaratmalı idi. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul edib-etməməsini aydınlaşdırmamış, yalnız cavabdehin ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından görünür ki, cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və nəticədə onun ümumilikdə 7956.02 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "İddiaçı" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki: (2.1) Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin "İddiaçı" QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "İddiaçı" QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; (2.2) "İddiaçı" QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" ASCdən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır; (2.3) "İddiaçı" QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: (2.3.1) "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək; (2.3.3) tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; (2.34.) aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirməkdir. Həmçinin iş materiallarına əlavə edilmiş “X2 Edilməsi Agentliyi” MMC-nin Nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra “İddiaçı QSC” adlanacaq) tabeliyində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətim Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. İşə əlavə edilmiş S-FC-XAC-70 saylı, xx.xx.2018-ci il tarixli “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktdan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSCyə verilmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı QSC xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən 7956.02 (yeddi min doqquz yüz əlli altı manat, 02 qəpik) dollar məbləğində kredit borcunu alınaraq dövlət büdcəsinə ödəməkdir. Onu da qeyd edir ki, dövlət vəsaitinin geri qaytarılması cəmiyyət tərəfindən 2015-ci il tarixdən başlanılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli müqaviləsinə əsasən müəyyən edilir ki, “xxxx” ASC problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, “X2 Edilməsi Agentliyi” MMC İddiaçı QSC-yə onun “xxxx” ASC-dən problemli aktivlərlə bağlı idarəetmə və hüquqi xidmətlərin həyata keçirilməsinə şərait yaradır. İş materiallarında olan SS-FK-XAC-70 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə dair tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2006-cü il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 15% tətbiq edilməklə 101.025 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixə təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə 7956,02 ABŞ dolları faiz borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin güzəşt edilməsi barədə bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-nin tələb hüququnun “X2 Edilməsi Agentliyi” MMC-yə keçməsinə dair xəbərdar edilmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 iddia ərizəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4510/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar