Məhkəmə qərarları › İş №2(103)-943/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-943/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-943/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-2767/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Mayis oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2907,37 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 49,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2957,02 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh1 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarxidə, 2-Z1-1-0-428-15 saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiya edilməsi və onunla güzəştli şərtlərlə (illik faiz dərəcəsi 1 faiz olmaqla) yeni kredit müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əssaslandırılır ki, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” İKB ASC-dən illik 27 faizlə 48 ay müddətində 7500 ABŞ dolları kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 Mayis oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır, lakin borclu müqavilə şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır, xx.xx.2020-ci ilədək Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2907,37 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 49,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi2957,02 ABŞ dolları borcun vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır, müqavilə üzrə borc mübahisəsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 əsas borcu 2547,01 ABŞ dolları azaldılmışdır. Sözügedən kredit müqaviləsi xx xxxxxx 2019-cu il tarixli Fərmanın restrukturizasiya hissəsinə düşməmişdir, müqavilə tərəfi “xxxx” İKB olsa da, hazırda onun adı dəyişilərək xxxx ASC olmuşdur. Sonda iddiaçının nümayəndəsi D.E.Əliyeva iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, onunla ‘‘xxxx” İKB ASC arasında xx.xx.2015-ci il tarixdə, 2-Z1-1-0-428-15 saylı kredit müqaviləsi bağlamlmışdır, kredit müqaviləsinin şərtlərinə əsasən, ona 48 ay müddətinə, illik 27 faizlə, 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə 10.000 ABŞ dollarına qədər krediti olan şəxslərin kredit borclarının həlli istiqamətində güzəştlər tətbiq edilmiş, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi, borclan restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi banklara tövsiyə edilmişdir. Onun da kredit müqaviləsi qeyd olunan Fərmanın təsir dairəsinə düşür. Bu səbəbdən də, Azərbaycan Respublikası Maliyyə X1 internet saytında həmin Fərmanla bağlı ona 4.329,92 manat kompensasiya hesablanmışdır. Lakin Fərmanın qəbul edilməsindən uzun müddətin keçməsinə baxmayaraq, nədənsə “xxxx” İKB ASC göstərilən Fərmanı onunla bağlanmış kredit müqaviləsinə tətbiq etmir. Belə ki, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona İddiaçı ASC tərəfindən yeni güzəştli kredit müqaviləsinin bağlanılması təklif edilmir, belə müqavilənin bağlanılmasından əsassız imtina edilir, Prezidentin göstərilən Fərmanının tələblərinə uyğun hərəkət etməkdən imtina edir və Fərmanın tələblərin kobud şəkildə pozur. Qeyd olunan məsələ ilə bağlı dəfələrlə şifahi qaydada müraciətlərinə baxılmadığından, məcbur qalaraq, tərəfindən xx.xx.2019-cu il tarixdə həm Azərbaycan Respublikası Maliyyə X2, həm də “xxxx” İKB ASC-yə (İddiaçı ASC-yə) rəsmi qaydada müraciətlər edilmişdir. Lakin hər iki təşkilatdan ona tamamilə qanunsuz və əsassız cavab məktubları göndərilmişdir. Belə ki, “xxxx” İKB ASC xx.xx.2019-cu il tarixli, 15/7585 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən Fərmana əsasən, kredit müqaviləsi üzrə gecikmə günləri 360 gündən az olduğu üçün, fiziki şəxslərin restrukturizasiya olunacaq kredit borcları tələblərinə cavab vermir. Həmçinin Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli, ********** saylı məktubunda qeyd olunmuşdur ki, onun kredit üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Hər iki təşkilatın məktublarını tamamilə əsassız hesab edir və bank tərəfindən ona münasibətdə kredit borcunun restrukturizasiya olunaraq onunla yeni müqavilə bağlanılmalı olduğunu düşünür. Sonda Cavabdeh1 deyilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Mayis oğlundan müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə əsas borc məbləği kimi 2907,37 ABŞ dolları, faiz borcu kimi 49,65 ABŞ dolları, cəmi 2957 (iki min doqquz yüz əlli yeddi) ABŞ dolları 02 (iki) sent məbləğində borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manatın alınaraq, “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 “tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiya edilməsi və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması vəzifəsinin “xxxx” ASC-nin üzərinə qoyulması” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin ediməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla “xxxx” İKB ASC arasında xx.xx.2015-ci il tarixdə, 2-Z1-1-0-428-15 saylı kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, ona 48 ay müddətinə, illik 27 faizlə, 7500 ABŞ dolları məbləğində kredit verilmişdir.“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə 10.000 ABŞ dollarına qədər krediti olan şəxslərin kredit borclarının həlli istiqamətində güzəştlər tətbiq edilmiş, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməsi, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi banklara tövsiyə edilmişdir. Onun da kredit müqaviləsi qeyd olunan Fərmanın təsir dairəsinə düşmüşdür. Bu səbəbdən də, Azərbaycan Respublikası Maliyyə X1 internet saytında həmin Fərmanla bağlı cavabdehə 4.329,92 manat kompensasiya hesablanmışdır. Lakin Fərmanın qəbul edilməsindən uzun müddətin keçməsinə baxmayaraq, “xxxx” İKB ASC (İddiaçı ASC) göstərilən Fərmanı onunla bağlanmış kredit müqaviləsinə tətbiq etmir. Belə ki, cavabdehin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona “xxxx” İKB ASC (İddiaçı ASC) tərəfindən yeni güzəştli kredit müqaviləsinin bağlanılması təklif edilməmiş, belə müqavilənin bağlanılmasından əsassız imtina edilmiş, Prezidentin göstərilən Fərmanının tələblərinə uyğun hərəkət etməkdən imtina edilmiş və Fərmanın tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan məsələ ilə bağlı dəfələrlə şifahi qaydada müraciətlərinə baxılmadığından, məcbur qalaraq, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə həm Azərbaycan Respublikası Maliyyə X2, həm də “xxxx” İKB ASC-yə (İddiaçı ASC-yə) rəsmi qaydada müraciətlər edilmişdir. Lakin hər iki təşkilatdan ona tamamilə qanunsuz və əsassız cavab məktubları göndərilmişdir. Belə ki, “xxxx” İKB ASC xx.xx.2019-cu il tarixli, 15/7585 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən Fərmana əsasən, kredit müqaviləsi üzrə gecikmə günləri 360 gündən az olduğu üçün, fiziki şəxslərin restrukturizasiya olunacaq kredit borcları tələblərinə cavab vermir.Həmçinin, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli, ********** saylı məktubunda qeyd olunmuşdur ki, cavabdehin kredit üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan, bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir.Aşağıda qeyd olunanlara əsasən, hər iki təşkilatın məktublarını tamamilə əsassız hesab edir və bank tərəfindən ona münasibətdə kredit borcunun restrukturizasiya olunaraq cavabdehlə yeni müqavilə bağlanılmalı olduğunu düşünür. Belə ki, cavabdehlə bağlanmış xx.xx.2015 ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2015xx.xx.2019-cu il tarixlərdə (48 ay) ərzində onun tərəfindən banka aylıq annuitet qaydada 257,12 ABŞ dolları məbləğində pul ödənilməli idi.Bank tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən cəmi 2741,13 ABŞ dolları ödəniş edilmişdir. Bu ödənişlərin sonuncusu xx.xx.2016-cı il tarixdə 110,35 ABŞ dolları olmuşdur. Ümumiyyətlə, bu dövr ərzində aparılmış ödənişlərin əksəriyyəti annuitet qaydada ödəməli olduğu 257,12 ABŞ dollarından az olmuşdur.Göründüyü kimi, onun borcu nə 17.000 manatdan artıq deyil, nə də ki, gecikmə günlərim 360 gündən az deyil (yəni bankın bildirdiyinin əksinə olaraq, 360 gündən çoxdur). Hətta Fərman cavabdehin axırıncı ödənişindən iki ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Lakin nə İddiaçı ASC (“xxxx” İKB ASC), nə də ki Azərbaycan Respublikası Maliyyə X3 nəyə görə gecikmə günlərinin 360 gündən az olmasını əsaslandırmamış, hansı sənədlər əsasında və nəyə görə belə hesab etdiklərinə dair hər hansı sənəd sübut təqdim etməmişdir. Bunun əksi olaraq, ona təqdim edilmiş hesabdan çıxarışda yuxarıda qeyd olunanlar, yəni gecikmə günlərinin 800 günə yaxın olduğu (əslində ödənişlərin annuitetdən az olduğunu nəzərə alsaq, gecikmə daha çoxdur) açıq-aşkar görünür. Cavabdeh, həmçinin, qeyd edir ki, bu müddətdə bank tərəfindən ona hər hansı xəbərdarlıq məktubu göndərilməmiş, borc tələb edilməmişdir. Qeyd olunan təşkilarlardan aldığı bu cavablardan sonra, cavabdeh tərəfindən banka müraciət edərək, gecikmə günlərinin 360 gündən az olmasını necə müəyyən etmələrini izah etmələrini tələb etmişdir. Bankın bir neçə əməkdaşı səhv etdiklərini etiraf etmiş, yenidən ərizə ilə müraciət etməyini və bu səhvin aradan qaldılrılacağını bildirmişlər. Bank əməkdaşlarının bu sözlərinə əsasən, cavabdeh tərəfindən təkrarən sadə qaydada ərizə forması ilə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edilmişdir. Lakin bunun da üzərindən uzun müddətin keçməsinə baxmayaraq, ona mahiyyəti üzrə hər hansı cavab verilməmiş, müraciətə daha əvvəl cavab verildiyi bildirilmiş, problemi həll olunmamışdır. Bundan sonra, cavabdeh bir daha, həm Azərbaycan Respublikası Mərkəzi Bankına, həm Azərbaycan Respublikası Maliyyə X2 (artıq ləğv olunmuşdur), həm də İddiaçı ASC-nin (“xxxx” İKB ASC) özünə xx.xx.2020-ci il tarixdə növbəti dəfə müraciət etmişdir. Etdiyi sonuncu müraciəti ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla müraciəti İddiaçı ASC-yə (“xxxx” İKB ASC) göndərilərək (məktubun surəti cavabdehə göndərilmişdir), müraciətə baxılmasının nəticəsi barədə Mərkəzi Banka və ona məlumat verilməsi xahiş olunsa da, bank tərəfindən onahər hansı cavab göndərilməmiş, bunun əksinə, bank tərəfindən Xətai rayon Məhkəməsində ona və Cavabdeh2 Mayis oğluna qarşı iddia qaldırılmışdır. xx.xx.2020-ci il tarixdə Xətai rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi izahat verərək, cavabdehlə bağlanılmış kredit borcunun restrukturizasiya olunmamasını tamamilə başqa cür, onun bu kredit müqaviləsi və bank ilə əlaqəsi olmayan başqa bir kredit müqaviləsi üzrə zamin olmağı ilə əsaslandırmağa çalışmış, həmçinin, Azərbaycan Respublikası Maliyyə X3 ləğv olunduğu üçün, restrukturizasiyanın İddiaçı ASC tərəfindən deyil, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçirildiyini bildirmişdir. Halbuki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, xx xxxxxx 2019-cu il tarixli Fərmanında belə bir məhdudiyyət, yəni, başqa kredit müqaviləsi üzrə zamin olduğu halda, restrukturizasiyanın mümkün olmaması nəzərdə tutulmamışdır. Digər tərəfdən İddiaçı ASC (“xxxx” İKB ASC) xx.xx.2019-cu il tarixli, 15/7585 saylı məktubunda kredit müqaviləsi üzrə gecikmə günləri 360 gündən az olduğu üçün, fiziki şəxslərin restrukturizasiya olunacaq kredit borcları tələblərinə cavab vermədiyi qeyd olunmuşdur.Göründüyü kimi, İddiaçı ASC tərəfindən cavabdehin kredit borcunun restrukturizasiya olunmaması hər dəfə fərqli səbəblərlə “əsaslandırılmağa” çalışmışdır. Halbuki, göstərdiyi dəlillərin heç biri əsaslı deyil və qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən,cavabdehin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı oxşar müraciət Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla İddiaçı ASC-yə (“xxxx” İKB ASC) göndərilərək, müracitə baxılmasının nəticəsi barədə Mərkəzi Banka və ona məlumat verilməsi xahiş olunsa da, bank tərəfindən ona hər hansı cavab göndərilməmişdir. Bundan başqa, bankın nümyəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə X3 ləğv olunduğu üçün restrukturizasiyanın İddiaçı ASC tərəfindən deyil, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçirildiyini bildirmişdir. Cavabdeh tərəfindən bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına təkrarən şikayətlə müraciət edilərək, göstərilən məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona xx.xx.2020-ci il tarixli, 26-14510-2020 saylı məktubla “cavab” verilmiş, həmin cavabda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixə banka olan borcu 17.000 manatdan (10.000 ABŞ dollarından) çox olmasa da, həmin kreditlərə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə Fərmanın təsir dairəsinə düşməmişdir. Cavabdeh bir daha qeyd edir ki, onun kredit üzrə gecikdirilmiş günləri 360 gündən çoxdur. Bunu dəfələrlə bütün müraciətlərində bildirib. Bank tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsinə əsasən, cavabdeh cəmi 2741,13 ABŞ dolları ödəniş edilmişdir. Bu ödənişlərin sonuncusu xx.xx.2016-cı il tarixdə 110,35 ABŞ dolları olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı isə xx xxxxxx 2019cu il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi, onun gecikmə günlərinin 800 günə yaxındır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 Mayis oğlu məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh olan zamin Cavabdeh2 Mayis oğlu apellyasiya şikayəti verməmişdiir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-2767/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə “xxxx” İKB ASC-nin 2 saylı filialı arasında xx.xx.2015-ci il tarixli 2-Z1-1-0-428-15 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 48 ay müddətinə, illik 27% hesabıilə 7500 ABŞ dolları manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2-Z1-1-0-428-15 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq “xxxx” İKB ASC-nin 2 saylı filialı ilə Cavabdeh2 Mayis oğlu arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür, kreditin qaytarılma tarixi xx.xx.2019-cu ildir. Həmçinin həmin müqavilənin 5.1-ci bəndinə görə, bu müqaviləyə əsasən, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, fazilər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə 2907,37 ABŞ dolları, 49,65 ABŞ dolları əsas borca hesablanmış 5%, ümumilikdə 2957,02 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 Mayis oğluna xx.xx.2020-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan xx.xx.2015-ci il tarixli 2-Z1-1- 0-428-15 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 mənzil 160 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “xxxx” İKB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli 15/7585 saylı məktubdan görünür ki, Cavabdeh1 “xxxx” İKB ASC-yə daxil olmuş xx.xx.2019-cu il tarixli müraciəti araşdırılmış və bildirilmişdir ki, xx.xx.2015-ci il tarixli 2-Z1-1-0- 428-15 saylı kredit müqaviləsinə əsasən illik 27% olmaqla 48 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmana əsasən, Kredit müqaviləsi üzrə gecikmə günləri 360 gündən az olduğu üçün fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları tələblərinə cavab vermir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X1 Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli ********** saylı məktubdan görünür ki, onunla “xxxx” İKB ASC arasında bağlanmış kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına 4329,92 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən hesablanmış kompensasiya məbləği proporsional qaydada, ilk növbədə xx.xx.2019-cu il tarixinə “xxxx” İKB ASC-də 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Bundan sonra onun qeyd olunan tarixə banka olan qalıq əsas kredit borcu 4942,52 manat məbləğ təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, onun kredit üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, illik 27 faiz olmaqla, 48 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit ayrılması barədə tərəflər arasında müqavilə bağlanmış, Cavabdeh2 Mayis oğlu tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuşdur. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirməklə müqavilə məbləğini cavabdehə ödəmiş, cavabdeh həmin məbləği alsa da müqavilə öhdəliklərini yerinə yetirməməklə iddiaçıya xx.xx.2020-ci ilədək əsas borc məbləği kimi 2907,37 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 49,65 ABŞ dolları, cəmi 2957,02 ABŞ dolları borcu qalmışdır, bu barədə bank tərəfindən cavabdehə xəbərdarlıq olunmuşdur. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi, cavabdeh X6 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, məhkəmə borcun cavabdehdən tutulması ilə bağlı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, qarşılqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması, tərəflərin mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etməsi, həyata keçirilməsi, həmçinin öz hüquq və vəzifələrini müəyyənləşdirmək sərbəstliyinə zidd olmaqla, mülki qanunvericiliyin müqavilə azadlığı prinsipini pozur. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşlıqlı iddia tələbi qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, Azərbaycan Respublikasının Maliyyə X3 tərəfindən cavabdehə məlumat verilmişdir ki, onunla “xxxx” İKB ASC arasında bağlanmış kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına 4329,92 manat məbləğində kompensasiya ayrılmışdır. Onun kredit üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan, bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsipidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Kollegiya qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyüi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 2767/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar