Məhkəmə qərarları › İş №2(103)-9433/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9433/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9433/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(004)-4031/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 02.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4351,61 manat əsas borc, 9,25 manat faiz borcu, 112,2 manat cərimə, 628,85 manat illik beş faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 5101,91 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(004)-4031/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4351,61 manat məbləğində əsas borc, 9,25 manat məbləğində faiz borcu, 112,2 manat cərimə olmaqla, cəmi 4473,06 (dörd min dörd yüz yetmiş üç manat altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4031/2021 saylı iş üzrə 01.07.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli, l-Y-1-0-616-15 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı borcalana illik 1% ödəmək şərtilə 60 ay müddətinə 4549.39 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 08.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4351.61 manat əsas borc, 9,25 manat faiz borcu, 112,2 manat cərimə, 628,85 manat illik beş faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 5101,91 manat məbləğində borcu vardır. Cavabdeh məhkəmə iclasında iştirak edə bilməmişdir. Qət edilmş kredit məbləği və ona hesablanmış faiz borcları ilə cavabdeh razı deyildir, bu səbəbdən hesablamanın yenidən ekspertiza keçirilməsi ilə müəyyən edilməli oldiuuğunu hesab edir. Məhkəmə tərəfindən isə bu təmin edilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli, 1-Y-1-0-616-15 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı borcalana illik 1% ödəmək şərtilə 60 ay müddətinə 4549,39 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.03.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 08.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnun 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4351,61 manat əsas borc, 9,25 manat faiz borcu, 112,2 manat cərimə, 628,85 manat illik beş faizlə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 5101,91 manat məbləğində borcu vardır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" İKB ASC, hazırki adı isə İddiaçı ASC-dir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 628,85 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Belə ki, 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin bitmə tarixi 30.08.2024cü il olduğundan icra müddəti bitməmişdir. İddiaçı isə xəbərdarlıqdan sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4351,61 manat məbləğində əsas borc, 9,25 manat məbləğində faiz borcu, 112,2 manat cərimə olmaqla, cəmi 4473,06 (dörd min dörd yüz yetmiş üç manat altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Qət edilmş kredit məbləği və ona hesablanmış faiz borcları ilə cavabdeh razı olmadığını bildirsə də hansı tarixdə və hansı vaxtda edilmiş ödənişlərin nəzərə alınmadığını əsaslandırmamış, şikayət formal xarakterli olmuşdur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(004)-4031/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar