Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9439/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi əsədov Orxan Vüqar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)-687/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 1779,40 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1809,40 manatın məcburi qaydada tutularaq, onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 10.10.2013-cü il tarixli qazın alqı-satqısı barədə müqavilə əsasında ona məxsus fərdi yaşayış evi qazla təchiz olunmuş və qaz xəttinin üzərində Smart G-4 itron markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin, “Qazdan istifadə qaydaları”ının 6.5-ci bəndinin və “Qaz təchizatı haqqında” Qanunnun 6.2-ci bəndinin tələblərini pozaraq, qaz xəttinə istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları aşkar olunmuş, bu faktlar yerindəcə rəsmiləşdirilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş və həmin aktlar əsasında cəmi 1777,20 manat maddi zərər müəyyən olunmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən həm də 2020-ci ilin may, iyun və iyul ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 2,20 manat debitor borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)- 687/2021 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) təbii qazdan qeyri-qanuni istifadəyə görə cavabdehdən 167,80 manatın və dövlət rüsumunun əvəzi kimi isə 30 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 102 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv, iddianın isə həmin hissədə təmin olunmasını, apellyasiya şiayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan tutularaq, ona ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticələrin işin müəyyən edilmiş faktiki hallarına uyğun olmaması, cavabdehin uzun müddət davam edən təqsirli və qanunazidd davranışları, aralarında bağlanmış müqavilə üzrə öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı özbaşına talaması, eyni zamanda qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində iddiaçıya maddi zərər dəyməsi, qeyd olunan halların əksini sübut etmək vəzifəsinin cavabdehə aid olmasına baxmayaraq, onun məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməməsi və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş və cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən belə görünür ki, tərəflər arasında 10.10.2013-cü il tarixdə bağlanmış «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə» 34390 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə məxsus ünvana **********05460 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində Smart G-4 itron markalı 1302AZ**********20 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 03.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda cavabdehdə məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Bununla əlaqədar İddiaçı İB tərəfindən cavabdehə dəymiş ziyana görə aktlar üzrə ümumilikdə 1777,20 manat borc hesablanmışdır. İddiaçı, qeyd edilən aktlara əsaslanaraq, cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsini iddia etmiş və həmin aktlara əsasən əlavə sərfiyyat hesablanmasını göstərmişdir. Birinci instansiya məhkəməsi, iddianı qismən – yalnız 03.06.2019-cu il tarixli, ******* saylı akta münasibətdə təmin edərkən, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 03.06.2019-cu ildə müəyyən etdikdən sonra müvafiq tədbirlər görməli olduğu halda bunu etməmiş, qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 11 dəfə akt tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki, qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 1 il 3 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Məhkəmə kollegiyası, baxılan (yoxlanılan) hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra, Qaydalar) 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Baxılan işdən isə görünür ki, cavabdehə məxsus ünvanda təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunması faktı ilk dəfə 03.06.2019-cu il tarixdə aşkar olunmasına baxmayaraq, qaz paylayıcısı olan iddiaçı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, əksinə cavabdehin həmin xətt vasitəsilə uzun müddət təbii qazdan qanunsuz istifadə etməsinə şərait yaratmışdır. Bu hal isə, təbii qazdan qeyri-qanuni istifadəyə görə maddi zərərin cavabdehlə yanaşı, həm də iddiaçının təqsiri ucbatından yaranmasına dəlalət edir. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021-ci il tarixli, 10/3979 saylı ekspert rəyindən görünür ki, cavavdehə məxsus ünvan 1 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Yuxarıda göstərilən daşıyıcı qaz xətti üzərində iki hissədə qaynaq yerləri vardır ki, həmin qaynaq yerlərində əvvəllər borucuq(ların) olması halı istisna edilmir. Daşıyıcı qaz xətti üzərində qeyd edilən borucuqların mövcud olduğu halda, həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazadan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin, yaxud digər abonentin həmin borucuq(lar) vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Cavabdehin, yaxud digər abonentin həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Mülki Məcəllənin (bundan sonra, MM) 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. MM-in 458.2-ci maddəsinə əsasən, bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)-687/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)- 687/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9439/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9439/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver