Məhkəmə qərarları › İş №2(103)-944/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-944/2019

19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-944/2019 19.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Həsənovun sədrliyi və məruzəsilə, ŞərafətAsifqızıMəmmədovadanvəXəyalƏjdəroğluSarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi ŞamxalMehdioğluAriflinin katibliyi ilə, iddiaçınınnümayəndəsiQuliyevTürhanCeyhunoğlununiştirakıilə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nın Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-146/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(0016-146/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» Kommersiya Bankının xeyrinə 62435,33 manat əsas, 8453,13 manat faiz, 200 manat cərimə, cəmi 71088,46 manat kredit borcu, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş «BMW X-6» markalı 2013-cü il buraxılışlı qara metallik rəngli, mühərrik 21780455, BankWBSGZ01020L589613 olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, əldə olunan vəsait qeyd olunan borcun ödənilməsinə yönəldilməsi və həmin kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(0016-146/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onların iştirakı olmadan və məlumatlandırmadan işə baxmışdır. İddiaçı faizi həddən artıq hesablamış və bu yolla öz zərərini sığortalamağa çalışmışdır. Borc məbləğinin düzgün müəyyən edilibedilməməsini məhkəmə araşdırmamışdır. Bununla bağlı ekspertiza keçirməli olduğu halda bunun keçirilməsini təmin etməmişdir. Eyni zamanda Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(0016-146/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarını tam araşdırmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşin hallarından görünür ki, QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli 120/13/15234/14 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 16% ödəmək şərti ilə 84000 manat kredit verilmişdir. Öhdəliklərin icrasını təmin etmək məqsədi ilə «BMW X-6» markalı 2013-cü il buraxılışlı 99HU999 dövlət qeydiyyat nişanlı avtomobil 01.09.2014-cü il tarixli 120/13/15234/14 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 01.09.2014-ci il tarixli zaminlik müqaviləsi əsasında cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 01.09.2014-cü il tarixli müqavilə üzrə 28 aprel 2016-cı il tarixə əsas borc üzrə 62435,33 manat, faiz borcu üzrə 7698,84 manat, müqavilə müddətinin sonundan sonrakı müddət üçün 754,29 manat faiz, cərimə borcu üzrə 3745,43 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli 18572 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 01.09.2017-ci il tarixli müqavilə üzrə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, 06 dekabr 2017-ci il tarixə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, faiz borcu 5%-lə 775,15 manat təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 138.1 və 185.2-ci maddələrinə görə isə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə kollegiyası nəzərə alır ki, iş materiallarında məhkəmə iclası barədə bildirişlərin cavabdehlərə rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı sübut, reyestr və ya bildirişin çatdırılmasına dair xəbərnamə yoxdur. MPM-in 387.2.2-ci maddəsinə görə isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. Kollegiya apellyasiya şikayətinin edilmiş ödənişlərin tam nəzərə alınmadığına, əsas və faiz borcunun məbləğinin düzgün hesablanmadığına dair dəlillərini qismən əsaslı hesab edir. İş materiallarından göründüyü kimi cavabdeh etdiyi ödənişləri həmişə razılaşdırılmış ödəniş cədvəlinə uyğun etmədiyindən gecikdirilməklə edilmiş ödənişlər onun həmin tarixə olan vəziyyət üzrə ilk növbədə cərimə və faiz borcunun ödənilməsinə, daha sonra əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bu, həm tərəflərin arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən, həm də, Mülki Məcəllənin 432.4-cü maddəsindən irəli gəlir. Bununla belə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın nəticəsinə görə kredit müqaviləsi üzrə Cavabdeh1 01.09.2017-ci il tarixli müqavilə üzrə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, 06 dekabr 2017-ci il tarixə əsas borcu 58747,88 manat, faiz borcu 17.985,96 manat, faiz borcu 5%-lə 775,15 manat təşkil edir Mülki Məcəllənin istinad olunan maddəsinə görə isə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, keçirilmiş ekspetizanın nəticəsinə görə təqdim olunmuş rəydə 01.09.2014-cü il tarixli müqavilə üzrə əsas borc məbləğinin tələb olunan məbləğdən az, yəni 58747,88 manat, həmin müqavilə üzrə faiz borcunun daha çox olması müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsinə istinad edərək qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbi yalnız irəli sürülmüş tələblər həcmində yoxlanılır və tələbdən kənara çıxılmasına yol verilmir. 01.09.2014-cü il tarixli müqavilə üzrə tələb olunan əsas borc məbləği isə ekspert rəyində göstərilən 58747,88 manat, müqavilə müddətinə və müqavilə müddətinin bitməsindən iddia tələbi irəli sürülən vaxtadək 5 % hesablanmış faiz borcu isə iddia tələbində göstərilən qaydada, cərimənin məbləğinin isə 200 manat həddində müəyyən olunması ədalətli və ağlabatan hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(0016-146/2017 saylı, 06 dekabr 2017ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» Kommersiya Bankının xeyrinə 58747,88 manat əsas, 7698,84 manat faiz, müqavilə müddətinin sonu üçün hesablanmış 754,29 manat faiz, 200 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutulsun. Tələb ipoteka ilə yüklü edilmiş «BMW X-6» markalı 2013-cü il buraxılışlı qara metallik rəngli, mühərrik 21780455, BankWBSGZ01020L589613 olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracdan satılsın, əldə olunan vəsait qeyd olunan borcun ödənilməsinə yönəldilsin və həmin kredit borcu ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın, İddia ərizəsinin qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 200 manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 manatı isə Ləğv prosesində olan QSC «Bank Standart» Kommersiya Bankından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar