Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-944/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3873/2024 saylı, 25 oktyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Cavabdeh Mənzil Tikinti Kooperativi (satıcı) və İddiaçı (alıcı) arasında bağlanan 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 30 saylı ümumi sahəsi 121,3 kv.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.metrin qiyməti 2.600 manat müəyyən edilir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 315.380 manat təşkil edir (bənd 2.3). Alıcı 315.380 manat həcmində pul vəsaitini satıcının bank hesabına köçürülməsini öhdəsinə götürür (bənd 3.1).
2. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən (İddiaçı adından) Bank "xxxx" ASC-nin Sənaye filialına X4 məxsus hesaba 315.000 manat məbləğində pul köçürülmüşdür.
3. ünvan 2 ünvanlanan xx.xx.2024-cü il tarixli, 1372 nömrəli məktubda göstərilib ki, İddiaçı ilə notariat qaydasında təsdiq ediləcək alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli 315.000 manat məbləğində pulu müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra həmin məbləği Cavabdeh adından X1 ödənilməsi üçün bankda olan VÖEN **********, AZ80BBTB******************** № depozit hesabına qəbul olunması xahş edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli, **********153000 nömrəli Qərarında göstərilib ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə alqı-satqı müqavilələri, ödəniş sənədləri və digər sənədləri əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı mənzilin tam dəyərinin (cəmi 315380 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmadığı müəyyən edilmiş və sənədlərdə çatışmazlıqla bağlı xx.xx.2024-cü il tarixli **********791900 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıq müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırıİmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq qərara alınmışdır: İddiaçı xx.xx.2024-cü il tarixli ərizə üzrə ƏDV-nin qaytarılması təmin edilməsin, qərar alıcıya göndərilsin və qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və (və ya) məhkəməyə şikayət verilə bilər.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş əldən çıxmış fayda növündə zərərin əvəzi olaraq 14.423,65 (on dörd min dörd yüz otuz iki manat altmış beş qəpik) manatın və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, İddiaçı Cavabdeh MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq mənzilə mülkiyyət hüququ əldə etmiş, lakin alqı-satqı prosesi zamanı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalmış (əldən çıxmış fayda növündə), nəticədə əmlak vəziyyəti kəskin şəkildə ağırlaşmışdır. Aşağıda qeyd olunanlar, həqiqətən də cavabdeh tərəfindən ona zərər vurulması faktının mövcud olduğunu, buna görə də cavabdehdən vurulmuş zərərin əvəzinin onun lehinə tutulmasının zəruri olduğunu göstərir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MTK ilə 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” (cavabdeh) ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı, 30 saylı ümumi sahəsi 121,3 kv.m olan mənzili tikib alıcıya (iddiaçıya) təhvil verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul edərək onun dəyərini (315.380 AZN) müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzil ala bilmək üçün özünün yetərli vəsaiti olmadığından ipoteka saxlayan qismində "xxxx" ASC-nin çıxış etdiyi xx.xx.2024- cü il tarixli ipoteka krediti müqaviləsi bağlayaraq 150.000 (yüz əlli min) manat məbləğində vəsaiti 252 ay müddətinə, illik 8% dərəcəsinə hesablanan faizlərlə kredit götürmüşdür. Müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun formada notariat qaydada təsdiqi üçün müqavilənin təsdiqi və mənzilin dəyərinin ödənilməsi ilə bağlı hesablaşma Bakı şəhəri 12 saylı Notariat Ofisi vasitəsilə aparılmışdır. Bu zaman cavabdeh hesablaşma mərhələsində qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə zidd hərəkətlər icra etməsi iddiaçını əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini (14432,65 manat məbləğində) əldə etməkdən məhrum etmiş, əmlak vəziyyətini kəskin formada ağırlaşdırmışdır. Belə ki, cavabdeh MTKnın sədri X3 hesablaşma mərhələsində hesablaşmanın nağd qaydada ödənilməsində israr etmiş, nəticədə həm aralarında olan müqavilənin, həm də qanunvericiliyin tələblərinə zidd formada hesablaşma nağd qaydada aparılmışdır. Çox güman ki, bu yolla MTK vergi ödənişlərindən yayınmağa çalışmışdır ki, motivin bu və ya digər əsas olmasından asılı olmayaraq ödənişin nağd qaydada aparılması müqavilənin və qanunvericiliyin tələbləri ilə ziddiyət təşkill etməkdədir. Bakı şəhəri 12 Saylı Notariat Ofisindən "xxxx" ASC-nin Sənaye filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1372 nömrəli məktubu ilə alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli olan 315.000 (üç yüz on beş min) manat məbləğində pulun Cavabdeh MTK adından X1 ödənilməsi üçün bankda olan depozit hesabına ödənilməsi xahiş edilmişdir. İşə qoşma olaraq əlavə edilən Bakı şəhər 12 saylı Notariat Ofisinin sorğusuna cavab məktubu iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, tərəfindən ünvan 5 müqavilə üzrə hesablaşmanın hansı formada aparılması və bu barədə iradə ifadəsinin kim tərəfindən nümayiş etdirilməsi haqqında məlumat verilməsi barədə sorğu ünvanlanmışdır. ünvan 4 cavab məktubu aşağıdakı məzmundadır: “Sizin xx.xx.2024-cü il tarixində ünvan 5 ünvanlanmış sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixdə 4-Ə-1120 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, alqı-satqı məbləği alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunmuş və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunmuşdur. Notariusun cavab məktubu qanunvericiliyin və müqavilənin tələblərinə zidd formada hesablaşmanın nağd qaydada aparılması üçün iradə ifadəsinin satıcı tərəfindən bəyan edildiyini, bu da sonda dəymiş zərərlə satıcının (cavabdehin) təqsirli və hüquqazidd (nağd qaydada hesablaşma həyata keçirilməsi qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir) əməli arasında səbəbli əlaqənin mövcud olduğunu göstərir. İddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün daha sonra AR Dövlət Vergi Xidmətinə portaldan və ərizə ilə müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılmasına görə bunun mümkünsüz olması ona bildirilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli, **********153000 nömrəli qərarının məzmunundan da aydın olur ki, imtinanın əsası qismində mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmaması çıxış etmişdir ki, bu da cavabdeh tərəfindən hesablaşmanın nağd formada həyata keçirilməsi ilə bağlı olmuşdur. Bundan sonra, tərəfindən "xxxx" MTK sədri Mətin Əmiraslanova iki dəfə əlavə dəyər vergisinin bir hissəsinin geri ödənilməsinin təmin edilməsi üçün hüquq müəyyənedici sənədləri göndərməsi ilə bağlı müraciət ünvanlanmışdır. Qarşı tərəf müraciətinə cavab olaraq elektron qaimə-faktura göndərmişdir. Fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV geri qaytarılması üçün YT**********12 seriya nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, tərəfindən edilən müraciətlərdən sonra qarşı tərəf 48108,82 manat məbləğində əlavə dəyər vergisini ödəmişdir ki, qaytarılacaq ƏDV-nin məbləği 14432,65 manat (on dörd min dörd yüz otuz iki manat altmış beş qəpik) təşkil etmişdir. Lakin müqavilə üzrə ödənişin cavabdehin qanunsuz hərəkətləri səbəbindən nağd qaydada edilməsi iddiaçını həmin məbləği əldə etməkdən məhrum etmişdir. Qarşı tərəfin müraciətinə göndərdiyi elektron qaimə-faktura sadəcə formal xarakter daşımaqdadır. İddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün portaldan müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılmasına görə bunun mümkünsüz olması ona rəsmi qaydada bildirilmişdir.
7. Daha sonra İddiaçı iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, onun Cavabdeh MTK-ya qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş məhkəmənin icraatındadır. Daha əvvəl tərəfindən təqdim edilmiş iddia ərizəsində işin faktiki halları qeyd olunmuş və iddia ərizəsinin tələb hissəsində cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzinin ödənilməsi xahiş olunmuşdur. Göründüyü kimi ilkin iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi delikt (mülki hüquqi) məsuliyyətin mövcudluğuna istinad edilmişdir. Lakin aşağıda qeyd olunanlara əsasən, Mülki Prosesual Məcəllədə təsbit olunmuş iddianın əsasının dəyişdirilməsi hüququndan istifadənin zəruri olduğunu düşünür. İşin faktiki halları əvvəlki iddia ərizəsində göstərildiyi kimidir. Hüquqi əsası isə ondan ibarətdir ki, cavabadehlə aralarında bağlanmış yuxarıda adıkeçən “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı satqısına dair" müqaviləsinin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilədə razılaşdırılmış məbləğdə vəsaiti “Satıcı”nın bank hesabına köçürməyi öz öhdəsinə götürür. “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.4.14-cü maddəsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan normaların, müqavilə bəndinin və işin faktiki hallarının təhlili cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməməsi nəticəsində iddiaçıya maddi zərər dəydiyini təsdiq edir. Belə ki, müqavilənin 3.1-ci bəndində hesablaşmanın nağdsız qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu yalnız alıcı tərəfindən ödənişin edilməsi öhdəliyini deyil, eyni zamanda satıcının həmin vəsaiti qəbul etmək öhdəliyini də ehtiva etməkdədir. İşin faktiki halları və təqdim edilən sübutlar satıcı tərəfindən notariusun depozit hesabına nağdsız qaydada köçürülən vəsaitin nağd formada məxaric olunduğunu, bununla nəinki müqavilədə nəzərdə tutulmuş şərtin, habelə “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun tələblərinin pozuntusuna yol verildiyini təsdiq edir. Əvvəlki iddia ərizəsində iddianın hüquqi əsası qismində cavabdeh tərəfindən delikt (mülki hüquqi) məsuliyyət nəticəsində vurulmuş zərərə istinad edilirdisə, aralarında müqavilə münasibətlərinin mövcud olduğuna görə delikt məsuliyyətin istisna olunmasını nəzərə almaqla və AR Mülki Prosesual Məcəlləsinin 53.1-ci maddəsini rəhbər tutmaqla iddia tələbinin əsası qismində müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin mövcudluğuna istinad etmək niyyətindədirlər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən ona vurulmuş 14.423,65 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun onun lehinə tutulması üçün hüquqi əsas qismində müqavilə öhdəliklərinin pozulmasının nəzərə alınmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3873/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında bağlanan 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqaviləyə əsasən cavabdeh tərəf ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 30 saylı ümumi sahəsi 121,3 km.m-dən ibarət mənzili tikib iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam şəkildə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, daha sonra iddiaçı ödədiyi məbləğ üzrə əlavə dəyər vergisinin (ƏDV-nin) ona qaytarılması ilə bağlı ilk növbədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona verilən elektron qaimə-faktura ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ƏDV-nin qaytarılması ilə bağlı müraciət etsə də, sonuncu tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona dəyən zərərin əvəzi kimi 14.423,65 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun ona geri qaytarılmasını tələb edir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısı”na dair müqavilə 01 aprel 2024- cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı, yəni hazırki iş üzrə iddiaçı 315.380 manat məbləğində pul vəsaitini satıcının bank hesabına köçürülməsini öz öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi hər iki tərəf üzərinə düşən öhdəliyi yerinə yetirmişdir, belə ki, iddiaçı tərəfindən tələb olunan pul vəsaiti cavabdehə ödənilmiş, cavabdeh tərəfindən isə müqavilədə nəzərdə tutulan mənzil tilkilib iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmasını (hansı ki, iddia edir ki, cavabdeh onun tərəfindən ödənilən pul vəsaitini nağdsız formada əldə etməli idi) və bunun nəticəsində də ona ödənilməli olan ƏDV məbləğini ala bilməməsini iddia etsə də, məhkəmə tərəfindən cavabdehin müqavilə şərtinin pozulması halları aşkar edilməmişdir. Belə ki, müqavilədə birbaşa olaraq göstərilmişdir ki, alıcı pul vəsaitini satıcının bank hesabına köçürməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından isə göründüyü kimi ilk növbədə iddiaçı tərəf pul vəsaitini müqavilənin təsdiq edildiyi notariusun depozit hesabına köçürmüş, bundan sonra cavabdeh isə həmin pulu məxaric edərək nağd şəkildə əldə etmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. Həmin Fərmanın 5.3-cü maddəsinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Habelə, 6.1-ci maddəyə müvafiq olaraq müəyyənləşdirilmişdir ki, Azərbaycan Pespublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirilmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Eyni zamanda, sözügedən Fərmanın “Qeydlər” hissəsində də qeyd edilmişdir ki, 1) yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə qaytarılır; 2) alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir; 3) alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi alınan sahənin dəyəri nağdsız qaydada tam şəkildə ödənildikdən sonra 90 gün müddətində ƏDV-nin qaytarılması üçün müraciət edildiyi halda qaytarıla bilər. Hazırki iş üzrə isə alınan yaşayış sahəsinin dəyəri satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyindən, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırması əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Göründüyü kimi pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Belə olan halda da qanunvericiliyin tələbinə əsasən nağd şəkildə ödənilən pul vəsaiti üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Hətta iş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması ilə bağlı AR İN Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, onun tərəfindən ödənişin nağdsız şəkildə həyata keçirilməsinə dair sənəd təqdim edilmədiyi üçün, əlavə olaraq verilən vaxt ərzində də iddiaçı tərəfindən çatışmamazlıq aradan qaldırılmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı almış olduğu əmlakın dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir. Bu halda cavabdeh tərəf vergidən yayınmamış, öz üzərinə düşən öhdəliyini icra etmişdir (icra etməmiş olsa da belə bu artıq müvafiq vergi orqanı ilə cavabdeh arasında mübahisəyə keçməlidir). İddiaçının tələb etmiş olduğu ödənilmiş vergidən ona düşən hissənin alınması isə vergi orqanın iddiaçıya ödənilməsi nəzərdə tutulan vəsait olmaqla cavabdeh tərəfindən ödənilməsi demək deyildir. Burada iddiaçı yalnız ona dəymiş ziyan kimi iddia versədə (işin əsas mahiyyəti) burada cavabdeh tərəfindən pulun nağd formada çıxarması onun hüququ olmuş və cavabdeh o hüququndan istifadə etmişdir. Bu halda yalnız iddiaçı öz hüquqlarını notariat orqanından tələb etməli pulun ödənilməsini yalnız nağdsız formada həyata keçirməli idi.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv, iddianın isə təmin olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MTK ilə 01 aprel 2024-cü il tarixli, A 2/24 nömrəli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair” müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən, “Satıcı” (cavabdeh) ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı, 30 saylı ümumi sahəsi 121,3 kv.m olan mənzili tikib alıcıya, yəni iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə bunun müqabilində mənzili mülkiyyətinə qəbul edərək onun dəyərini (315.380 AZN) müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən aralarındakı hesablaşmanın nağdsız formada olacağı ilə bağlı razılıq müəyyənləşdirildi. Müvafiq bəndə əsasən, “alıcı” müqavilə ilə razılaşdırılmış məbləğdə pul vəsaitini “satıcı”nın bank hesabına ödəməyi öz öhdəsinə götürür. Müqavilənin notarial qaydada təsdiqi və hesablaşmanın həyata keçirilməsi mərhələsində qeyd olunan pul vəsaiti “Satıcı” tərəfindən bank hesabına qəbul edilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 12 saylı Notariat ofisinin "xxxx" ASC-nin Sənaye filialındakı depozit hesabına köçürüldü. Müqavilənin və qanunvericiliyin tələbinə uyğun formada pul məbləği nağdsız formada notariusun depozit hesabına köçürülsə də, cavabdeh MTK-nın direktoru pulu nağd formada məxaric etmək istədiyini bildirmiş, onun istəyinə uyğun olaraq notarius tərəfindən pulun nağdlaşdırılması üçün ona çek təqdim edilmişdir. Qeyd olunan məqam iddia tələbinin əsaslılığını təsdiq edən hal olmaqla iş üzrə sübutlarla tam təsdiq olunur. Cavabdeh də bu halı inkar etmir və bütün bunlar hazırki işin mübahisələndirilməyən hallarıdır. Alqı-satqıdan sonra əlavə dəyər vergisinin bir hissəsini əldə etmək üçün AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etsə də, hesablaşmanın nağdsız qaydada həyata keçirilməməsinə görə 14432 manat məbləğinə uyğun gələn ƏDV-nin hissəsinin qaytarılmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanlar əlavə dəyər vergisinin bir hissəsinin qaytarılmasından imtina edilməsi ilə cavabdeh tərəfindən müqavilə ilə razılaşdırılmış məbləğin nağd formada qəbul edilməsi arasında səbəbli əlaqənin olduğunu təsdiq edir. Belə ki, əgər cavabdeh müqavilənin 3.1-ci bəndinə riayət etməklə tərəfindən notariusun depozit hesabına köçürülmüş pulu özünün bank hesabına qəbul etsə idi, qeyd olunan məbləğdə pul vəsaitini əldə edə biləcəkdi. Müqavilənin 3.1-ci bəndinə uyğun formada cavabdehlə iddiaçı arasındakı hesablaşmanın nağdsız qaydada həyata keçirilməsi sadəcə müqavilənin deyil, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun imperativ tələbi olmuşdur. Belə ki, həmin qanunun 3.4.14-cü maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. Göründüyü kimi, cavabdeh nəinki müqavilə üzrə hesablaşmanın formasında dair öz öhdəliyini, həmçinin qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və nəticədə iddiaçıya 14.432,65 manat məbləğində əldən çıxmış fayda növündə zərər dəymişdir Məhkəmə iddianın rədd edilməsi barədə mövqeyini əsaslandırarkən iddiaçının notariusa şifahi şəkildə pulu cavabdehin bank hesabına köçürməli olduğunu şifahi surətdə bildirmədiyini, cavabdeh tərəfindən pulun nağd qəbul edilməsinin onun hüququ olduğunu, pulun notariusun depozit hesabına köçürülməsi ilə müqavilə üzrə öhdəliklərin elə iddiaçı tərəfindən pozulduğunu qeyd etmişdir. Aşağıda qeyd olunanlar iddia tələbinin tam əsaslandırılmış olduğunu, məhkəmənin mövqeyinin isə tamamilə qanunsuz və əsassız olduğunu təsdiq etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirməkdədir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə həsr olunan Mülki Məcəlləsinin 443.1-ci maddəsi iddia tələbinin və apellyasiya şikayətimin hüquqi əsasını təşkil edir. İşin faktiki halları bölməsində qeyd etdiyi kimi, müqavilənin və qanunvericiliyin imperativ tələblərinə əsasən cavabdehlə aralarında bağlanılmış alqı-satqı müqaviləsi üzrə hesablaşmanın nağdsız formada həyata keçiriləcəyi razılaşdırılmışdı. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı, yəni iddiaçı müqavilə ilə razılaşdırılmış pul vəsaitini satıcının yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürmüşdü. Müqavilənin həmin bəndi ilə iddiaçının pul vəsaitini nağdsız qaydada cavabdehin bank hesabına köçürmək öhdəliyi, eyni zamanda cavabdehin də həmin məbləği nağdsız qaydada bank hesabına qəbul etməsi öhdəliyini şərtləndirmişdi. Əks halda, cavabdeh tərəfindən pulun nağdsız qaydada qəbul etməkdən yayınması iddiaçının öhdəliyinin icrasını da mümkünsüz etməklə müqavilə üzrə razılığın pozulmasına gətirib çıxara bilərdi. Müqavilənin notarial təsdiqi mərhələsində cavabdehlə razılaşdırılmış məbləğdə pul vəsaiti cavabdeh tərəfindən özünün bank hesabına köçürülməsi yolu ilə qəbulu üçün notariusun depozit hesabına köçürüldü. Göründüyü kimi, belə olan halda iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə müqavilə üzrə hər hansı öhdəliyin pozuntusundan söhbət gedə bilməz. İddiaçı müqavilənin 3.1-ci bəndinə uyğun olaraq pulun cavabdehin bank hesabına köçürülməsi, sonuncunun pulu nağdsız formada qəbul etməsi məqsədilə pulu notariusun depozit hesabına köçürdü. İddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi həmin bəndin tələbini pozmur və “Notariat fəaliyyəti haqqında” AR Qanununun tələblərindən irəli gəlir. Belə ki, həmin Qanunun 74-cü maddəsinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Lakin cavabdeh bu zaman iddiaçıya məlum olmayan səbəbdən pulu nağd formada məxaric etmək istədiyini notariusa bildirmişdir. Bu məqam notariusun iddiaçının sorğusuna ünvanladığı cavab məktubu ilə də öz təsdiqini tapmışdır və cavabdeh tərəfindən qəbul edilməklə işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, cavabdeh pul vəsaitini nağd formada məxaric etməklə müqavilənin 3.1-ci bəndinin tələbini kobud surətdə pozmuş, pulu nağdsız formada bank hesabına qəbul edə biləcəyi halda nağd qaydada məxaric etmək üçün iradə ifadəsini bəyan etmişdir. Alqı-satqı həyata keçirildikdən sonra ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin əldə olunması məqsədilə iddiaçı Dövlət Vergi Xidmətinə müraciət etdiyi zaman hesablaşmanın nağdsız formada həyata keçirilməməsi əsası ilə bundan imtina edilmişdir. İmtina barədə qərar iş materiallarına əlavə olunmuşdur. Halbuki, cavabdeh müqavilə üzrə razılığa uyğun hərəkət edərək müqavilənin 3.1-ci bəndinin tələbinə uyğun formada pulu nağdsız formada bank hesabına qəbul etsə idi, o, 14432 manat məbləğində əlavə dəyər vergisi hissəsini əldə edə biləcəkdi. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin pozulması səbəbindən (3.1-ci bəndə əsasən cavabdehin də pulu nağsız formada qəbul etmək öhdəliyi mövcud idi) iddiaçı qeyd olunan məbləğdə əlavə dəyər vergisini əldə etməkdən məhrum oldu. Bu da cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbilə iddiaçıya əldən çıxmış fayda növündə zərərin vurulduğunu, vurulmuş zərərin əvəzinin cavabdehdən iddiaçının lehinə tutulmasının zəruri olduğunu təsdiq etməkdədir. Mülki Məcəlləsinin 404.1-ci maddəsinin tələbi məhkəmələr tərəfindən müqavilənin zahiri, hərfi təfsirinin yanlış olduğunu, məhkəmə tərəfindən mövcud vəziyyətin və işin hallarının tam və hərtərəfli nəzərə alınmasının zəruriliyini göstərsə də, birinci instansiya məhkəməsi müqavilənin 3.1-ci bəndinə hüquqi qiymət verərkən qeyd olunan tələbləri kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə müvafiq bəndə əsasən alıcının pul vəsaitini satıcının bank hesabına nağdsız qaydada köçürülməli olduğu halda alıcının pulu notariusun depozit hesabına köçürülməklə guya elə birinci iddiaçının özü tərəfindən müqavilə üzrə öhdəliyinin pozulduğunu, ona görə də zərərin əvəzini istəməkdə haqlı olmadığını vurğulamışdır. Yuxarıda qeyd etdiyi kimi, müvafiq bənd aralarındakı hesablaşmanın nağdsız formada olacağını bəyan etməklə sadəcə iddiaçının pulun bank hesabına köçürülməsi barədə öhdəliyini deyil, eyni zamanda cavabdehin də həmin pulu nağdsız formada bank hesabına qəbulu öhdəliyini şərtləndirmişdir. İddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi həmin bəndin tələbini pozmur və “Notariat fəaliyyəti haqqında” Qanununun tələblərindən irəli gəlir. Belə ki, həmin qanunun 74-cü maddəsinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Cavabdeh müqavilənin və qanunvericiliyin tələblərinə uyğun formada həmin pul məbləği nağdsız formada bank hesabına qəbul etsə idi, müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş razılıq icra olunacaqdı. Halbuki cavabdeh bundan aşkar formada yayınmış, notariusun depozit hesabındakı pulu nağd formada məxaric etməklə müqavilə üzrə öhdəliyini kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsi bu məqama diqqət yetirməmiş, müqavilənin 3.1-ci bəndini sadəcə hərfi formada təfsir etməklə maddi hüququn tətbiqində kobud pozuntuya yol vermişdir. İddia ərizəsində də qeyd etdiyi kimi, cavabdehlə aralarında bağlanılmış müqavilə üzrə hesablaşmanın nağdsız qaydada həyata keçiriləcəyi barədə tələb sadəcə müqavilə öhdəliklərindən deyil, eyni zamanda qanunvericiliyin imperativ tələbindən irəli gəlməkdədir. Yəni, qanunvericilik cavabdehə yaşayış və qeyri-yaşayış sahələrinin satışından irəli gələn münasibətlər üzrə hesablaşmanın nağd qaydada olması hüququnu tanımır. Qeyd olunan maddənin tələbindən bu zaman hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsinin mümkünlüyü, nağd formada hesablaşmanın istisna edildiyi açıq aydın görünməkdədir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması barədə öz mövqeyini əsaslandırarkən cavabdehin pulu nağd şəkildə məxaric etmək hüququnun olduğunu, bu hüququndan istifadə etdiyinə görə iddiaçıya hər hansı dəymiş zərərdən söhbət getmədiyini qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi əsaslandırma hissəsində bu mənada kobud pozuntuya yol vermiş, qanunvericilik tərəfindən cavabdehə qadağan edilən hərəkətin (nağd qaydada hesablaşmanı həyata keçirməyin) onun hüququ olduğunu qeyd etmişdir. Cavabdeh sadəcə müqavilə üzrə razılaşmanın deyil, eyni zamanda qanunvericiliyin tələbini kobud surətdə pozmuş, lakin birinci instansiya məhkəməsi bu məqama diqqət yetirməyərək daha bir kobud pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi özünün qanunsuz və əsassız mövqeyini əsaslandırmağa çalışarkən iddiaçı tərəfindən notariat orqanına hesablaşma zamanı cavabdehin bank hesabına nağdsız formada köçürmə edilməsi barədə şifahi məlumatın verilmədiyini qeyd etmişdir. Belə ki, həmin qətnamənin əsaslandırma hissəsində məhkəmə aşağıdakıları qeyd etmişdir: “İddiaçı almış olduğu əmlakın dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir.” Halbuki müqavilə üzrə hesablaşmanın hansı formada həyata keçirilməli olduğu artıq müəyyənləşdirilmişdi. Bu vaxt iddiaçının yenidən şifahi formada nəyisə bildirmək barədə öhdəliyinin mövcuduğundan söhbət gedə bilməz. Nə müqavilədə, nə də hansısa qüvvədə olan hüquq normasında belə bir öhdəliyinin mövcud olması göstərilməmişdir. Öhdəliyin yaranma əsasları qeyd olunan maddədə sadalanmışdır. Cavabdehlə aralarındakı mövcud münasibətlər müqavilədən irəli gəldiyindən öhdəliklərinin yaranma əsası qismində məhz müqavilə çıxış etmişdir. Bu zaman iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri tam icra edilmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə hesablaşmanın nağdsız formada həyata keçirilməli olması barədə öhdəlik kobud surətdə pozulmuşdur. Təsadüfi deyildir ki, məhkəmə iddiaçını notariat orqana hesablaşma barəsində əlavə şifahi nəyisə bildirməli olduğu barədə öhdəliyinin nədən qaynaqlandığı, bunun hüquqi əsası qətnamədə qeyd olunmamışdır. Məhkəmə əsaslandırımamış və qanunvericiliyin tələblərinə zidd mövqe nümayiş etdirmişdir. İşin hallarının tam və hərtərəfli araşdırılması mübahisəyə düzgün hüquqi qiymət verilməsinin əsasında dayanmaqla məhkəmə baxışının əsas prinsiplərini əmələ gətirir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilən işin halları düzgün qiymətləndirilməmiş, tam və hərtərəfli baxış prinsipləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində müqavilə qiymətinin satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyini, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Göründüyü kimi, pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının notariusun depozit hesabına pul köçürməyini ödənişin nağd formada həyata keçirilməsi kimi qiymətləndirməsi tamamilə absurd olmuşdur. Alıcı kimi iddiaçı notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə əməl etməklə pulu depozit hesabına köçürməli idi. Bu zaman qarşı tərəf müqavilənin tələblərinə riayət etməklə pulu nağdsız formada bank hesabına qəbul etsə idi, aralarındakı hesablaşma nağdsz formada həyata keçirilmiş olacaqdı. Birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə, hesablaşmanın nağd formada həyata keçirilməsinin səbəbi iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi deyil, cavabdehin pulu nağd şəkildə məxaric etməsi olmuşdur. Odur ki, burada iddiaçı tərəfindən ödənişin nağd formada həyata keçirilməsindən söhbət belə gedə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verə bilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
15.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
16.“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.4 və 3.4.14. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər.
17. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 74. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödənilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparmaqla iddianın əsaslı olubolmamasına hüquqi qiymət verilməlidir. Çünki mübahisənin qanuni həlli məhz iddianın nə dərəcədə əsaslı olmasından asılıdır. Qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhv buraxmış, eləcə də müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
27. Əvvəla, tərəflər arasında 01 aprel 2024-cü il tarixli müqavilə bağlanması, müqavilədə göstərilən mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, həmin mənzilin dəyəri kimi iddiaçının cavabdehə 315000(üç yüz on beş min) manat ödəməsi, bu məbləğin iddiaçı tərəfindən notariusun depozit hesabına mədaxil etməsi, sonradan notariusun məktubu əsasında cavabdeh MTK-nın direktorunun həmin vəsaiti nağd formada məxaric etməsi, bu məbləğin vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləğinin 48108,82 manat olması, qaytarılacaq ƏDV-nin məbləğinin 14432,65 manat, yəni iddia tələbində göstərilən məbləğlə eyni olması, Dövlət Vergi Xidməti hesablaşmanın nağdsız qaydada həyata keçirilməməsinə görə ƏDV-nin qaytarılacaq hissəsinin qaytarılmasından imtina etməsi və həmin məbləğin iddiaçıya qaytarılmaması işin tam mübahisəsiz halıdır. Başqa sözlə bu halları tərəflər hər hansı bir formada mübahisələndirmir.
28. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətində iddiaçının notariusa pulu cavabdehin bank hesabına köçürməli olduğunu şifahi surətdə bildirmədiyini, cavabdeh tərəfindən pulun nağd qəbul edilməsinin onun hüququ olduğunu, pulun notariusun depozit hesabına köçürülməsi ilə müqavilə üzrə öhdəliklərin elə iddiaçı tərəfindən pozulduğunu göstərmişdir.
29. Hazırkı iddia tələbinin qanuni əsası kimi müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutan Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edə bilər. Çünki həm müqavilənin və qanunvericiliyin imperativ tələbinə əsasən alqı-satqı müqaviləsi üzrə hesablaşma satıcının bank hesabına köçürülməli idi. Buna görə də tərəflər müqavilənin (Ödəmə Şərtləri hissəsində) 3.1-ci bəndində razılığa gəliblər ki, alıcı, yəni iddiaçı müqavilə ilə razılaşdırılmış pul vəsaitini satıcının yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürür. Müqavilənin həmin şərti yalnız iddiaçı-alıcının öhdəliyi ilə əhatə olunmamış və məhdudlaşdırılmamışdır. Cavabdeh satıcının da notariusun depozit hesabına nağdsız ödənilmiş həmin vəsaiti öz bank hesabına yerləşdirmək kimi öhdəliyi olmuşdur. Əks halda, cavabdeh tərəfindən pulun nağdsız qaydada qəbul etməkdən yayınması iddiaçının öhdəliyinin icrasını da mümkünsüz etməklə müqavilə üzrə razılığın pozulmasına gətirib çıxara bilərdi.
30. Alqı-satqı müqaviləsinin notarial təsdiqi mərhələsində mənzilin dəyəri kimi razılaşdırılmış vəsait alıcı tərəfindən müqavilənin 3.1-ci bəndinin tələbinə əsasən satıcının bank hesabına köçürülməsi və sonuncunun da həmin vəsaiti nağdsız formada qəbul etməsi məqsədi ilə notariusun depozit hesabına köçürülmüşdü. Demək iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi müqavilənin həmin şərtini poza bilməzdi, həm də bu qayda “Notariat haqqında” Qanunun 74-cü maddəsinin imperativ tələbindən irəli gəlirdi. Başqa sözlə, bu cür əməliyyatlar üzrə müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Göründüyü kimi, iddiaçı tərəfindən həm müqavilənin 3.1-ci bəndindəki razılaşdırılmış şərtə, həm də “Notariat haqqında” Qanunun 74-cü maddəsinin imperativ tələbinə əsasən aldığı mənzilə görə ödədiyi vəsaitin cavabdehin bank hesabına köçürülməsi və həmin məbləğin hesaba çatması üçün bütün qaydalara riayət etməklə öhdəliyini tam və qüsursuz icra etmişdir. Əksinə cavabdeh satıcı həm müqavilənin qeyd olunan şərtini, həm də qanunvericiliyin imperativ tələbini pozaraq ödənilən vəsaitin özünün bank hesabına köçürülməsini əngəlləyərək notariusun depozit hesabından nağd formada məxaric etməklə müqavilədən və qanundan irəli gələn öhdəliyini pozmaqla iddiaçıya əldən çıxmış fayda formasında zərər vurmuş, yəni qaytarılacaq ƏDV-nin məbləğindən məhrum etmişdir. Halbuki, cavabdeh müqavilə üzrə razılığa uyğun hərəkət edərək müqavilənin 3.1-ci bəndinin tələbinə uyğun formada pulu nağdsız formada bank hesabına qəbul etsə idi, iddiaçı 14432 manat məbləğində əlavə dəyər vergisi hissəsini əldə edə biləcəkdi.
31. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(MM.404.2). Apellyasiya baxışı zamanı da iddiaçının izahatlarından bəlli oldu ki, əslində o, müqavilə bağlanana qədər də cavabdeh MTK-nın rəhbərliyi ilə mənzilə görə ödəyəcəyi vəsaitin bir hissəsinin həm də bankdan götürdüyü kredit hesabına olduğuna görə qaytarılacaq ƏDV-nin məbləği ilə bağlı danışıqlar aparıb razılığa gəlmiş və cavabdehin buna hər hansı bir etiraz olmamışdır. Demək ki, tərəflərin iradə ifadəsinin həqiqi mənasına görə qaytarılacaq ƏDV-nin məbləği üzrə razılıq olmuş və cavabdeh ödəniləcək məbləğin məhz bank hesabına köçürüləcəyinə həm də müqavilənin qeyd olunan bəndindəki şərtinə görə razılıq və bir növ təminat vermişdir. Əks halda iddiaçının bu cür, yəni qaytarılacaq ƏDV-nin məbləği ilə bağlı gözləntisi olmasa idi müqavilədə də bağlamaya bilərdi. Birinci instansiya məhkəməsinin alıcının pul vəsaitini satıcının bank hesabına nağdsız qaydada köçürülməli olduğu halda notariusun depozit hesabına köçürməklə iddiaçının özü tərəfindən müqavilə üzrə öhdəliyinin pozduğunu, ona görə də zərərin əvəzini istəməkdə haqlı olmadığını vurğulaması açıq-aşkar yanlış və hüquqa uyğun olmayan bir yanaşma olmuşdur. Çünki müqavilənin həmin şərti tərəflərin iradə ifadəsinin həqiqi mənasına görə həm də cavabdehin öhdəliyini ehtiva edir. Ancaq cavabdeh müqavilənin həmin şərtində nəzərdə tutulan öhdəliyini icra etmədən notariusun depozit hesabından bank hesabına köçürülməli olan həmin vəsaiti nağdlaşdıraraq məxaric etmişdir. Bir daha vurğulanır ki, iddiaçı tərəfindən satıcının bank hesabına nağdsız qaydada köçürülməsi üçün vəsait notariusun depozit hesabına ödənilmişdir. Bu hal müqavilə üzrə öhdəliyin pozulması demək deyil. Məhkəmənin bu mövqeyi cavabdehin aşkar formada yayınaraq notariusun depozit hesabındakı pulu nağd formada məxaric etməklə müqavilə üzrə öhdəliyini kobud surətdə pozmasına haqq qazandırmışdır. Bu cür yanaşma isə ədaləti təmin etmir.
32. Bundan əlavə, bağlanılmış müqavilə üzrə hesablaşmanın nağdsız qaydada həyata keçiriləcəyi barədə tələb sadəcə müqavilə öhdəliklərindən deyil, eyni zamanda qanunvericiliyin imperativ tələbindən irəli gəlir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4 və 3.4.14-cü maddəsinin tələbinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq daşınmaz əmlakın alqısatqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər və hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. Yəni, qanunvericilik cavabdehə yaşayış və qeyri-yaşayış sahələrinin satışından irəli gələn münasibətlər üzrə hesablaşmanın nağd qaydada olması hüququnu tanımır. Deməli qeyd olunan maddənin tələbinə görə hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub, nağd formada hesablaşma isə istisna edilib. Ancaq birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması barədə öz mövqeyini əsaslandırarkən həm də cavabdehin pulu nağd şəkildə məxaric etmək hüququnun olduğunu, bu hüququndan istifadə etdiyinə görə iddiaçıya hər hansı dəymiş zərərdən söhbət getmədiyini qeyd etmişdir. Demək, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasının tələbini pozub, yəni qanunla qadağan edilən hərəkətin (nağd qaydada hesablaşmanı həyata keçirməyin) cavabdehin hüququ olduğunu qeyd etmişdir. Cavabdeh sadəcə müqavilə üzrə razılaşmanın deyil, eyni zamanda qanunvericiliyin tələbini kobud surətdə pozmuş, lakin birinci instansiya məhkəməsi bu məqama diqqət yetirməyərək daha bir kobud pozuntuya yol vermişdir. 33.Birinci instansiya məhkəməsi özünün mövqeyini əsaslandırmağa çalışarkən iddiaçı tərəfindən notariat orqanına hesablaşma zamanı cavabdehin bank hesabına nağdsız formada köçürmə edilməsi barədə şifahi məlumatın verilmədiyini qeyd etmişdir. Qətnamədə qeyd olunur ki: “İddiaçı almış olduğu əmlakın dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir.” Müqavilədə hesablaşmanın hansı formada həyata keçirilməli olduğu artıq müəyyənləşdirilmişdi. Ona görə də müqavilə bağlanarkən iddiaçının yenidən şifahi formada nəyisə bildirmək barədə öhdəliyinin mövcuduğundan söhbət gedə bilməz. Nə müqavilədə, nə də hansısa qüvvədə olan hüquq normasında belə bir öhdəliyinin mövcud olması göstərilməmişdir. Tərəflər arasındakı mövcud münasibətlər müqavilədən irəli gəldiyindən öhdəliklərinin yaranma əsası qismində məhz müqavilə çıxış etmişdir. Bu zaman iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri tam icra edilmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə hesablaşmanın nağdsız formada həyata keçirilməli olması barədə öhdəlik kobud surətdə pozulmuşdur. Təsadüfi deyildir ki, məhkəmə iddiaçını notariat orqanına hesablaşma barəsində əlavə şifahi nəyisə bildirməli olduğu barədə öhdəliyinin nədən qaynaqlandığı, bunun hüquqi əsasını qətnamədə qeyd etməmişdir.
34. Göstərilənlərdən başqa, birinci instansiya məhkəməsi qətnamədə müqavilə qiymətinin satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyini, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının notariusun depozit hesabına pul köçürməyini ödənişin nağd formada həyata keçirilməsi kimi qiymətləndirməsi düzgün yanaşma olmamışdır. Alıcı kimi iddiaçı qanunvericiliyin tələblərinə əməl etməklə pulu depozit hesabına köçürməli idi. Bu zaman qarşı tərəf müqavilənin tələblərinə riayət etməklə pulu nağdsız formada bank hesabına qəbul etsə idi, aralarındakı hesablaşma nağdsz formada həyata keçirilmiş olacaqdı. Birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə, hesablaşmanın nağd formada həyata keçirilməsinin səbəbi iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi deyil, cavabdehin pulu nağd şəkildə məxaric etməsi olmuşdur. Odur ki, burada iddiaçı tərəfindən ödənişin nağd formada həyata keçirilməsindən söhbət belə gedə bilməz. Təsadüfü deyil ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2 və 2.4-cü bəndində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməyi Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyinə tapşırmışdır. Fərmanın qeyd olunan bəndi həm də Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alınmasını təşviq etmək olmuşdur. Çünki bu qayda həm də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlar baxımından da iddianın əsaslı olduğu bir daha təsdiq olunur. 35.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin imperativ tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda öhdəliklərin icrası zamanı vicdanlılıq, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
36. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3873/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; Cavabdeh MTK-dan 14.423,65 (on dörd min dörd yüz otuz iki manat altmış beş qəpik) manat və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq İddiaçı ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3873/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh MTK-dan 14.423,65 (on dörd min dörd yüz otuz iki manat altmış beş qəpik) manat və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.