Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-945/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-130/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, onunla cavabdehin birgə nikahından doğulmuş övladlarının – xx.xx.2007-cı il təvəllüdlü Əmrahın və xx.xx.2009-cu il təvəllüdlü Əlinin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay, hər uşağa görə cavabdehdən onun xeyrinə tutulan 120 manat (cəmi 240 manat) sabit pul məbləğində alimentin artırılaraq hər uşağa görə 250 manat (cəmi 500 manat) sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2006cı il tarixli nikahın pozulması, nikahından doğulmuş hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması və sair məsələlər qət edilmişdir. Buna baxmayaraq cavabdeh alimenti vaxtında ödəmir. Bu və uşaqların yaşının artması ilə uşaqlarının tələbatlarının artması səbəbindən, iddiaçı, qeyd edilən məbləğlə uşaqların xərclərini qarşılaya bilmir. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan sabit alimentin məbləği artırılmalı və uşağa görə 250 manat məbləğində müəyyən edilməlidir.
b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə hər ay tutulan alimentin miqdarının dəyişdirilməsini və hər uşağa görə 193 manat (cəmi 386 manat) sabit pul məbləğində müəyyən edilməsini, bu məbləğdə alimentin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların yaşı artdıqca tələbatları da artır və məhkəmə qətnaməsi ilə təxminən 6 il əvvəl müəyyən edilmiş alimentin məbləği (hər uşağa gərə 120 manat, cəmi 240 manat) uşaqların xərclərini ödənilməsində iddiaçıya hazırda çətinlik yaradır. Bundan başqa nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin hər uşağa görə 150 manat, cəmi isə 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, hazırda Rusiya Federasiyasında yaşayan iddiaçının daimi qazancı yoxdur. Cavabdehin 4 müxtəlif banka və iddiaçının özünə 5.000 manata yaxın aliment borcu var. Cavabdeh, aliment ödəməkdən imtina etmir, lakin Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş cəmi 386 manat məbləğində alimenti ödəməyə maddi imkanı olmayacaq. Buna görə də, o, alimentin cəmi 300 manat məbləğində müəyyən edilməsini xahiş edir.
d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
e) apellyasiya baxışının hədləri barədə məlumat
9. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Qeyd edilən prosessual hüquq normasının tələbini, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş cavabdehin qətnaməni yalnız alimentin məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirməsini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslığını yoxlamamışdır.
f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmışlar. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(010)-130/2016) ilə onların arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması və sair məsələlər qət edilmişdir.
13. İddiaçı bildirir ki, cavabdeh alimenti vaxtında ödəmir. Bu və uşaqların yaşının artması ilə uşaqlarının tələbatlarının artması səbəbindən, o, qeyd edilən məbləğlə uşaqların xərclərini qarşılaya bilmir. Buna görə də o, hesab edir ki, cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan sabit alimentin məbləği artırılmalı və hər uşağa görə 250 manat məbləğində müəyyən edilməlidir.
14. İddiaçı, iş üzrə Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən qəbul edilməlidir ki, o, cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan sabit alimentin məbləği artırılaraq hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsi bağlı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır.
15. Rayon Məhkəməsinin alimentin məbləği ilə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh isə xahiş edir ki, ondan iddiaçının xeyrinə tutulmalı olan aliment hər uşağa görə 150 manat, cəmi isə 300 manat məbləğində müəyyən edilsin.
16. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh bu təklifini onunla əsaslandırır ki, o, hazırda Rusiya Federasiyasında yaşayır və daimi qazancı yoxdur. Onun 4 müxtəlif banka və iddiaçının özünə 5.000 manata yaxın aliment borcu var. Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş cəmi 386 manat məbləğində alimenti ödəməyə maddi imkanı olmayacaq.
17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).
19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
20. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
23. Məhkəmə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Hazırki işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 193 manat olmuşdur.
24. Eyni zamanda nəzərə alınmalıdır ki, ötən 6 il ərzində uşaqların xərclərinin artması anlaşılandır.
25. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşağa görə 193 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Çünki cavabdehin maliyyə vəziyyətinin ağır olması cavabdehi övladlarını saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur.
26. Bununla da apellyasiya baxışının nəticəsi olaraq müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil etdiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığına görə qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
32. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti (386-300=86 manat; 86 manat x 12 ay=) 1.032 manat təşkil edir.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.