Məhkəmə qərarları › İş №2(103)-945/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-945/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-945/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, zərərin məbləğinin qiymətləndirilməsi, sığorta ödənişi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 2003-cü il buraxılışlı, “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil X1, “Hyundai Sonata” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh mülkiyyətindədir.

2. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə onun oğlu İddiaçı “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.

3. xx.xx.2022-ci il tarixdə saat 21:35 radələrində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə avtomobillərə ziyan dəymişdir.

4. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə barədə” qərarı ilə Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, o, 60 manat cərimə olunmuşdur.

5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət nömrə nişanlı avtomobilin cəmi təmir xərcləri 7923 manat təşkil edir.

6. “Hyundai Sonata” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmış, “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə həmin sığorta şirkəti tərəfindən İddiaçı 5000 manat ödənilmişdir.

7. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”a və sığorta aktına görə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 5040,68 manat məbləğində hesablanmışdır.

8. İddiaçı "xxxx" ASC-nə ünvanladığı (xx.xx.2022-ci il tarixdə həmin ASC-nə çatdırılmış) xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, “ona göndərilən SMS-də avtomobilinə 5040 manat ziyan dəydiyi göstərilmişdir, halbuki avtomobilinə 8000 manatdan çox ziyan dəymişdir. Lakin dərhal 5000 manat sığorta ödənişinin ödənilməsinə etiraz etmirəm”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən zərərin əvəzi olaraq 4923 manatın, həmçinin 70 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E320” markalı ** GU *** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospekti və Vaqif prospektinin kəsişməsində hərəkətdə olarkən cavabdehin idarə etdiyi “Hyundai Sonata minik” markalı ** OY *** qeydiyyat nişanlı avtomobil işıqforun qadağan edici işarəsi verilərkən hərəkəti davam etdirmiş, nəticədə onun avtomobili ilə toqquşmuşdur. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına görə, onun avtomobilinə 7923 manat məbləğində zərər dəymiş, "xxxx" ASC tərəfindən icbari sığortaya görə 5000 manat zərərin əvəzi ona ödənilmişdir. Zərərin əvəzinin ödənilməyən hissəsi 2923 manat təşkil edir və bu məbləğin dönilməsini tələb edir. Tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Digər tərəfdən, 2022-ci ilin mart ayından etibarən avtomobilsiz qalmış, bu müddət ərzində taksidən və rentacardan istifadə nəticəsində ona əlavə 2000 manat məbləğində zərər dəymişdir.

11. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli rəyində göstərmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı, “Mercedes Benz E320” markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7593 manat müəyyən edilir.

12. Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ona dəymiş ziyan məbləğini şişirtmişdir, ekspert rəyində göstərilən rəqəmlər də həqiqəti əks etdirmir.

13. Məhkəmənin 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2593 manat məbləğində ziyanın əvəzinin və 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 52,67 manatının Cavabdeh, 47,33 manatının İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi zərərin məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməli, rəylə müəyyən edilmiş 7593 manat məbləğində pul vəsaitindən "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat çıxılmalı, 2593 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096-cı, 1097.1-ci, 1108.1-ci, 1115-ci maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin həddindən artıq şişirdildiyi, məhkəmənin isə əsassız ekspert rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

18. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, məhkəmənin sorğusu əsasında "xxxx" ASC-dən göndərilən sənədlərdən iddiaçının avtomobilinə 5040,68 manat ziyan dəydiyinin və onun özünün də bu məbləğlə razılaşdığının müəyyən olunduğunu, bu səbəblə də iddianın rədd edilməli olduğunu bildirmişdir.

19. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, lakin ərizələr göndərərək işə iştirakı olmadan baxlmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İddiaçı yol-nəqliyyat hadisəsinin baş vermə anını əks etdirən videogörüntünü və hadisədən sonra avtomobilinin vəziyyətini əks etdirən fotoşəkli də ərizəsinə əlavə etmişdir.

21. Apellyasiya baxışı zamanı təkrar avtotexniki və təkrar əmtəəşünaslıq ekspertizaları təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş, lakin adı çəkilən qurumun eksperti “videogörüntülərə və fotoşəkillərə əsasən nəqliyyat vastələrinin tam şəkildə hansı hissələrinin zədələnməsinin müyyən edilməsinin mümkün olmadığı”nı əsas göstərməklə tədqiqat aparmaqdan imtina etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

26. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

27. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

28. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.

29. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

30. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

31. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

32. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

33. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

34. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

35. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Qanun

40. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925- 1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

41. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

42. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

43. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, o, qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını istəsə də, əslində onun şikayəti qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kollegiya, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

54. Belə ki, yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş qüsur aktında “Mercedes Benz 320” minik markalı ** GU *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 7923 manat müəyyənləşdirilmiş, həmin qüsur aktını əsas götürərək tədqiqat aparan ekspert isə bu məbləğin təxminən 7593 manat ola biləcəyi nəticəsinə gəlmişdir .

55. Ziyanın məbləği ilə bağlı "xxxx" ASC-nin tərtib etdiyi sığorta aktının əsas götürülməli olduğu barədə cavabdehin nümayəndəsinin arqumentini kollegiya əsaslı hesab etmir.

56. Belə ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat (§ 43) sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağı (§ 31, 32), zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyi təsbit edilmişdir (§ 35).

57. İşin hallarından görünür ki, “Hyundai Sonata” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalamış "xxxx" ASC-dən 5000 manatadək sığorta ödənişi tələb etmək hüququna sahib olan iddiaçı (§ 43) həmin şirkətin müəyyənləşdirdiyi zərər məbləği ilə razılaşmamış və bunu yazılı şəkildə bəyan etmiş, lakin sığorta şirkətindən ala biləcəyi maksimum məbləğ 5000 manat olduğundan ödəniş məbləğini qəbul etmişdir.

58. Başqa sözlə, ziyanın məbləği ilə bağlı iddiaçı və sığorta şirkəti arasında mübahisə yaranmasına zərurət qalmamışdır; çünkü ziyanın 5000 manatdan artıq hissəsi üçün sığorta şirkətinin məsuliyyət daşımadığı qanunvericiliyin tələbidir.

59. Bu kontekstdə kollegiyanın qənaətinə görə, nə qədər ki, iddiaçı, sığorta şirkətinin ona ödəməli olduğu 5000 manatı qeyd-şərtlə qəbul etmişdir, bu hal onun sonradan cavabdehə qarşı iddia qaldırmasının hüquqdan sui-istifadə kimi qiymətləndirilməsini istisna edir.

60. Ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut da apellyator tərəfindən təqdim edilməmişdir.

61. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-145/2023 saylı iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 2593 manat məbləğində ziyanın əvəzinin və 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 52,67 manatının Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar