Məhkəmə qərarları › İş №2(103)-9450/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9450/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9450/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "Yelo bank” ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4010/2021 saylı işi üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Yelo Bank” ASC-nin xeyrinə 11.09.2007-cü il tarixli kredit müqaviləsi üzrə 240,04 manat faiz borcu və 46,99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 287,03 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.09.2007-ci il tarixində kredit verilməsi haqqında E89003/07 saylı müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5568 manat məbləğində kredit verilmişdir. "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin 21 aprel 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddia qaldırılan günə Banka əsas borc üzrə 0 manat, kreditin bitmə tarixinə 11 sentyabr 2009-cu il tarixinə faiz borcu üzrə 0 manat təşkil edir. "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 05.04.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hesablanmış borc məbləğinin ödənilməsi 5 (beş) gün ərzində bank tərəfindən tələb edilmiş, əks təqdirdə Cavabdeh müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir (iş.səh.18, 12, 16) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4010/2021 nömrəli 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə, iddia rədd edilmişdir.Qətnamədə Mülki Məcəllənin 385; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Maliyyə arayışdan görünür ki, Cavabdeh banka olan borcunu tam şəkildə ödəmişdir və kreditin bitmə tarixinə 0 manat əsas, faiz borcu üzrə 0 manat məbləğində borcu vardır. Lakin hazırda iddia tələbinə görə iddiaçı tərəfindən tələb edilən 240.04 manat faiz borcu və 46.99 manat cərimə borcunun olması iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan sənədlərlə sübuta yetmədiyindən iddia tələbi rədd olunmalıdır. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4010/2021 saylı 12 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh borcun tutulması barədə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 449.1; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.2, 385.1.4, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh Şiriyev Seymur Ağamirzə oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, ödənişləri vaxtında aparmamış, bu səbəbdən, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdehin iddiaçıya faiz və cərimə borcu hesablanmışdır. Kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən, mücərrəd və ziddiyyətli apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 550-554-cü maddələrinə əsasən : Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Hazırki münasibətlərə dair müddətlərin ötürüldüyü açıq-aşkar müəyyən edilir və öhdəliklərin xitamı üçün müddətin axımının kəsilməsi halları müəyyən edilmir. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "Yelo bank” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4010/2021 nömrəli 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar