Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9453/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(010)-624/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ödənilməmiş 3841,64 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 2545,21 manat faiz, 3338,20 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500,32 manat borc, ümumilikdə 10225,37 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli 1619/14 nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə aid edilməmişdir. Həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 6.16-cu bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır. Həmin tarixə kimi də vətəndaş müraciət etməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda, kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalan Cavabdeh1 14 avqust 2020-ci il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 3841,64 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 2545,21 manat faiz, 3338,20 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500,32 manat borc, ümumilikdə 10225,37 manat məbləğində kredit borcu vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(010)-624/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 dekabr 2014-cü il tarixli 169/14 saylı kredit müqaviləsi üçün 14.08.2020-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) əsas borc üzrə 3832,72 manat, faiz borc üzrə 3149,62 manat, cərimə borcu üzrə 300 manat, ümumilikdə 7282,34 manat məbləğində borcun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 50 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakı təmin edilməmiş, ona görə də işin bır sıra hallarına məhkəmə birtərəfli qaydada qiymət vermişdir. Belə ki, onunla Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi bağlanandan sonra o, bir müddət heç bir gecikmə etmədən hər ay ödəniş etmiş, lakin bank onun 3841,64 manat əsas borcunun olmasını göstərmişdir. O, qətnamədə göstərilən faiz və cərimə ilə razı deyil, hesab edir ki, iş üçün əhəmiyyətli halların araşdırılması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi. Məhkəmə tərəfindən isə prosessual qaydalar pozulmuş, onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc tələbinə aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli N-1619/14 saylı kredit müqaviləsi ilə cavabdehə illik 29 faiz olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 4300 manat məbləğində kredit verilmiş, kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə digər Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin şərtlərindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 30 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay banka 180,19 manat ödəməklə, ümumilikdə 6487 manat qaytarmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun Banka olan borcu 14.08.2020-ci il tarixinə 3841,64 manat əsas, 2545,21 manat faiz, 3338,20 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500,32 manat borc, ümumilikdə 10225,37 manat təşkil etmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli 09/2337 saylı ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və 30 dekabr 2014-cü il tarixli N-1619/14 saylı kredit müqaviləsinin şərtlərini nəzərə almaqla Cavabdeh1 "xxxx" ASC-nə olan borcu 30.12.2017ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə - 3.832,72 manat, faiz borcu üzrə - 2.647,11 manat, 14.08.2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə - 3.832,72 manat, faiz borcu üzrə - 3149,62 manat, 05.11.2020-ci il tarixə (iddia müddətinədək illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə - 3.832,72 manat, faiz borcu üzrə - 3.192,74 manat olmaqla müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən ekspert rəyinə istinad etmiş, 3338,20 manat məbləğində dəbbə pulunu isə cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz surətdə yüksək hesab edərək dəbbə pulunu azaldaraq 300 manat məbləğində müəyyən etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin banka bir müddət hər ay ödənişlər edildiyi halda, 3841,64 manat əsas borcun hesablanması, ödədiyi ödənişlərin nəzərə alınmaması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli 09/2337 saylı ekspert rəyində öz əksini tapmışdır. Belə ki, həmin rəydə göstərilmişdir ki, Cavabdeh1 tərəfindən banka ümumilikdə 15.10.2015-ci il tarixədək 1201,19 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 467,28 manatı əsas borca, 733,91 manatı isə faiz borcuna silinmişdir. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 3841,64 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 3832,72 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğ ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləğindən yüksək olduğu üçün məhkəmə iddia tələbini əsas borca aid hissədə ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmişdir, ona görə də məhkəmənin qətnaməsi əsas borca aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 apellyasiya şikayətində faiz və cərimə məbləğlərinə aid hissədə də qətnaməni mübahisələndirmişdir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faiz borcuna aid hissədə Kollegiya qeyd edir ki, verilmiş ekspert rəyindən müəyyən edilir ki, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 2647,11 manat, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla faiz borcu isə 3149,62 manat olmuşdur. Deməli, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanan borcun (əldən çıxmış faydanın) ekspert rəyinə əsasən, 502,51 (3149,62-2647,11) manat olduğu aydın olur. İddia tələbindən isə görünür ki, iddiaçı müqavilənin bitdiyi tarixə 2545,21 manat faiz, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün isə illik beş faiz olmaqla 500,32 manat faiz borcunun tutulmasını tələb etmişdir. Lakin məhkəmə müqavilənin bitdiyi tarixə faiz və illik 5%-lə hesablanmış borc məbləğinə aid hissədə iddia tələbinə hüquqi qiymət verərkən iddia tələbindən kənara çıxmış, ekspert rəyini əsas tutaraq rəydə əks olunan iddia tələbindən yüksək məbləğdə hesablanmış 3149,62 manat məbləğində faiz borcunun tutulmasını qət etmişdir. Bu məbləğin 2647,11 manat hissəsi müqavilə müddətinin bitdiyi tarixə olan faiz borcu, 502,51 manat hissəsi isə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla olan faiz borcudur. Halbuki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələbindən göründüyü kimi, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, ekspert rəyi ilə müəyyən edilmiş faiz və illik 5%-lə hesablanmış borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün Kollegiya hesab edir ki, iddia tələbi həmin hissələrdə iddia tələbi həcmində təmin edilməlidir, belə olan halda müqavilə müddətinin bitdiyi tarixə olan faiz və illik 5%-lə hesablanmış borca aid hissədə məhkəmənin qətnaməsi dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada müqavilənin bitmə tarixinə hesablanmış 2545,21 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borca görə isə 500,32 manat iddiaçının xeyrinə tutulmalıdır. Cərimə məbləğinə aid hissədə isə görünür ki, məhkəmə 3338,20 manat məbləğində dəbbə pulunu azaldaraq 300 manat məbləğində müəyyən etsə də, iddiaçı bunu mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində cərimə ilə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir, apelyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır. Apellyasiya şikayətinin Cavabdeh1 məhkəmə iclasında iştirakının təmin edilməməsi və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsi ilə bağlı dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi, həmçinin SMS bildiriş göndərilmiş, onun məhkəmə iclasları barədə məlumatı olmuş, hətta 15.02.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, 16.02.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında rayonda olduğu üçün iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və işin düzgün araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsinin məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin olunmasına etirazına baxmayaraq, məhkəmənin 16 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və iş üzrə yuxarıda qeyd olunmuş ekspert rəyi alınmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(010)-624/2021 nömrəli qətnaməsi müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcuna aid hissələrdə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı olan müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu 2545,21 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə tutulmalı məbləğ isə 500,32 manat olmaqla, cəmi faiz borcu 3045,53 manat (üç min qırx beş manat əlli üç qəpik) məbləğində müəyyən edilsin. Qətnamə digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9453/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9453/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver